Meyvə bağları körpə uşaq kimidir...

post-img

Bara yetişəndə aldığını birə-beş qaytarır

Respublikamızın əsas meyvəçilik bölgələrində (Quba-Xaçmaz, Şəki-Zaqatala, Qazax-Tovuz, Gəncə-Daşkəsən və s.) çəyirdəkli (gilas, şaftalı, alça, gavalı və s.) meyvə bağlarının həm ekstensiv (köhnə tipli), həm də müasir, intensiv texnologiyalar əsasında salınmış böyük əraziləri əhatə edən bağ sahələri becərilir. Statistik məlumatlara görə, respublika üzrə gilas 13 min 599 hektar, şaftalı 10 min 584 hektar, gavalı 5 min 591 hektar, ərik 4 min 612 hektar, alça 4 min 422 ha, albalı isə 2 min 112 hektar sahəni əhatə edir.

İlin bu fəslində çəyirdəkli meyvə bağlarında hansı işlər görülməlidir? XQ-nin eksperti, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanov sözügedən bağlarda həyata keçirilməsi zəruri olan tədbirlər barədə bunları bildirdi:

– Cari ilin yaz aylarının olduqca yağıntılı və soyuq keçməsi ilə əlaqədar çəyirdəkli meyvə bağlarında monilioz, klasterosporioz, yarpaq qıvrımlığı, kokkomikoz və digər göbələk mənşəli, eləcə də bakterial xərçəng kimi qorxulu xəstəliklərin kütləvi surətdə yayıldığı müşahidə edilmişdir. Bu hal aqrotexniki qulluq işlərinin, həmiçinin xəstəliklərə qarşı kimyəvi mübarizə işinin zəif aparıldığı bağlarda daha çox müşahidə edilir.

Diqqətinizə çatdırmaq istərdik ki, göbələk mənşəli monilioz xəstəliyi bitkilərin birillik zoğlarını, tumurcuqlarını, çiçəklərini və yarpaqlarını yoluxdurmaqla onların qurumasına, solmasına səbəb olur. Bu hal yaz aylarında xüsusilə albalı bitkisində özünü aydın şəkildə büruzə verir və bitkinin 0,5-1 metr uzunluğunda olan birillik zoğları yanmış, qurumuş kimi görünür. Buna görə də bu xəstəliyi çox vaxt “moniliya yanığı” da adlandırırlar. Bunun nəticəsi olaraq bitkilər zəifləyərək qurumağa başlayır, məhsuldarlıq isə aşağı düşür.

Yaz aylarında çəyirdəkli meyvə bitkilərinin digər qorxulu xəstəliklərindən biri də klasterosporioz, yaxud deşikli qonur ləkə xəstəliyidir. Bu xəstəliyin törədicisi göbələk mənşəli olub, bitkinin zoğ, tumurcuq, çiçək meyvə və yarpaqlarını yoluxdurur. Xəstə zoğların qabığı üzərində nöqtəşəkilli, qəhvəyi rəngli kitrəaxmalar, tumurcuqların üzəri isə parlaq qəhvəyi rəngli, kitrə ilə örtülür və yaz vaxtı açılmır. Xəstə çiçəklər soluxur, meyvələrin üzərində qırmızı haşiyəli, çökük ləkələr əmələ gəlməklə normal inkişaf etmir və əmtəə qabiliyyətini itirirlər. Xəstə yarpaqların üzərində isə qırmızı haşiyəli dairəvi ləkələr peyda olur. Belə ləkələrin toxumaları tədricən quruyaraq tökülür və yarpaqlarda çoxsaylı deşiklər əmələ gəlir.

Aprelin axırı və may ayı boyunca əsasən şaftalı bitkisində qorxulu xəstəliklərdən biri olan yarpaq qıvrımlığı müşahidə edilir. Bu xəstəlik də göbələk mənşəli olub, bitkinin yarpaqlarında rast gəlinir. Yoluxmuş yarpaqlar əvvəlcə qızarır, sonra isə qalınlaşaraq eybəcər, dalğavari forma alır. Belə xəstə yarpaqlar tökülür ki, bu da bitkinin zəifləməsinə və məhsuldarlığının aşağı düşməsinə səbəb olur.

Mayda gavalı və alça meyvələrində cibcibə, gavalıda polistiqmoz və digər xəstəliklər də müşahidə edilir ki, bunlar da bitkilərin məhsuldarlığına, normal fəaliyyətlərinə mənfi təsir edir.

Yuxarıda adlarını qeyd etdiyimiz xəstəliklərlə yanaşı, çəyirdəkli meyvə bağlarında müxtəlif mənənə növləri, şərq, alma və gavalı meyvəyeyənləri, albalı milçəyi, tut qalxanlı yastıcası, albalı selikli mişarçısı, akasiya yalançı çanaqlı yastıcası və digər qorxulu zərərvericilər də müşahidə edilir. Adları qeyd olunan zərərverici növlərindən mənənələr bitkilərin birillik zoğlarında təzə əmələ gəlmiş yarpaqların şirəsini soraraq qidalanırlar. Nəticədə yarpaqlar qıvrılır, səthləri qaralır və bitki inkişafdan qalır. Şərq meyvəyeyəni karantin zərərvericisi olub, mayda əsasən şaftalı, gilas, ərik və digər bitkilərin birillik zoğlarını uc hissədən zədələyir. Alma və gavalı meyvəyeyənləri isə bu ayda əmələ gələn meyvələri zədələməyə başlayırlar. Albalı milçəyi gilas və albalı meyvələrinin qızarmağa başladığı zaman meyvələrin lətinə yumurtalarını qoyaraq onları zədələyirlər.

Yuxarıda qeyd etdiyimiz xəstəlik və zərərvericilərə qarşı kompleks şəkildə mübarizə aparmaqla onların qarşısını almaq və gözlənilə biləcək zərəri minimuma endirmək olar.

Mayın 1-ci yarısında xəstəlik və zərərvericilər kompleksinə qarşı 1 ton suya ziram (2,5 kiloqram) + kaptan (2 kiloqram) +asetamiprid (0,5 kiloqram) + lambda - siqalotrin (0,5 - l kiloqram) preparatlarını qarışdırıb çiləmək lazımdır. Bitkilərin mikroelementlərə olan tələbatını təmin etmək məqsədilə bu qarışığa 2,5 kiloqram skaleks-kombi də əlavə etmək olar.

Xəstəlik və zərərvericilərin bioloji xüsusiyyətlərini, həmçinin hava şəraitini nəzərə alaraq may ayının ikinci yarısında bağlarda 1 ton suya mankozeb (2,5 kiloqram) + lambda – siqalotrin (0,5 killoqram) + asetamiprid (0,5 kiloqram) qarışığından istifadə edilməklə xəstəlik və zərərvericilərin qarşısını almaq olar.

Bağlarda müşahidə olunan xəstəlik və zərərvericilərə qarşı mübarizə ilə yanaşı, onların gübrələmə sisteminə də ciddi fikir verilməlidir. Belə ki, damcı suvarma sistemi olan bağlarda hər həftə monoammonium – fosfat (25 kq/ha), ammonium şorası (ammonium – nitrat – 25 kq/ha), kalium – nitrat (15 kq/ha), həmçinin bir dəfə olmaqla 6 faizli dəmir elementi (5 kq/ha) verilməsi vacibdir.

Sözümün canı budur ki, meyvə bağları körpə uşaq kimidir. Bara yetişəndə aldığını birə-beş qaytarır. Bütövlükdə, Azərbaycan torpağı zəhmət itirən deyil.

XQ





İqtisadiyyat