Abşeron yarımadasında yerləşən Saray qəsəbəsi həm tarixi minillik köklərə söykənən, həm də artıq “göydələn” kompleksləri olan böyük yaşayış məntəqəsidir. Bu kəndin əhalisi hələ orta əsrlərdən də əvvəl ticarətlə məşğul olub.
Saray adının mənşəyi çox maraqlıdır. Kənd əvvəllər “Karvansara” adlanıb, yəni karvanların dayanıb istirahət etdiyi, tacirlərin nəfəs dərdiyi yer. Böyük İpək yolunun bir qolu buradan keçib. Zamanla “Karvansara” adı qısaldılıb və “Saray” formasını alıb.
Rəsmi sənədlərdə məntəqənin adı ilk dəfə 1774 cü ildə qeyd olunub. Əslində, burada daha qədim yaşayış izləri – arxeoloji və memarlıq abidələri qalır. Köhnə Cümə məscidi və digər daş tikililər bu qəbildəndir. Yeni Sarayda isə yaraşıqlı binalar, meyvəli bağlar, zəruri infrastruktur, müasir istirahət guşələri, çeşidli xidmət sahələri var.
Bu sətirlərin müəllifi Sumqayıtda yaşadığı üçün, demək olar ki, hər gün Saraydan keçərək Bakıya işə gəlib-gedir. Bir vaxtlar “Badam bağları” deyilən ərazi ilə üzbəüzdə balaca bir torpaq sahəm də vardı. Yəni orada ev tikə bilsəydim, mən də saraylı ola bilərdim, amma, necə deyərlər, hünərim çatmadı...
Qədim qəsəbənin inkişafı gözlərimizin önündəcə baş verir. İnişil Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən körpü yenilənib. Özü də ardıcıl 2 dəfə. Məsələ burasındadır ki, ilk əsaslı təmirdən sonra körpünün giriş və çıxış hissələrində qalmış bəzi obyektlər darısqallıq yaradırdı, buna görə də abadlıq işləri daha da genişləndirilib və sıxlıq aradan qaldırılıb. İndi orada avtomobillərin və piyadaların rahat hərəkəti tam təmin edilib. Qəsəbənin digər yolları da abadlaşdırılır, yaşıllıqlar artırılır, bağlar genişlənir, təmizlik işləri müntəzəm aparılır.
Sarayda maraq doğuran yerlərdən biri Şah İsmayıl Xətai küçəsi, görkəmli təbib və ictimai-siyasi xadim, akademik Vəli Axundovun büstü olan ərazidir. Bir neçə il əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə onun 100 illik yubileyi qeyd edilib. Bir vaxtlar tez-tez görüşüb maraqlı söhbətlərini dinlədiyim qəsəbə icra nümayəndəsi Baba müəllim də məşhur Axundovlar nəslindən idi. Ziyalı kimi el-oba arasında böyük hörməti vardı.
Sarayın sakinləri bu torpağın yetirdiyi digər tanınmışlarla da fəxr edirlər. Kimyaçı alim Vahab Əliyev, Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərov, Xalq artistləri Səyavuş Aslan və Gülşən Qurbanova, kinorejissor Muxtar Dadaşov, məşhur pəhləvan İbrahimpaşa Dadaşov ehtiramla yad olunurlar.
Tanınmışlardan biri də Abşeron ədəbi mühitinin yetirdiyi, sabiranə tərzdə cəsarətli, axıcı şeirlər yazıb oxuyan şair-qəzəlxan Rəhim Saraylı idi. Əliağa Vahidin layiqli ardıcılının çıxışlarını alqışlamaqdan yorulmazdıq:
Bu böhran, ay da, baş alıb hey gedir,
Varlıların evində “ley-pey” gedir,
Yoxsul acından gecə şaxsey gedir,
Çox çətin günləri salır yadına,
Qoy, Allah çatsın kasıbın dadına.
Sumqayıt ədəbi birliyinin sevimli üzvlərindən olan Rəhim Saraylı “istiotlu” yazılarına görə bəzən incidilsə də, dediyindən dönməyən satirik idi. Onun bacısı Xanımana (Xalmana) da bədahətən şeirlər deyərdi. Rəhim Saraylı görüşlərdə, toylarda, dost məclislərində baş tərəfdə əyləşdirilərdi. Salam Qədirzadə “Kirpi” jurnalında, Xasay Cahangirov “Sumqayıt” qəzetində onu həvəslə çap etdirərdilər. Şeirləri çıxanda əl-əl gəzərdi. Beş il əvvəl bir qış günü şair haqqa qovuşdu. Yaşasaydı, indi 90 yaşı olacaqdı.
Böyük Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi zamanı Sarayın məşhurlarının sırasına şəhidlər Rauf İbadov, Hətəmxan Quliyev, İlkin Məmmədov və başqalarının da adları qoşulub. Yüksək abadlığı ilə seçilən “Şəhidlər” kompleksi vətənsevər gənclərin əsas ziyarət ünvanına çevrilib.
...Ötən ay şəhid rəssam Rauf İbadovun 30 illik yubileyinə biz də dəvət olunmuşduq. Rayon rəhbərliyi, Milli Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər onun məzarı üstündə bir araya gələrək xatirəsinə ehtiram duyğularını ifadə etdilər. Sonra ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhidin mövludu qeyd edildi. Atası – Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov böyük sayğıya görə hər kəsə minnətdarlığını bildirdi. İştirakçılara şəhid rəssamın adına çıxarılmış “Haqq rəssamı” kitabının nüsxələri hədiyyə edildi.
Bəli, Abşeronun Saray qəsəbəsində əzəli ənənələr yaşadılmaqla bərabər, yeniləri də həyata vəsiqə qazanır. Eyni zamanda, qəsəbə böyüməkdə, daha da gözəlləşməkdədir.
Ə.DOSTƏLİ
XQ

