Müasir dövrdə rəqəmsallaşma dövlət idarəçiliyində səmərəliliyi artıran, iqtisadi yüksəlişi sürətləndirən, milli təhlükəsizliyi möhkəmləndirən və ölkələrin qlobal rəqabət qabiliyyətini müəyyənləşdirən əsas strateji amillərdən birinə çevrilib. Süni intellekt, böyük verilənlər (Big Data), bulud texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal xidmətlər artıq iqtisadi inkişafın yeni lokomotivləri sırasında yer alıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində rəqəmsal transformasiya milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə iyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası respublikanın rəqəmsal gələcəyinin formalaşdırılması sahəsində mühüm siyasi və institusional hadisə kimi qiymətləndirilib.
Yeni inkişaf platforması
Rəqəmsal İnkişaf Şurasının yaradılması, əslində, dövlət idarəçiliyində yeni idarəetmə fəlsəfəsinin formalaşdırılması deməkdir. Çünki rəqəmsallaşma yalnız bir nazirliyin və ya konkret qurumun fəaliyyəti ilə həyata keçirilə biləcək proses deyil. Bu, eyni zamanda, bütün dövlət institutlarının vahid məqsəd ətrafında koordinasiyalı fəaliyyətini tələb edən kompleks transformasiya modelidir. Şuranın əsas missiyası da məhz müxtəlif dövlət qurumlarının fəaliyyətini sıx əlaqələndirmək, vahid strateji yanaşma formalaşdırmaq və qəbul olunan qərarların operativ icrasını təmin etməkdir.
Bu yanaşma inkişaf etmiş ölkələrin təcrübəsinə tam uyğun gəlir. Belə ki, dünyanın rəqəmsal liderləri hesab olunan Sinqapur, Estoniya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyada da rəqəmsal transformasiya bir qurumun deyil, dövlət idarəçiliyinin bütün sahələrinin koordinasiyalı fəaliyyəti əsasında həyata keçirilir. Məhz belə bir koordinasiya nəticəsində rəqəmsallaşma iqtisadiyyatın bütün sektorlarına sirayət edir, dövlət xidmətlərinin keyfiyyətini yüksəldir və biznes mühitinin inkişafını sürətləndirir.
3 illik Yol xəritəsi
Birinci vitse-prezident Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasının iclasında vurğuladığı ən mühüm məqamlardan biri qarşıdakı 3 il üçün konkret Yol xəritəsinin müəyyən edilməsidir. Belə ki, əvvəlki mərhələlərdə rəqəmsallaşma daha çox ayrıca layihələrin həyata keçirilməsi formasında inkişaf edirdisə, artıq 2026–2028-ci illər üçün qəbul olunan Fəaliyyət Planı vahid milli strategiyanın icra mexanizminə çevrilir.
Planın 58 təşəbbüsü 4 əsas istiqaməti – rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik məsələlərini əhatə edir. Burada ən diqqətçəkən məqamlardan biri isə ondan ibarətdir ki, artıq 40 dövlət qurumu üzrə Yol xəritələri hazırlanıb, onların 13-ü təsdiqlənib və ya təsdiq mərhələsindədir. Bu fakt onu göstərir ki, rəqəmsal transformasiya nəzəri konsepsiya olmaqla bərabər, həm də icra edilən konkret dövlət proqramıdır.
Dünyada hazırda ən sürətlə inkişaf edən texnologiya süni intellektdir. Son illər bu sahəyə qoyulan investisiyalar yüz milyardlarla dolları ötüb. Beynəlxalq qiymətləndirmələrdə süni intellektin 2030-cu ilədək dünya iqtisadiyyatına 15-20 trilyon dollardan artıq əlavə dəyər qazandıracağı proqnozlaşdırılır. Azərbaycanın bu sahə üzrə yeni Fəaliyyət Planında isə süni intellektin əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi ölkənin gələcək inkişafı baxımından uzaqgörən siyasət həyata keçirdiyi göstərilir.
Artıq “mygov” platformasında və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqi genişləndirilib, virtual vətəndaş köməkçisi istifadəyə verilib. Bu yeniliklər dövlət xidmətlərinin daha sürətli, şəffaf, əlçatan və fərdiləşdirilmiş şəkildə təqdim edilməsinə imkan yaradır. Gələcək mərhələdə isə süni intellektin təkcə vətəndaş xidmətlərində deyil, həmçinin səhiyyə, təhsil, kənd təsərrüfatı, nəqliyyat, energetika, maliyyə və hüquq-mühafizə sistemlərində də qərar qəbuletmə proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirəcəyi gözlənilir.
“Mygov” – rəqəmsal dövlət modeli
Azərbaycanın rəqəmsal transformasiya strategiyasında “mygov” platforması xüsusi yer tutur. Bu baxımdan son 3 ay ərzində istifadəçi sayının 2,7 milyondan 3,5 milyona yüksəlməsi vətəndaşların elektron xidmətlərə artan etimadını göstərir. Platformaya artıq müxtəlif dövlət tətbiqləri inteqrasiya olunub və ilin sonunadək daha 7 dövlət tətbiqinin istifadəyə verilməsi planlaşdırılır.
Bu proses vətəndaşın dövlətlə münasibətlərində tamamilə yeni model formalaşdırır. Başqa sözlə, proses ənənəvi kağız sənəd dövriyyəsinin azalmasını sürətləndirir, vaxt itkisinin qarşısını alır, korrupsiya risklərini minimuma endirir, xidmətlərin keyfiyyətini artırır və dövlət idarəçiliyində şəffaflığı gücləndirir. Estoniya təcrübəsi də göstərir ki, tam rəqəmsal dövlət modeli büdcə xərclərinin azalmasına, dövlət xidmətlərinin sürətlənməsinə və biznes mühitinin yaxşılaşmasına ciddi töhfə verir.
Azərbaycan da bu istiqamətdə mühüm irəliləyiş nümayiş etdirir. Bu baxımdan Milli Məlumat Hövzəsi rəqəmsal iqtisadiyyatın əsas infrastrukturu kimi daha çox diqqət çəkir. Çünki rəqəmsal dövlətin ən vacib elementlərindən biri məhz etibarlı məlumat infrastrukturudur. Milli Məlumat Hövzəsinin yaradılması da məhz bu məqsədə xidmət edir.
Dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikilməsinə gəldikdə isə, bu, bir neçə mühüm üstünlük yaradır. Məsələn, məlumatların təhlükəsiz saxlanılması, dövlət qurumları arasında operativ məlumat mübadiləsinin aparılması, xidmətlərin fasiləsiz fəaliyyət göstərməsi və idarəetmədə operativliyin gücləndirilməsi kimi məsələləri reallaşdırır. Ekspertlər bildirirlər ki, mərkəzləşdirilmiş məlumat bazası gələcəkdə süni intellekt sistemlərinin daha səmərəli işləməsinə də imkan yaradacaq. Çünki müasir AI həllərinin əsas resursu keyfiyyətli məlumat bazasıdır.
Texnoloji suverenlik
Son illərdə dünya geosiyasətində texnoloji suverenlik anlayışı daha çox önə çəkilib. Yarımkeçiricilər, bulud texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və proqram təminatı dövlətlərin milli təhlükəsizlik məsələsi olaraq yüksək dəyərləndirilib. Bu baxımdan Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılması strateji əhəmiyyətə malik olub.
İqtisadçı-ekspert Aydın Ələsgərovun sözlərinə görə, klaster yüksək texnologiya şirkətlərini bir araya gətirəcək, innovativ layihələrin inkişafını sürətləndirəcək, yerli texnoloji həllərin yaradılmasını təşviq edəcək və milli innovasiya ekosistemini gücləndirəcək. Bu yanaşma, eyni zamanda, ölkənin xarici texnoloji asılılığını azaltmaqla yanaşı, rəqabət qabiliyyətli rəqəmsal sənayenin formalaşmasını da şərtləndirəcək.
Yeri gəlmişkən, bu gün beynəlxalq aləmdə rəqəmsallaşmanın genişlənməsi kibertəhlükələrin də artmasına şərait yaradır. Dünyada hər gün milyonlarla kibertəhlükəsizlik insidentinin qeydə alınması məhz bunun bariz ifadəsidir. Bu baxımdan Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Təşkilatı və Rəqəmsal Təhqiqat Mərkəzi kimi qurumların yaradılması Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemininin inkişafını yeni mərhələyə çıxarır. Eyni zamanda, dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini reallaşdıracaq vahid milli kibertəhlükəsizlik platformasının qurulması isə ölkədə kibermüdafiə imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Beynəlxalq təcrübə göstərir ki, kibertəhlükəsizlik təkcə texniki məsələ deyil. Bu, milli iqtisadiyyatın, enerji sisteminin, maliyyə sektorunun, nəqliyyat infrastrukturunun və dövlət idarəçiliyinin təhlükəsizliyini gerçəkləşdirən strateji istiqamətdir. Rəqəmsallaşmanın iqtisadi nəticələri isə yalnız elektron xidmətlərlə məhdudlaşmır. Bu proses həm də məhsuldarlığı artırır, investisiya cəlbediciliyini yüksəldir, innovativ sahibkarlığın inkişafını sürətləndirir, yeni yüksək maaşlı iş yerləri yaradır və ixrac potensialını genişləndirir.
Mütəxəssislər bildirirlər ki, süni intellekt, rəqəmsal xidmətlər və innovasiya ekosistemi gələcəkdə Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas inkişaf mənbələrindən birinə çevriləcək. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri isə bu strategiyanın mühüm tərkib hissəsi kimi diqqət çəkəcək.
Regional liderlik
Rəqəmsal İnkişaf Şurasının qarşıya qoyduğu əsas məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Bu məqsəd real iqtisadi əsaslara söykənir. Belə ki, hazırda ölkədə genişzolaqlı internet infrastrukturunun inkişafı, dövlət xidmətlərinin elektronlaşdırılması, startap ekosisteminin genişlənməsi, innovasiya mərkəzlərinin yaradılması və rəqəmsal hökumət modelinin formalaşdırılması gələcək inkişaf üçün möhkəm baza yaradır. İndi isə həmin baza üzərində daha mürəkkəb və yüksək texnologiyalı mərhələyə keçid başlanır.
Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən olunan prioritetlər də göstərir ki, Azərbaycan rəqəmsal transformasiyanı yalnız texnologiyaların tətbiqi kimi deyil, eyni zamanda, dövlət idarəçiliyinin, iqtisadiyyatın və cəmiyyətin hərtərəfli modernləşdirilməsi strategiyası kimi qəbul edir.
“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın uğurla icrası, süni intellekt həllərinin geniş tətbiq edilməsi, “mygov” platformasının sürətli inkişaf yoluna çıxarılması, Milli Məlumat Hövzəsinin formalaşdırılması, texnoloji suverenliyi gücləndirən Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılması və milli kibertəhlükəsizlik infrastrukturunun qurulması ölkənin rəqəmsal gələcəyini sistemli şəkildə formalaşdıran əsas istiqamətlərdir.
Bu strategiyanın uğurlu icrası dövlət idarəçiliyinin daha çevik, iqtisadiyyatın daha rəqabətli, cəmiyyətin isə daha innovativ olmasına zəmin yaradacaq. Ən başlıcası isə Azərbaycan Cənubi Qafqazda və daha geniş regionda rəqəmsal inkişaf, süni intellekt və texnoloji innovasiyalar sahəsində aparıcı mərkəzlərdən birinə çevrilmək istiqamətində mühüm addımlar atacaq. Bu isə ölkənin dayanıqlı iqtisadi inkişafına, milli təhlükəsizliyinin möhkəmlənməsinə və qlobal rəqəmsal iqtisadiyyatda mövqeyinin daha da güclənməsinə xidmət edəcək.
Sonda onu da qeyd edək ki, rəqəmsallaşmanın sürətli inkişafının nəticəsidir ki, bu gün vətəndaş və bizneslər dövlət xidmətlərinə çıxış üçün mobil telefonda bir neçə mobil tətbiqdən istifadə edir və bəzən xidmətləri hansı tətbiqdən alacağını müəyyən etməkdə çətinlik çəkir. Buna görə də dövlət xidmətlərini vətəndaşlara və bizneslərə daha yaxın etmək, vətəndaş–məmur təmasını minimuma endirmək, proseslərin şəffaflığını və vətəndaş məmnuniyyətini gerçəkləşdirmək məqsədilə “mygov” və “mygov biznes” platformaları üzərində işlərin davam etdirilməsi qarşıda mühüm vəzifələr kimi durur.
Mütəxəssislərin fikrincə, fərdi portal və mobil tətbiqlərin mərhələli şəkildə vahid ekosistemə inteqrasiya edilməsi nəticəsində ayrı-ayrı dövlət qurumlarının xidmət keyfiyyəti yüksələcək və istifadəçi təcrübəsi getdikcə yaxşılaşacaq. Eyni zamanda, bütün rəqəmsal dövlət xidmətləri və elektron sənədlər vətəndaşlar üçün “mygov”, sahibkarlar üçün isə “mygov Biznes” platformaları vasitəsilə təqdim olunacaq.
Artıq bu prosesə başlanılıb və qasa müddət ərzində “e-Sosial”, “e-Təbib” və “e-Su” tətbiqləri tam şəkildə platformaya inteqrasiya olunub. Bundan əlavə, “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “MigAz” və “ASAN Müraciət” tətbiqlərinin bir çox xidmətləri artıq inteqrasiya edilib və ilin sonunadək onların bütün xidmətlərinin tam şəkildə “mygov” üzərindən təqdim edilməsi planlaşdırılıb.
Onu da qeyd edək ki, hazırda həm “mygov” platforması, həm də digər dövlət qurumları üzrə tətbiq ediləcək süni intellekt həlləri müəyyənləşdirilərək onların mərhələli icrasına başlanılır. Belə ki, 2026-cı il ərzində “mygov” platformasında 4, digər dövlət qurumlarında isə 9 süni intellekt həllinin həyata keçirilməsi nəzərdə tutulur.
Artıq “mygov” platformasında vətəndaşlara 24/7 rejimində xidmət göstərəcək virtual vətəndaş köməkçisinin ilkin versiyası istismara verilib. Bununla yanaşı, səhiyyə, gömrük və təhsil sahələrini əhatə edən, digər dövlət qurumları ilə birgə həyata keçirilməsi nəzərdə tutulan potensial süni intellekt həlləri də müəyyən edilib. Bu yanaşmanın əsas məqsədi dövlət vəsaitlərindən səmərəli istifadəni gerçəkləşdirmək, bir dövlət qurumunda uğurla tətbiq olunan süni intellekt həllərinin digər dövlət qurumlarında da təkrar istifadəsini təşviq etməkdir.
Vaqif BAYRAMOV
XQ

