Sülh və əməkdaşlıq mənfi yanaşmaları “dəfn edir”

post-img

Ursula Fon der Lyayenin Bakı səfəri ilə bağlı qeydlər

Azərbaycan Avropa İttifaqının (Aİ) strateji tərəfdaşıdır. Bu fikir Prezident İlham Əliyevin Bakıda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə istər geniş tərkibdəki görüşünün, istərsə də dövlətimizin başçısının Aİ rəsmisi ilə mətbuata bəyanatının başlıca qayəsini təşkil etdi. Strateji tərəfdaşlığı doğuran səbəblər, həmçinin ona Azərbaycanın öz yanaşması var ki, birinci cəhət barədə yazımızın gedişində, ikinci barədə isə sonda söz açacağıq.

Bəli, xanım Fon der Lyayen dilə gətirdiyi fikirlərlə ölkəmizin “köhnə qitə” üçün əhəmiyyətini son dərəcə parlaq şəkildə ifadə etdi və onun dedikləri bir məqamı ortaya çıxarır: Azərbaycan–Aİ münasibətlərində dönüş nöqtəsi yaranıb ki, əslində, bunu Aİ Şurasının Prezidenti Antoniu Koştanın, habelə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya bir müddət əvvəlki səfərlərindən sonra da duymaq olurdu. Deməli, AK Prezidenti “bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam” deməklə, əvvəlki iki səfərdən qaynaqlanmış inamımızı daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin mətbuata bəyanatındakı fikirləri isə əminlik yaratdı: “Beləliklə, deyərdim ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Bu gün xanım Prezident və nümayəndə heyəti ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik”.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, hazırda hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Təhlükəsizlik isə asayişdən, dinclikdən və əmin-amanlıqdan asılıdır. Bu baxımdan Azərbaycan özünəməxsus modelə malikdir. Ölkəmiz təhlükəsizliyi dərin düşünülmüş dövlət siyasəti və mövcud siyasətin nəticəsi olaraq qazandığı güc sayəsində əldə edib. Söhbət gücdən sülh naminə yararlanan siyasətdən gedir. Elə buna görə də xanım Fon der Lyayen mətbuata bəyanatında ilk növbədə belə dedi: “İcazə verin, Ermənistanla tarixi sülh müqaviləsini başlatmağınız münasibətilə Sizi təbrik edim. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Aİ bu prosesi qəti şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik. Məhz buna görə biz bu gün burada birlikdə çalışırıq”.

AK Prezidenti, eyni zamanda, bildirdi ki, Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Təkcə xanım Fon der Lyayen yox, ümumən, Aİ siyasi düşüncə industriyasının təmsilçiləri yaxşı dərk edirlər ki, ölkəmizin bu vəhdət trayektoriyası bütövlükdə region naminə təəssübkeşlik paradiqmasına əsaslanır. Təəssübkeşlik isə son dərəcə vacibdir. Çünki Prezident İlham Əliyev dəfələrlə Cənubi Qafqazın tarixən qanlı müharibə və qarşıdurmalar meydanına çevrildiyini, regionun nəhayət ki, rahat nəfəs almasının vacibliyini önə çəkib.

Tam qətiyyətlə deyə bilərik ki, hazırda məhz Azərbaycanın sayəsində rahatlıq var. Elə bir rahatlıq ki, Cənubi Qafqazın potensialını Avropa, həmçinin dünya üçün səmərəli istifadə şansı yaradır. Şansdan isə tam mənada, vaxt itirmədən yararlanmaq şərtdir. Məhz buna görə də sülh kağız üzərində qalmamalıdır. Sevindirici haldır ki, məsələ Avropanın ən böyük təsisatı tərəfindən yetərincə dərk edilməkdədir.

Azərbaycan, öz növbəsində, barış mühitinə kağız üzərində deyil, gündəlik həyatda hiss edilən obraz qazandırır. Belə bir obraz sülhü hiss olunan məfhuma çevirir ki, bu da regionun əmin-amanlıq şəraitində yaşamaq vərdişlərinə yiyələnməsi baxımından son dərəcə vacibdir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb. Həmin məhdudiyyətlər beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistan tərəfindən işğalı səbəbindən tətbiq edilmişdi. Biz, həmçinin çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq”.

Prezident İlham Əliyev, habelə Cənubi Qafqazdakı dinamikanı gücləndirməyin mühüm məqsədinə toxunaraq bəyan etdi ki, “region hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək”. Elə bir regiona ki, özündə əhəmiyyəti get-gedə artan geosiyasi vəziyyətin mənfi təsirlərinə sinə gərmək immunitetini daşısın. Məhz buna görə indiki de-fakto sülh mühiti möhkəmlənməlidir. U.Fon der Lyayenin şəxsində Aİ-nin prosesə dəstək göstərmək əzmi isə son dərəcə vacibdir.

Mövcud trayektoriyada Azərbaycanın oynadığı rol, daha dəqiq desək, Prezident İlham Əliyevin prinsipial yanaşmaları sülhə dəstəyin səmimi motivlərini formalaşdırıb. Avropa, ümumən, dünya hazırda yaxşı anlayır ki, səmimiyyət nümayiş etdirmədən, hansısa alt məqsədlər güdərək, Cənubi Qafqaz coğrafiyasına yanaşmaq, siyasi spekulyasiyalara baş vurmaq heç bir nəticə verməyəcəyək. Yanaşma konkret necə olmalıdır, bunu açıqlayan da dövlətimizin başçısıdır: “Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq”.

Bəli, Azərbaycanın kritik regionda coğrafiyanı və özünün üstün infrastruktur imkanlarını birləşdirən, regional sabitliyi təmin edən güclü dövlət olduğu Aİ tərəfindən qəbul olunur ki, qurumun ölkəmizə münasibətində, eləcə də rəsmi Bakının regional əməkdaşlıq müstəvisindəki təşəbbüslərinə dəstək xətti var. Ona görə xanım Fon der Lyayen Cənubi Qafqazda sülhü daha da irəliyə aparmaq məqsədindən söz açır, diqqəti bu məqsədin əlahiddəliyinə yönəldir.

Yəni Aİ bütünlüklə regional barışa kökləndiyini göstərir. Nəzərə alaq ki, 44 günlük müharibədən sonra – 2020-2025-ci illərdə yaşanan bir sıra proseslər, o cümlədən Ermənistana təəssübkeşlik halları ortaya sözügedən köklənişə zidd təmayülləri çıxarırdı. Məsələyə bu prizmadan yanaşsaq, Azərbaycan öz siyasəti ilə ənənəvi mənfi stereotipləri sıradan çıxarıb. O stereotipləri ki, məğzində dayanan hay təəssübkeşliyi həm də “köhnə qitə”nin strateji siyasətini təşkil edir, ikili standartları normaya çevirir, ədalətsizlik və haqsızlığa legitimlik qazandırırdı.

Sonda bir daha əvvəldə diqqətə çatdırdığımız və Azərbaycanın Avropanın strateji tərəfdaşı olmasına dair xanım Fon der Lyayenin səsləndirdiyi fikrə diqqət yetirərək deyək ki, bu gün sözügedən strateji tərəfdaşlıq günün tələbidir. Açıq desək, hazırda Aİ-nin timsalında Avropa buna ehtiyac duyur. Amma necə deyərlər, bu günün sabahı var.

Məsələ ondadır ki, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin təklif etdiyi əməkdaşlıq modeli məhz gələcəyin təminatıdır. Bu, bütövlükdə Cənubi Qafqazı təminat altına alan, onu vahid orqanizm kimi vurğulayan strateji xətdir. Elə bir xətt ki, Avropa məkanında kimlərin, hansı qüvvələrin idarəedicilər kürsüsündə təmsilçiliyindən asılı olmayaraq, regionun “köhnə qitə” üçün əhəmiyyətini qoruyacaq.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət