Bərpa olunan ərazilərdən yeni turizm marşrutları keçir
Tanrının bəxş etdiyi ecazkar təbiət gözəlliklərini görmək, təmiz havasını udmaq, şəfalı bulaqlarından içmək məqsədilə xüsusilə yay aylarında Qarabağa üz tutanların ardı-arası kəsilmir. Zaman keçdikcə, həm əzəli sakinlərinin dönüşü ilə işğaldan azad edilmiş ərazilərimizə həyat qayıdır, həm də bu müqəddəs torpaqlar yeni turizm marşrutlarına çevrilir.
Yenidən qurulan Ağdamın, Xocalının, Xankəndinin ruhumuza hüzur verən parklarında, Şuşanın şanına şeirlər yazılmış, nəğmələr bəstələnmiş Cıdır düzündə, İsa bulağında, Turşsuyunda, Ağdərənin möcüzəli kəndlərində, Həkərinin sahilində, Laçının, Kəlbəcərin buz kimi çeşmələrinin başında, min bir rəngli, ətirli güllərlə, çiçəklərlə bəzənmiş yaylaqlarında qələbəliyi görəndə sevinməmək, qürurlanmamaq mümkün deyil. Təsadüfi deyil ki, bəzən bu məkanları ziyarət edə bilmək üçün növbəyə durmaq lazım gəlir.
Bütün bunlar isə bölgədə turizm imkanlarının genişləndirilməsi, yerli sakinlərin turizm fəaliyyətinə cəlb olunması, nəticə olaraq kənd yerlərində məşğulluğun artırılması və kiçik sahibkarlığın dəstəklənməsi istiqamətində addımların atılmasını zərurətə çevirir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyin dəstəyi, Qarabağ Regional Turizm İdarəsinin təşkilatçılığı ilə Ağdərə rayonunun Vəngli kəndində keçirilən “Kənd turizmi və qonaq evlərinin təşkili” mövzusunda təlim bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, təlim işğaldan azad edilmiş ərazilərdə kənd turizminin inkişafına dəstək vermək, yerli sakinlərin turizm sahəsində bilik və bacarıqlarını artırmaq, qonaq evlərinin səmərəli idarə olunması üzrə praktiki vərdişlərin formalaşdırılması, həmçinin regionun turizm potensialından dayanıqlı şəkildə istifadəyə töhfə vermək məqsədilə keçirilib.
Təlim zamanı bildirilib ki, Kiçik Qafqaz dağlarının ətəklərində yerləşən Vəngli kəndi zəngin meşə örtüyü, dağ çayları, əlverişli təbii landşaftı, təmiz ekoloji mühiti və tarixi-mədəni irsi ilə seçilərək regionun turistlər üçün cəlbedici məkanlarından birinə çevrilib. Son illərdə kənddə aparılan bərpa və yenidənqurma işləri, yol infrastrukturunun müasirləşdirilməsi burada ekoturizm və aqroturizmin inkişafı üçün əlverişli şərait yaradıb.
Təlimçi, Qarabağ Universitetinin müəllimi, “Kənd yaşıl turizminin inkişafına dəstək” İctimai Birliyinin sədri Qəhrəman Yusubov iştirakçılara qonaq evlərində yerləşdirmə və rezervasiya prosesinin təşkili, turistlərin qarşılanması, xidmət mədəniyyəti, effektiv ünsiyyət, sanitar-gigiyena normaları və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verib, sakinlərin bu istiqamətdə suallarını cavablandırıb.
Təlimin əhəmiyyəti barədə XQ-yə danışan Qəhrəman Yusubov bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə turizmin, xüsusilə də kənd turizminin inkişafı yerli sakinləri məskunlaşdıqları ərazi barədə daha geniş məlumat toplamağa vadar edir:
– Çünki turistləri əsas maraqlandıran məqamlar məhz səfər etdikləri məkanın tarixi, məişəti barədə maraqlı məlumat almaq və kənd sakinlərinin bələdçiliyi ilə ətraf ərazilərə yürüşlər etməkdir. Kənd turizminin inkişafı bölgənin turizm məkanı kimi tanıdılmasında xüsusi rol oynayır. “Kənd yaşıl turizminin inkişafına dəstək” İctimai Birliyinin əməkdaşları kənd qonaq evlərində xidmət keyfiyyətinin yüksəldilməsi və xidmət çeşidinin genişləndirilməsi məqsədilə layihələrdə iştirak etməyə həmişə hazırdırlar.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə turizm infrastrukturunun inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və yerli əhalinin bu sahədə biliklərinin artırılması məqsədilə gələcəkdə də müxtəlif təlimlərin və maarifləndirici tədbirlərin təşkili planlaşdırılır.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Ağdərə


