TDT: ortaq humanitar məkan

post-img

II MƏQALƏ

Strateji məqam

Türk dünyasının inteqrasiyasından bəhs edəndə tərəddüdsüz strateji aspekti düşünmək gərəkdir. Çünki türklər, sadəcə, etnik-mədəni və ya keçmiş tarixi gerçəkliklərə görə bir araya gəlmirlər – əsas hədəf çağdaş dünyanın dərin ziddiyyətlərinin, görünməmiş çağırışlarının mövcud olduğu zamanda davamlı inkişafa nail olmaqdan ibarətdir.

Bu çərçivədə türk dövlətlərinin qonşu regionlarda yerləşən ölkələrlə sülh, sabitlik, təhlükəsizlik və qarşılıqlı paylaşma əsasında münasibətlər qurması ayrıca önəm daşıyır. Hər kəs anlayır ki, bu kimi məqsədlər istər-istəməz dünya miqyasında müstəqil mütərəqqi, birləşdirici və dayanıqlı inkişafın cazibə məkanı olmaq kimi faktorların geosiyasi proyeksiyasını nəzərdə tutur. Onun ümumi ifadəsi isə TDT-nin dünyanın güclü geosiyasi mərkəzlərindən birinə çevrilməsində tapmalıdır.

TDT-yə olan ümid və qəbuledilməzliklərin kökündə bu strateji məqam dayanır. Lakin bunu kimsə açıq demir – müxtəlif üsullarla TDT-ni gücləndirmək planları və proqramlarına qarşı təxribatlar törətməyə çalışırlar. Bu konteksti unutmayaq və “Türk Dünyası Həftəsi” nümunəsində mühüm strateji məqsədə nəzər salaq.

Ortaq zaman dinamikası

Prezident İlham Əliyev müraciətində türk qövmünə səslənmişdir: “Əminliklə söyləyə bilərik ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır”.

...Və məqsədə çatmağa böyük inam, əminlik və ümidin ifadəsi: “Türk Dünyası Həftəsi müxtəlif formatda silsilə tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına, öyrənilməsinə və təbliğinə töhfələr verəcək, mədəni həyatımızın əlamətdar hadisələri sırasında özünəməxsus layiqli yer tutacaq və yaddaşlarda silinməz iz qoyacaqdır”.

Müraciətin semantik və funksional baxımdan bir-birini tamamlayan bu iki fraqmenti özündə bir neçə vacib məqamı ehtiva edir. Burada ortaq humanitar məkanın yaradılması məharətlə və realpolitika kontekstində qoyulur, türk qövmü ilə dünyanın ortaq Zaman dinamikasında mühüm tərəfləri göstərilir, türklərin proqramları həyata keçirməsi mexanizmlərinin ünvanlarına işarələr edilir! Bunların hər biri o dərəcədə əhəmiyyətlidir ki, üzərlərində xüsusi dayanmağa ciddi ehtiyac vardır.

Ortaq humanitar məkan

Fəlsəfi, psixoloji, kulturoloji və politoloji ədəbiyyatlara “ortaq humanitar məkan” ifadəsi yad deyildir. Ümumi anlamda ortaq humanitar məkan dövlətlər və toplumlar arasında əlaqələrin elə inkişafını nəzərdə tutur ki, mədəniyyət, tarix, ideya, ideologiya, elm, təhsil, idman və turizm sferaları üzrə ölkələr birləşə bilsinlər. Onu da vurğulayırlar ki, ortaq humanitar məkan etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Bu keyfiyyətdə ortaq humanitar məkanın yaradılmasını mədəniyyət diplomatiyası və “yumşaq güc”ün vacib alətlərindən biri kimi qiymətləndirirlər.

Digər tərəfdən, tədqiqatçılar ortaq humanitar məkan anlayışının semantik hüdudlarının dəyişkən olduğunu vurğulayırlar. Yəni müəyyən qrup ölkələr üçün ortaq humanitar məkanın əsas istiqamətlənmə fokusu başqa regionlardan fərqlənə bilər. Bu da ortaq humanitarlığı müəyyən edən faktorların xüsusi mexanizm və məqsədə uyğun seçilməsi anlamına gəlir.

Məsələn, tarixi və geosiyasi xarakterli faktorlara üstünlük verilə bilər. O cümlədən Türk dünyası üçün tarixi köklər, dil və ənənə xüsusi aktuallıq kəsb edir. Bu baxımdan ortaq əlifba və ortaq dil məsələləri vacibliyini saxlamaqdadırlar. Aydındır ki, bu özəllik Türk dünyası üçün yaradıcı və elmi ziyalı camiyələr arasında dialoqu olduqca əhəmiyyətli edir. Humanitar məkan yaradıcılığa canatmada insanları birləşdirir. Hətta siyasi, sosial, ideoloji və digər praqmatizm duyğusal (emosional) paylaşmanı istisna etmir.

Bunlardan TDT kontekstində olduqca aktual bir nəticə hasil etmək olar – Türk dünyası üçün “ortaq humanitar məkan” anlayışı xüsusi anlama, məzmuna və məqsədə malikdir. Qürurvericidir ki, bu məqamı gündəmə Azərbaycan Prezidenti gətirmiş və onun konseptual ifadəsini ərz etmişdir. Bu əsasda “ortaq humanitar məkan” anlamı TDT üçün özəl məna kəsb edir. Qısaca, “Türk Dünyası Həftəsi” fonunda onun üzərində dayanaq.

Türk dünyasına daxildən baxış

Ulu öndər Heydər Əliyevin məşhur “bir millət, iki dövlət” kəlamında ifadə olunan məna ilə, onun praktiki reallaşmasının potensial faydası arasındakı optimal nisbət özünün tarixi, siyasi və geosiyasi yaşarlılığını artıq sübut etmişdir. Bu kəlamda Türk dünyasına daxili tarixi, siyasi, geosiyasi, mədəni və dövləti “tale” məsələsinə çağdaş dünyanın çağırışlarının qarşılıqlı əlaqəsində məharətli yanaşma ifadə edilmişdir.

Bir tərəfdən, kəlamda türklərin cəmiyyət və dövlət olaraq bir olmalarının zəruriliyi lakonik ifadə edilmişdir (kəlamın “bir millət” qismində), digər tərəfdən isə müasir qlobal mühitin şərtlərinin “türk dövlətçilik maraqları” ilə sıx surətdə nəzərə alınması (“iki dövlət” qismi) dəqiq əks olunmuşdur. Yəni bir millətin etnik, tarixi, dini, mədəni, mənəvi, əxlaqi tamlığı fonunda iki dövlətinin mövcudluğu real siyasi və geosiyasi birliyə aparan yol axtarışlarını aktuallaşdırmalıdır. TDT bu axtarışların birbaşa siyasi ifadəsidir.

Buradan məsələyə “xaricdən siyasi baxış”ın təhlilinə keçmək olar.

Türk dünyasına xaricdən baxış

Etiraf etməliyik ki, müasir mərhələdə bu aspekt olduqca əhəmiyyətlidir. İndi dünya miqyasında güclü dövlətlərin maraqları mürəkkəb şəbəkə formasında özünü göstərir ki, dövlətlər qrupunun ona reaksiyası müstəqillik və suverenlik baxımından prinsipial məna kəsb edir.

Təcrübə göstərir ki, bu şərtlər daxilində dünyada təsirli güc olmaq niyyətində olan dövlətlər qrupu xeyli mürəkkəb, riskli və ziddiyyətli təsir mexanizmləri ilə rastlaşırlar. Xüsusilə, qlobal dünya üçün bir neçə əsrdən sonra türklərin tarix, mədəniyyət, ideologiya və siyasətdə (dövlət olaraq) bir araya gəlməsini, dirçəlməsini, sürətli inteqrasiya mərhələsinə yüksəlməsini həzm etmək asan deyildir. TDT türklər üçün ümid, sülh və inkişafdırsa, bir sıra dairələr üçün ciddi rəqibdir. Bu məqam “xaricdən siyasi baxışda” geniş surətdə özünü göstərir. Əlamətləri hansılardır?

İnformasiya həmlələri

Bu həmlələr çox müxtəlif forma və məzmunda hər şeydən öncə türklərin ortaq humanitar məkanının formalaşması qarşısını almağa yönəldilir. Artıq həmin istiqamətdə xaricdən təsirlər sistemli, davamlı və amansız informasiya səviyyəsinə yüksəlmişdir. Hədəf hər bir türk dövləti və cəmiyyətində layiqsizlik sindromu yarada bilən informasiyaların dəfələrlə təkrarlanmasından ibarətdir. Cəmiyyətin elitasından tutmuş ziyalı və bütövlükdə yaradıcı təbəqəsinə qədər, fəhləsindən başlamış gənc kəsiminədək müxtəlif aspektlərdə çaşqınlıq, yayğınlıq, antidövləti əhvali-ruhiyyə, saxta azərbaycançılıq ideya yönünü formalaşdırma cəhdlərinə kimi geniş çeşiddə dağıdıcı təsirləri hiss edirik. Bu sırada Azərbaycanın ailə institutuna həm fərdi birgəyaşam, həm də sosial institut olaraq layiqsizlik sindromunu aşılamaq cəhdləri xüsusi yer tutmaqdadır. Bu zaman, adətən adi məişət hadisələrini “heyrətedici statistik göstəricilər” işığında “faktlara əsaslanaraq” izah etmək cəfəngiyyatı aparıcı yer tutur.

