Bir qərinəlik ağrı-acılı ayrılıqdan sonra doğma yurda – Zəngilana əbədi dönüşün sevincini sözlə ifadə etmək çətindir. Sakinlərinin yolunu həsrətlə gözləyən torpaqlarda yenidən həyat başlayıb. Babaların ruhu dolaşan yerlərə insan nəfəsi, ocaq istisi qayıdıb.
Zəngilanda vaxtilə viran qoyulmuş ərazilərdə indi müasir yaşayış kompleksləri salınıb, sakinlər öz yurdlarına dönüb. Ağalı və Məmmədbəyli kəndlərindən sonra rayon mərkəzində inşa olunan ilk yaşayış kompleksi də artıq sakinlərini qəbul edir. Rayonda yurda qayıdan yüzlərlə sakinin iştirakı ilə yeni yaşayış kompleksində tədbir keçirilib. İnsanların sevinc dolu göz yaşlarına bürünən köç karvanına tamaşa edirəm. Burada böyük bir həsrətin sonu və yeni bir həyatın başlanğıcı dayanır. Mənzillərin bütün açarları sakinlərə təqdim olunduqdan sonra ANAMA-nın əməkdaşı Mikayıl Əzizov mina təhlükəsizliyi ilə bağlı təmsil etdiyi təşkilatın məlumatlarını diqqətə çatdırıb.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilanda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov bildirib ki, dövlət başçısının mayın 10-da Zəngilan şəhərində yeni mənzillər alan ailələrlə görüşməsi həmin insanların yaddaşına ömürlük yazılan unudulmaz gün olub.
Toplantıdan sonra sakinlərlə görüşüb təəssüratlarını öyrəndik. Həkim Səadət Həsənova dedi: “Biz yurdumuzu heç vaxt unutmadıq, harada yaşasaq da, ürəyimiz həmişə Zəngilanla döyünürdü. Bu gün isə yenidən öz evimizin çırağını yandırırıq. İnsan üçün bundan böyük xoşbəxtlik ola bilməz. Mənzilimizin açarını dövlət başçısının təqdim etməsi isə sevincimizi qat-qat artırıb”.
Uzun illər müəllim işləyən Famil Nəcəfov isə bu günü həyatının ən böyük bayramı sayır. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan ağsaqqal müəllimin baxışlarında həm keçmiş döyüşlərin izi, həm də qələbənin qüruru var. Ən böyük arzumuz torpaqlarımızın azad olunması idi, - deyən müsahibim vurğulayır ki, bu gün doğma torpaqlarda yenidən ev sahibi olmaq insanın ömrünü rövnəqləndirir. Onunla yanaşı dayanan müəllim övladı Ləmanın da sevinc dolu baxışları dövlət siyasətinin xalqa xidmət etdiyini təsdiqləyir.
Söhbətə qoşulan müharibə veteranı, polkovnik-leytenant İdris Rəhimov isə doğma yurda dönüşün xüsusi hiss olduğunu vurğulayır. Uzun illər polis orqanlarında çalışmaqla rayonda şöbənin rəis müavini vəzifəsinə qədər yüksələn həmsöhbətim bu gün Zəngilanın dirçəlişini görəndə qəlbində tam rahatlıq yarandığını söylədi: “Bu torpaqlarda həyat yenidən başlayır. Uzun illər boyu arzusunda olduğumuz ən böyük sevincli anlara şahidlik edirik. Dövlət başçımızla görüş isə bizi qürurlandırdı”.
Zəngilanın saf havası, yaşıl meşələri, dağ çayları ilə yenidən nəfəs aldığını ən çox hiss edənlərdən biri də arıçı Sərməs Bağırovdur. O, məcburi köçkünlük illəri vaxtı çətinliklə də olsa, rəhmətlik atasının arıçılıq ənənəsini digər ərazilərdə qoruyub saxladığına toxunur: “Uzun illər fermer təsərrüfatı ilə məşğul olduğumuza görə deyə bilərəm ki, arılar da insan kimi doğma yurdun çiçəyini, havasını tanıyır. Təsərrüfatımla əlaqədar 3 ildir rayona köçmüşəm və dağılmış evlərin birini təmir edərək orada qalırdım, indi isə tam şəraiti olan yeni mənzillə təmin olunmuşam”.
Söhbətimizə vaxtilə “Xalq qəzeti”ndə çalışmış Nəriman Bəxtiyarovun oğlu Vidadi kişi də qoşuldu. O qeyd etdi: İllər əvvəl heç kim bu günləri təsəvvür edə bilməzdi. İndi Zəngilan yenidən insan nəfəsinə isinib və keçmiş məcburi köçkünlər isə doğma yurda qayıdaraq rahat mənzillərlə təmin olunublar.
...Zəngilan şəhəri bu gün simasını tamamilə dəyişib. İnsanların sevincindən hiss olunur ki, indi burada yalnız evlər tikilmir, qırılmış ümidlər bərpa olunur, uşaqlıq xatirələri canlanır, doğma ocaqlarımız yenidən isinir. Uğurla icra olunan “Böyük Qayıdış” proqramı nəticəsində Zəngilan artıq həsrətin yox, qayıdışın şəhəri olub.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

