Bakı–Xankəndi velosiped yarışı hesabatı

post-img

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) Azərbaycan Velosiped İdmanı Federasiyasına Bakı–Xankəndi Azərbaycan velosiped yarışının nəticələri ilə bağlı yekun qiymətləndirmə hesabatı göndərib.

Hesabatda bu yarış “Gələcək üçün böyük potensiala malik, yaxşı təşkil olunmuş tədbir” kimi qiymətləndirilib. Belə ki, beynəlxalq qurumun gəldiyi qənaətə görə, yarış zamanı təhlükəsizlik, polis və tibb işçiləri yüksək peşəkarlıq nümayiş etdiriblər. Böyük tamaşaçı marağı, uyğun məsafələr və yarış profili, əlverişli hava şəraiti və gözəl mənzərələr idmançılarda xoş təəssürat yaradıb.

Hesabatda, həmçinin yüksək keyfiyyət və yaxşı təşkilatçılıq xüsusi vurğulanır. Qeyd olunur ki, bütün iştirakçılar yerləşdirmə, qidalanma və təmin edilən şəraitdən razı qalıblar.

Bundan əlavə, yarışların TV yayımı “qənaətbəxş fəaliyyət, peşəkar, təcrübəli və yaxşı təciz olunmuş heyət” kimi qiymətləndirilib.

Ümumilikdə, bütün aspektlər üzrə təşkilatçılıq yaxşı səviyyədə olub, bununla yanaşı, bəzi məqamların təkmilləşdirilməsi yaxşı olardı.

Qabil YUSİFOĞLU
XQ

İdman