Aleni inqilab “yedi”?

post-img

Yaxud Simonyanın mandatdan imtinası ilə bağlı 6 səbəb

“İnqilab öz övladlarını yeyir”. Tarixə nəzər salsaq, bu ifadənin ilk dəfə XVIII əsrin Fransa inqilabına nəzərən istifadə edildiyini söyləyə bilərik. Həmin vaxt sözügedən inqilabın aparıcı simaları edam kürsüsünə çıxarılmışdılar.

Ümumən, müxtəlif paralellər aparmaq mümkündür. Məsələn, 1917-ci ilin inqilabından sonra Rusiyadakı bolşevik liderləri İosif Stalin dövründə repressiyalara məruz qalmış, 1979-cu ildə İrandakı İslam inqilabının ardınca isə böyük dəyişikliklərdə mühüm rol oynamış şəxslər təmsil olunduqları hakim komanda tərəfindən sıxışdırılmış və “aradan götürülmüşdülər”.

Günümüzə gəldikdə, bəzi siyasi müşahidəçilər Gürcüstandakı “Qızıl gül” inqilabının liderlərindən olan və ölkənin baş naziri postunu tutmuş Zurab Jvaniyanın 2005-ci ilin fevralında öz mənzilində ölü tapılmasını da “inqilabın öz övladını yeməsi” ilə əlaqələndirirlər. Əlqərəz, keçək mətləbə.

Mövzumuz Ermənistan Parlamentinin spikeri Alen Simonyanın deputat mandatından imtinasıdır. Elə təəssürat yarandı ki, o, şəxsi həyatını qaydaya salmaq üçün, həmçinin ötən çətin və məsuliyyətli zaman kəsiyindəki fəaliyyəti dövründə xeyli yorulduğundan, yüksək vəzifə tutmaq istəmir.

Ancaq durum fərqli görünür və bunu Simonyanın fikirləri də təsdiqləyir. Axı o, mandatdan imtinası barədə söz açarkən, özündə inciklik hissinin yoxluğunu, iş proseslərinin dəyişiklikləri nəzərdə tutduğunu bildirir. Düşünmək mümkündür ki, Alenin imtina qərarı və müvafiq olaraq spikerlikdən uzaqlaşması hakim “Vətəndaş sazişi” partiyasının müştərək qərarıdır. Partiyanın rəhbəri isə Baş nazir Nikol Paşinyandır. O Paşinyan ki, Simonyan gələcək fəaliyyətini onun siyasi düşərgəsində gördüyünü də açıqlayıb. Amma...

“Əmma” yox, “əmmalar” yetərincədir. Nəzərə alaq ki, A.Simonyan 2018-ci il inqilabından sonra formalaşmış erməni siyasi elitasının ən parlaq simasıdır. Paşinyandan fərqli olaraq, onun, belə demək mümkünsə, dövlət sifəti var. Zahirən də elədir, ayrı-ayrı məsələlərə münasibət tərzi baxımından da eyni fikri söyləmək mümkündür.

İkincisi, gördüyümüz qədərilə, Simonyan təzyiqlərin qarşısında arqumentləşdirilmiş şəkildə dayanmağı bacaran fiqurdur. Halbuki, Nikol bir çox hallarda reaksiyasını emosiyaları ilə bildirir. Bu, kənardan gülünc mənzərə yaradır. Yəni birincinin dövlət siması ikincidən üstündür, özü də qat-qat.

Üçüncüsü, Paşinyan hökumət rəhbəridir, ölkənin lideridir, Ermənistanda isə Simonyandan başqa bu ampluaya yaraşan hansısa başqa obraz yoxdur. Yəni Alen kimi birinə rast gəlinmir. Hətta Prezident Vaaqn Xaçaturyan belə onun kölgəsində qalır.

Dördüncüsü, Simonyanın ritorikasında, ümumən, tipik ermənilik anlayışı yoxdur. O anlayış ki, əslində, böyük ölçüdə xəstəlikdir və sabiq spiker fikirləri ilə mahiyyətcə mərəzdən uzaq durulmasını təlqin edib. Onu da nəzərə alaq ki, bu təbliğat baxımından Alenə çatan kimsə yoxdur. Çünki o, erməni siyasətinin və idarəçiliyinin intellektual təmsilçisi qiyafəsindədir.

Beşinci məqam kimi, bilavasitə Paşinyanla Simonyanın müqayisəsi üzərində dayanaq. Nikol 2018-ci ildən indiyədək dövlət idarəçiliyində nə qədər təcrübə toplasa da, mahiyyətcə küçədən gəlmə siyasətçilikdən çıxa bilmir. Əksinə, Simonyan ciddi simadır və bu cəhət onu, istər-istəməz, Paşinyana alternativə çevirir. Tam mümkündür ki, Alen qarşıdakı müddətdə daha çox nüfuz toplayacaqdı.

Tarix isə göstərir ki, inqilab liderliyi bölüşməyən xarakterə malikdir. Tarixdən o da məlumdur ki, inqilablar ideallar uğrunda başlayır, lakin çox vaxt hakimiyyət uğrunda mübarizə ilə başa çatır. Bu mənada, Simonyan, məsələn, Jvaniyanın, daha əvvələ getsək, Trotskinin, Maratın və ya Robespyerin taleyini yaşamayıbsa, şükr etməlidir.

Altıncısı və ən vacibi budur ki, artıq sabiq olan spiker erməni hakim komandasının Azərbaycanla sülhü və barışı ən qızğın müdafiə edən fiquru statusundadır. Bu mənada, onun bəzən, hətta Paşinyanın özünü də geridə qoyduğunu söyləmək mümkündür. Alenin tutduğu mövqeyə görə Ermənistandakı revanşist və şovinist kəsimin hədəfinə çevrildiyini də vurğulamalıyıq. İndi, o aktiv siyasətdən uzaqlaşırsa, ortaya sual çıxır: Bəlkə Ermənistan daha sülhün təbliğatına ehtiyac duymur?

Bəli, Simonyan ritorikası və özünü ifadə tərzi ilə erməni cəmiyyətinə indiyədək sülhün olmamasına görə, bir növ, utanc hissi aşılayır, habelə, barış mühitinin qaçılmazlığını səlis formada izah edir. Bu izah sadə və son dərəcə təsirlidir.

Qeyd edək ki, ötən ay keçirilmiş parlament seçkilərindən əvvəl A.Simonyanın yeni hakimiyyətdə, hətta prezident postunu tutacağı da bildirilirdi. Onun özü isə dünənki açıqlamasında bunu qəti şəkildə istisna etdi. Belədə daha bir sual yaranır: Simonyan “Vətəndaş sazişi”ndə kölgədə qalmaqla razılaşacaq?

Sonda bir daha “inqilabın öz övladlarını yeməsi” barədə söz açaq. XX əsr ingilis ədəbiyyatının tanınmış şəxsiyyətlərindən biri Corc Oruel deyirdi ki, “bütün inqilablar uğursuz olur, amma hər biri başqa cür uğursuz olur”. Yazıçının fikrincə, inqilablar çox vaxt vəd etdikləri azadlığı deyil, yeni hakimiyyət münasibətlərini doğururlar. XIX əsrin fransız diplomatı və tarixçisi Aleksis de Tokvil isə bildirirdi ki, inqilablar bəzən dağıtmaq istədikləri nizamın ən güclü xüsusiyyətlərini miras alırlar. Onun deyimi inqilabdan sonra yaranan hakimiyyətlərin çox vaxt əvvəlki rejimin idarəçilik üsullarını təkrarlaması ideyasını ifadə edir.

Əslində, inqilab romantiklərin arzusu, praqmatiklərin hakimiyyətidir. Daha bir məşhur ifadə inqilabın meydanda qələbə qazanması, kabinetlərdə isə öz qəhrəmanlarını itirməsi ilə bağlıdır. Elə buna görə də prosesin ilk qurbanının köhnə rejim, son qurbanının onun öz liderləri olduğunu bildirirlər. Simonyanın qurban olub-olmadığını isə əlahəzrət zaman göstərəcək.

Ə.RÜSTƏMOV
XQ

Siyasət