Cənubi Qafqaz Kəməri “Şahdəniz”i Türkiyəyə qovuşdurub

post-img

Bu boru xətti indiyədək 278 milyard kubmetr “mavi yanacaq” nəql edib

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan təbii qazın Türkiyəyə çatdırılmasından 19 il ötür. 2006-cı il mayın 21-də Səngəçal terminalında Cənubi Qafqaz boru kəmərinə vurulan “mavi yanacaq növbəti ilin iyul ayının 3-də Gürcüstan sərhədini aşaraq qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olub. Bununla da iki ölkə arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub.

Azərbaycan qazının Qərb istiqaməti ilə nəqli ideyasını ilk dəfə ulu öndər Heydər Əliyev irəli sürüb. Belə ki, 1999-cu il iyulun 12-də “Şahdəniz” yatağında aparılan qazma-kəşfiyyat işləri üzrə əldə edilmiş nəticələrin təqdimatına həsr olunmuş mərasimdə iştirak etmiş Ümummilli lider ilkin nəticələrdən məmnunluğunu ifadə edərək təbii qazın ixracı məsələsinə də münasibət bildirib. Azərbaycanın karbohidrogen ehtiyatlarının daha çox Qərb istiqaməti ilə ixracına üstünlük verən Heydər Əliyev qardaş Türkiyənin “Şahdəniz” qazı üçün ən əlverişli bazar olduğunu vurğulayıb. Bununla da Azərbaycan qazının hansı istiqamətdə ixrac olunması məsələsi öz həllini tapıb.

Həmin il avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Şahdəniz” yatağından təbii qazın dünya bazarlarına ixracının təşkil edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün işçi qrupunun yaradılması haqqında” sərəncam imzalayıb. Sənəddə Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün potensial imkanların araşdırılması, qazın nəqli və bununla əlaqəli məsələlərin öyrənilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.

2000-ci il fevralın 15-də “BP Amoco” şirkəti “Şahdəniz” konsorsiumu iştirakçıları adından “Şahdəniz” yatağının mərhələli şəkildə işlənilməsinə dair açıqlama yayıb. Konsorsium iştirakçıları ilkin mərhələdə ildə 5 milyard kubmetr həcmində qazın hasilatı, sonrakı mərhələdə isə bu həcmlərin 16 milyard kubmetrədək artırılmasını elan ediblər.

Bundan əlavə, məlumatda qazın ixracı üçün Türkiyəyə qədər həm mövcud qaz infrastrukturundan istifadə edilməsi, həm də yeni boru kəmərinin tikilməsi planı açıqlanıb. Konsorsium iştirakçıları “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsində çıxarılacaq qazın Türkiyə bazarına ixrac edilməsi üçün optimal marşrutun Gürcüstan üzərindən keçən boru kəməri ola biləcəyi ehtimalını irəli sürüblər.

Nəhayət, 2001-ci il fevralın 21-də əvvəlcə Azərbaycan Respublikası hökuməti ilə “Şahdəniz” konsorsiumunun iştirakçıları arasında qazın nəqli ilə bağlı saziş imzalanıb. Martın 12-də isə Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə səfəri çərçivəsində Ankarada Türkiyə və Azərbaycan hökumətləri arasında “Şahdəniz” yatağının birinci mərhələsi layihəsi üzrə ixrac edilən qazın alqı-satqısına dair sazişə imza atılıb. Həmin il sentyabrın 29-da isə Bakı şəhərində Azərbaycan və Gürcüstan prezidentləri tərəfindən “Təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərində və bu ərazilərin hüdudlarından kənarda Cənubi Qafqaz Boru Kəməri sistemi vasitəsilə tranzit, nəql edilməsi və satışına dair Azərbaycan Respublikası və Gürcüstan arasında Saziş” imzalanıb. Yeri gəlmişkən, Azərbaycan qazının gələcəkdə Avropa ölkələrinə nəql edilməsi məsələsi də məhz ilk dəfə həmin sənəddə öz əksini tapıb.