Bunun fonunda xüsusi olaraq təşkil edilmiş qruplar vasitəsilə ləkələmə, qarayaxma və dezinformasiya xarakterli fəaliyyətlər daha təhlükəli həddə çatmışdır. Nəticədə hər bir türk dövləti və bütövlükdə TDT üçün bu dağıdıcı informasiya və ideologiya fəaliyyətinə qarşı səmərəli mübarizə aparmaq ön sıraya çıxır.

Dezinformasiya

Həqiqətə uyğun olmayan, süni intellekt vasitəsilə quraşdırılmış və təbii kimi görünən informasiyaların genişlənməsi narahatlıq doğurur. Türk dövlətləri və cəmiyyətlərinin hər birində bütövlükdə türk mədəniyyəti, siyasəti, ideologiyası, idarəetmə üsulları ilə bağlı yalan informasiyalar yayırlar. Sosial şəbəkələrdə bu yalanlar “cilalanır”, “daha inandırıcı və faktlara əsaslanan məlumat” formasına salınır və ictimai rəy dövriyyəsinə buraxılır. Saxta profillər “peşəkar ekspert” stasusunda dezinformasiyanı gerçək fakt kimi təqdim etməyə çalışırlar. Hətta son vaxtlar bir sıra analitik saytlarda bu əlamət özünü göstərir. Yazı manerası və təhlil üslubundan, metaforaların istifadə qaydası və məntiqindən bilinir ki, onlar hansı “mətbəx”də hazırlanmışdır. Ancaq bunun üçün xüsusi yanaşma gərəkdir. Adi oxucu üçün çətin bir işdir.

Kibertəhlükəsizlik

Bütün bunlarla uğurlu mübarizə dəqiq, ən müasir üsul və metodlara əsaslanan, süni intellektin imkanlarından geniş istifadə edən fəaliyyət əsasında mümkün ola bilər. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında irəli sürdüyü aşağıdakı tezis çox ciddi əhəmiyyət kəsb edir.

Mehriban xanım Əliyeva ifadə etmişdir: “Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində, həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq”.

Vurğulanan iki istiqamətdə Azərbaycanın uğurlu olması məsələsi strateji anlam daşıyır və həmin istiqamətdə Rəqəmsal İnkişaf Şurasının səmərəli addımlar atacağına qətiyyən şübhə yoxdur!

Sivilizasiya amili

TDT üçün sivilizasiya faktorunun çox mühüm rol oynadığını ayrıca qeyd etmək lazımdır. Xüsusilə ortaq humanitar məkan formalaşdırmaq prosesində sivilizasiyalılıq çox aktuallıq daşıyır.

Türk sivilizasiyası anlamı uzun müddət bir sıra dairələr tərəfindən qəbul edilmirdi. Müxtəlif qondarma “elmi arqumentlərlə”, ümumiyyətlə, türklərin sivil toplum yaratmaq potensialının və praktikasının olmadığı cəfəngiyyatı gözə üfürülürdü. Onların sırasında “sivilizasiyaları tarixin məhkəməsi qarşısına çıxaran” Arnold Toynbi kimi alimlər də vardı. Alman tarixçisi F.V.Radloff və fransız tarixçisi J.P.Roux bu mövqeyə yaxın idilər.

Lakin bu mümkün yanaşmalardan biri idi. Digər sanballı və nüfuzlu tədqiqatçılar türk qövmünün özünəməxsus sivilizasiya yaratdığını və hətta onun yaxın ərazilərdəki fərqli sivilizasiya nümunələrinə ciddi təsir göstərdiyini vurğulamışlar. Onların sırasında yunan tarixçisi və filoloqu, Macarıstan Akademiyasının həqiqi üzvü (1913-cü ildə) olmuş J.Darkonu göstərə bilərik. “Vyana məktəbi”nin görkəmli nümayəndələrindən olan C.V.Findley, V.Koppers, O.Menghin və digərləri “Turan mədəniyyət mühiti”nin başqa sivilizasiyalara təsirindən bəhs etmişlər.

Bütün bunlara görə, TDT-nin mövcudluğunda və fəaliyyətində sivilizasiya faktoru fundamental dəyərlərdən biri kimi qəbul edilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin aşağıdakı tezisləri həmin prizmada çox aktual və strateji mənası olan məqamı ifadə edir. Ölkə rəhbəri müraciətində demişdir: “Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik”.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət