Panel sessiya: “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası”

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə keçirilən "Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans öz işini davam etdirir.

XQ xəbər verir ki, konfrans çərçivəsində “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya keçirilib.

Tədbirin moderatoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı qeyd edib ki, 100 il əvvəl - 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsi türk xalqlarının modernləşmə yolunda keçmiş olduğu bir əsrlik maarifçilik və intibah hərəkatının möhtəşəm yekunu idi. Birinci Türkoloji Qurultay türk xalqlarının milli kimliyini, milli varlığını tanıması və birləşməsi üçün mühüm platforma rolunu oynayıb: “Bu gün artıq dünya reallığında müstəqil, güclü və suveren türk dövlətlərinin səsi eşidilməkdədir. TDT ilə siyasi bünövrəsi möhkəmlənən bu birlik artıq elmi və mədəni inteqrasiyanı qlobal geosiyasi zərurətə çevirib. Türkoloji Qurultayın idealları, o fədakar ziyalıların xatirəsi hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Qurultayın 80 və 90 illik yubileyləri ölkəmizdə təntənə ilə qeyd olunub. “Türk Dünyası Həftəsi” də dövlətimizin başçısının “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası çərçivəsində reallaşır”.

Panel sessiyada sürətli qloballaşma, rəqəmsallaşma və süni intellekt dövründə Birinci Türkoloji Qurultayın mirasının gələcək nəsillərə çatdırılması yolları müzakirə olunub.

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Bülent Bayram qeyd edib ki, türk dövlətlərinin tarixi mirasını qorumaq və elmi əlaqələri təşkilati səviyyədə idarə etmək fərqli coğrafiyalardakı alimlərin vahid platformada birləşməsini tələb edir. Beynəlxalq Türk Akademiyası rəqəmsal əsrdə müxtəlif ölkələrdəki türkoloqların və elm adamlarının vahid, çevik və ortaq platformada birləşməsi üçün addımların atılmasını zəruri hesab edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin həm də hesabat olduğunu bildirib. O, türk dövlətlərinin ali təhsil müəssisələri, Türkologiya Mərkəzləri ilə əlaqələrin genişləndirilməsinin, ortaq türk dilinin yaradılmasının vacib olduğunu bildirib.

Qazaxıstan Milli Akademiyasının həqiqi üzvü Sherubay Kurmanbaiuly isə təhsil və elmdə inteqrasiyanın təməl sütununun dil olduğunu bildirib: “1926-cı ildə Bakıda ən qızğın müzakirə olunan ortaq əlifba və terminologiya məsələsi bu gün süni intellekt müstəvisində yenidən aktuallaşır. Süni intellektin dilləri idarə etdiyi bir dövrdə türk dillərinin elmi inteqrasiyası və ortaq rəqəmsal terminologiya bazasının yaradılması strateji zərurətə çevrilib”.

Qırğızıstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Sırtbay Musaev Birinci Türkoloji Qurultayın birləşdirici ruhunun müasir türkologiya üçün etibarlı örnək olduğunu bildirib. Qeyd edib ki, türk xalqlarının inteqrasiyasının gələcəyindən danışarkən bu amili mütləq nəzərdə saxlamaq lazımdır. Birinci Türkoloji Qurultayın idealları və mənəvi mirası müasir türkoloqlar və yeni nəsil tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyır.

BDU-nun Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədov Birinci Türkoloji Qurultayın dərsləri, modern türkologiyanın qarşısında dayanan əsas çağırışlarla bağlı fikirlərini bölüşüb. Bildirib ki, Qurultayın mirası şərəfli keçmiş olmaqla bərabər, Türk dünyasının gələcək inkişafına işıq tutan bələdçidir: “Ortaq türk ədəbi dilinin yaradılması üçün ortaq orfoqrafiya, ortaq terminologiya yaradılmalıdır. Türk xalqları arasında ünsiyyət dili yaratmaq lazımdır”.

Sosial həyat