2003-cü il fevralın 23-də Azərbaycan hökuməti tərəfindən “Şahdəniz” sazişi üzrə “Mərhələ-1” layihəsinin və Cənubi Qafqaz boru kəməri layihəsinin həyata keçirilməsi ilə əlaqədar sənədlər imzalanıb. 2004-cü ilin oktyabr ayında Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan ərazisində tikinti işlərinə start verilib. Nəhayət, 2006-cı ilin sonlarında istismara verilən kəmərlə təbii qazın əvvəlcə Azərbaycan və Gürcüstana, 2007-ci ilin yayından isə Türkiyəyə çatdırılmasına başlanılıb.

Bakı şəhərinin yaxınlığında yerləşən Səngəçal terminalından başlayan kəmərin uzunluğu 692 kilometr təşkil edir. Bunun da 443 kilometri Azərbaycan, 249 kilometri isə Gürcüstan ərazisindən keçir. Hər iki ölkənin ərazisində 42 düymlük borularla çəkilən kəmərin illik nəqletmə gücü 7,41 milyard kubmetr təşkil edir. Azərbaycanın 13 rayonundan (Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa), Gürcüstanın isə 7 bölgəsindən keçir.

Marşrut boyunca 1 kompressor stansiyası (Azərbaycan), 3 təmizləyici tərtibatın buraxılma kamerası (Azərbaycanda 1, Gürcüstanda 2), 2 təmizləyici tərtibatın qəbulu kamerası (Gürcüstanda) və digər çoxsaylı quğular inşa olunub. Gürcüstan bazarına qaz Azərbaycan–Gürcüstan sərhədində yerləşən boru kəmərindən ayrılan qol vasitəsilə çatdırılır. Son nöqtədə isə boru kəməri Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulub.

Ətraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində əsaslı və əməliyyat xərclərinə qənaət edilməsinə nail olmaq məqsədilə boru kəməri BTC ilə birlikdə və eyni tikinti dəhlizində inşa olunub. Boru kəmərinin istismar əməliyyatlarına və tikintisinə Cənubi Qafqaz Boru Kəməri Şirkəti cavabdehdir.

“Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində hasilatın artması Cənubi Qafqaz boru kəmərinin də genişləndirilməsinə zərurət yaradıb. Qeyd edək ki, Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (GCQBK) “Şahdəniz-2” layihəsinin əsas tərkib hissələrindəndir. Bu barədə investisiya qərarı 2013-cü ilin dekabr ayında qəbul olunub. Genişləndirmə nəticəsində Cənubi Qafqaz boru kəməri sisteminin ötürmə qabiliyyəti 24 milyard kubmetr səviyyəsinə çatdırılıb. Bununla da kəmərlə ümumi qaz nəqletmə qabiliyyəti 3,2 dəfə artırılıb. Sonrakı genişləndirilmə mərhələsində isə boru kəməri sisteminin ötürmə qabiliyyəti 31 milyard kubmetrədək artırıla bilər. GCQBK sistemi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabrında başlanıb.

Cənubi Qafqaz Boru Kəmərinin ərsəyə gəlməsi Azərbaycanın enerji sektorunda yeni inkişaf mərhələsinə daxil olan qaz sənayesinin XXI əsrdə gerçəkləşdirdiyi ən böyük nailiyyətdir. Bu irimiqyaslı layihənin həyata keçirilməsi həm Azərbaycan, həm də layihədə təmsil olunan şirkətlər, o cümlədən Cənub Qaz Dəhlizinin əsas ehtiyat mənbəyi hesab olunur.

2026-cı ilin yanvar-may aylarında Cənubi Qafqaz boru kəməri ilə 9 milyard 507,2 milyon kubmetr təbii qaz nəql edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artım deməkdir. Bütövlükdə isə, istismara verildiyi vaxtdan bu il may ayının sonunadək Cənubi Qafqaz boru kəməri və onun genişləndirilmiş sistemi vasitəsilə, təxminən, 278 milyard kubmetr qaz nəql olunub. Bunun da 125 milyard kubmetrdən çoxu bilavasitə Türkiyə bazarına və ya kəmərin son nöqtəsi olan Türkiyə sərhədinə çatdırılıb.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat