Azərbaycanın yüksələn geosiyasi çəkisinə baxış
Son aylar Ağ Evin Azərbaycanla bağlı verdiyi siyasi mesajlar göstərir ki, Vaşinqtonun Cənubi Qafqaza baxışında dəyişiklik baş verir. Əvvəllər münasibətlərin dayağı rolunda enerji əməkdaşlığı çıxış edirdisə, indi gündəlik daha geniş geosiyasi və iqtisadi çərçivəyə keçib. Regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya dəhlizləri, rəqəmsal iqtisadiyyat, yüksək texnologiyalar və strateji tərəfdaşlıq ABŞ-ın prioritet istiqamətləri kimi ön plana çıxıb. Bu isə Azərbaycanın Qərb üçün yalnız enerji tərəfdaşı deyil, Avrasiya məkanının yeni geosiyasi və təhlükəsizlik arxitekturasında əsas aktorlardan biri olduğunu göstərir.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlonun ölkəsinin müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən qəbulda səsləndirdiyi fikirlər təsadüfi diplomatik bəyanat deyil. Onun Cənubi Qafqazı Şərqlə Qərbi birləşdirən, qlobal iqtisadiyyata inteqrasiya olunmuş və təhlükəsizlik baxımından sabit region kimi təsvir etməsi, əslində, Vaşinqtonun uzunmüddətli hədəflərini ifadə edir. Burada söhbət yalnız Azərbaycanla ikitərəfli münasibətlərdən getmir. Məsələ Cənubi Qafqazın qlobal ticarət, enerji və logistika sisteminin ayrılmaz hissəsinə çevrilməsindən gedir. Bu isə faktiki olaraq regionun qlobal nəqliyyat və iqtisadi şəbəkəyə sıx bağlanması deməkdir.
Səfir səviyyəsində səsləndirilən açıqlamalar göstərir ki, Vaşinqtonun Cənubi Qafqaz strategiyasında Azərbaycan kənar element deyil, formalaşmaqda olan yeni regional modelin təməllərindən biridir. Bu tendensiyanın davam etməsi ABŞ–Azərbaycan münasibətlərini ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxararaq regionun geosiyasi və iqtisadi gələcəyini müəyyən edən amillərdən birinə çevirir.
O da qeyd olunmalıdır ki, ABŞ ilə Azərbaycan arasında münasibətlər son illər siyasi, iqtisadi və təhlükəsizlik müstəvilərində yeni dinamika qazanıb. Bu kontekstdə 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş görüş xüsusi siyasi əhəmiyyət daşıyır. ABŞ yaxşı anlayır ki, regionda uzunmüddətli sülh olmadan nə iri nəqliyyat layihələri, nə investisiya axını, nə də iqtisadi inteqrasiya tam şəkildə reallaşa bilər. Buna görə də Vaşinqton sülh prosesini təkcə diplomatik uğur kimi deyil, həm də Avrasiyanın yeni iqtisadi xəritəsinin formalaşmasının əsas şərtlərindən biri kimi qiymətləndirir. Diplomat deyib: “ABŞ Prezidenti Donald Trampın və beynəlxalq ictimaiyyətin iştirakı ilə Bakı və İrəvan onilliklər boyu davam edən münaqişəni geridə qoymaq imkanı əldə etdilər. Onlar qarşıdurmaya deyil, qarşılıqlı əlaqəyə, əməkdaşlığa və rifaha əsaslanan gələcək qurmaq öhdəliyini öz üzərlərinə götürdülər”.
Məhz bu yanaşmanın tərkib hissəsi kimi Vaşinqton “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsünü və ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını əsas platformalar kimi irəli sürüb. Regional bağlantılar, investisiyalar, innovasiya və təhlükəsizlik sahələrini əhatə edən bu sənədlər ABŞ-ın Cənubi Qafqaza yanaşmasında siyasi risklərdən çox iqtisadi imkanların ön plana çıxdığını göstərir. ABŞ Azərbaycanla energetika, süni intellekt sahəsi, verilənlərin emalı mərkəzlərinin yaradılması və digər qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətini göstərir.
Vaşinqton Azərbaycanı yeni texnologiyalar və yüksək əlavə dəyər yaradan iqtisadiyyatın strateji tərəfdaşı kimi görür. Bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon da səsləndirib. Onun sözlərinə görə, Bakı Enerji Həftəsi və ABŞ–Azərbaycan İqtisadi Dialoqu çərçivəsində Amerika şirkətləri azərbaycanlı tərəfdaşlarla müasir materiallar, süni intellekt, bulud hesablamaları və digər yeni nəsil texnologiyalar sahəsində ümumi dəyəri 8 milyard dollardan çox olan sazişlər imzalayıblar. Bu göstərici ikitərəfli əməkdaşlığın artıq ənənəvi enerji sektorunun hüdudlarını aşaraq yüksək texnologiyalar və innovasiya iqtisadiyyatı mərhələsinə keçdiyini nümayiş etdirir. “Bunlar uzaq gələcəyin planları deyil - biz onları artıq bu gün həyata keçiririk”, – deyə o bildirib.
Bu transformasiya yalnız ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərmir, eyni zamanda, Azərbaycanın regionun innovasiya və texnoloji mərkəzlərindən birinə çevrilməsi istiqamətində formalaşan beynəlxalq maraqdan qaynaqlanır.
ABŞ Konqresinin üzvü Abraham Hamadehin “Newsmax” nəşrində dərc olunan məqaləsi də məhz bu reallığın Amerika siyasi dairələrində getdikcə daha çox qəbul olunduğunu göstərir. Onun fikrincə, ABŞ-ın qlobal maraqları etibarlı tərəfdaşlarla daha sıx əməkdaşlıq tələb edir və Azərbaycan bu baxımdan strateji əhəmiyyət daşıyan ölkədir.
Konqresmenin diqqət çəkdiyi məqamlar təsadüfi deyil. Rusiya və İranla həmsərhəd olan, Avropa ilə Asiyanın qovşağında yerləşən, enerji və logistika imkanlarına malik Azərbaycan faktiki olaraq Avrasiya geosiyasətinin əsas düyün nöqtələrindən birinə çevrilib. Bu amil təkcə ABŞ üçün deyil, Avropa İttifaqı, Mərkəzi Asiya dövlətləri və bütövlükdə Qərb üçün strateji əhəmiyyət kəsb edir.
Ağ Evin son bəyanatları yalnız diplomatik nəzakət çərçivəsində qiymətləndirilə bilməz. Onlar Vaşinqtonun regional strategiyasının dəyişən prioritetlərini əks etdirir. Azərbaycan isə bu strategiyada təkcə enerji təminatçısı deyil, Avrasiyanın yeni iqtisadi və geosiyasi arxitekturasının formalaşmasında mühüm tərəfdaşdır. Məhz buna görə ABŞ–Azərbaycan münasibətlərində müşahidə olunan canlanma iki ölkə arasında əməkdaşlığın növbəti mərhələsi olmaqla yanaşı, Cənubi Qafqazın gələcək inkişaf modelinə dair mühüm siyasi mesajdır. Qarşıdakı dövr göstərəcək ki, bu siyasi iradə konkret layihələrə və dayanıqlı regional əməkdaşlıq mexanizmlərinə nə dərəcədə çevrilə biləcək. Lakin indidən aydındır ki, Azərbaycanın geosiyasi çəkisi artıq yalnız regionun deyil, qlobal güclərin strateji hesablamalarının da mühüm elementinə çevrilməkdədir.
İqtisadçı-ekspert Mahir Zeynalov bildirdi ki, ABŞ-ın Azərbaycan siyasətində müşahidə olunan müsbət dinamika Vaşinqtonun Cənubi Qafqaz strategiyasının yenidən formalaşdığını göstərir. Onun sözlərinə görə, Donald Tramp administrasiyası dövründə Bakı ilə münasibətlər ideoloji yanaşmadan daha çox geosiyasi və iqtisadi maraqlar üzərində qurulur: “Əgər əvvəlki mərhələdə münasibətlərin əsasını enerji layihələri təşkil edirdisə, indi əməkdaşlıq yüksək texnologiyalar, süni intellekt, rəqəmsal infrastruktur və innovasiya istiqamətlərini də əhatə edir”.
Ekspert hesab edir ki, Ermənistanla sülh prosesinə ABŞ-ın verdiyi dəstək də eyni geoiqtisadi məntiqdən irəli gəlir: “Təsadüfi deyil ki, son aylar iki ölkənin münasibətlərində siyasi bəyanatları konkret əməkdaşlıq mexanizmləri əvəz edir. Strateji Tərəfdaşlıq Xartiyası, ABŞ–Azərbaycan İqtisadi Dialoqu və iri investisiya layihələri göstərir ki, Vaşinqton Azərbaycanı Cənubi Qafqaz siyasətinin əsas tərəfdaşlarından biri kimi görür. İnanıram ki, bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq, regionda davamlı sülhə səbəb olacaq. Bu isə yalnız iki tərəfin deyil, bütün regionun maraqlarına xidmət edir”.
Pünhan ƏFƏNDİYEV
XQ


