Rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ idarəetmə mexanizmlərinin tətbiqi və müasir texnologiyaların dövlət idarəçiliyinə inteqrasiyası istiqamətində Azərbaycanda həyata keçirilən ardıcıl islahatlar yeni mərhələyə qədəm qoyur. Bu prosesin institusional əsaslarının daha da möhkəmləndirilməsi məqsədilə iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. Bu ölkəmizin qlobal rəqəmsal iqtisadiyyatda mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edən mühüm platforma kimi qiymətləndirilir.
İnnovasiyaların inkişafı, kibertəhlükəsizlik və bu istiqamətlərdə həyata keçirilən tədbirlər istər dövlət, istər özəl sektor, istərsə də ictimai və təhsil müəssisələri səviyyəsində vahid strateji xəttə xidmət etməli və ümumi effektivliyi təmin etməlidir. Yəni süni intellekti sadəcə tətbiq olunması naminə tətbiq etməməliyik. Əsas məqsəd süni intellektin insan fəaliyyətinə və müxtəlif sahələrə real təsirini, eləcə də yaratdığı iqtisadi və sosial faydanı nəzərə alaraq onun tətbiqini planlaşdırmaq olmalıdır.
Eyni yanaşma kibertəhlükəsizlik və digər texnoloji istiqamətlərə də aiddir. Əsas məqsədimiz Azərbaycanın iqtisadi dayanıqlılığını və davamlı inkişafını təmin etmək, milli təhlükəsizliyi gücləndirmək, yetişən nəslin inkişafına töhfə vermək və digər strateji prioritetlərə nail olmaqdır. Texnologiyalar da məhz bu məqsədlərə xidmət etməlidir.
Bu baxımdan effektivlik əsas meyarlardan biri olmalıdır və onun ölçülməsi üçün konkret metrikalar müəyyən edilməlidir. Metrikaların tətbiqi innovasiya ekosistemində ən vacib məsələlərdən biridir. Bunun üçün müxtəlif metodologiyalar mövcuddur. Məsələn, OKR (Objectives and Key Results) metodologiyası hədəflərin müəyyənləşdirilməsi və onların ölçülə bilən nəticələr vasitəsilə idarə olunması üçün geniş istifadə olunur. Bu yanaşmada ambisiyalı hədəflər müəyyən edilir və həmin hədəflərə çatmaq üçün konkret, ölçülə bilən göstəricilər əsasında fəaliyyət planı qurulur.
Ümumilikdə, hər hansı bir istiqamətdə texnologiyanı tətbiq ediriksə, onun real effektivliyini ölçmək və əldə olunan nəticələri qiymətləndirmək əsas prioritetlərdən biri olmalıdır.
Bununla yanaşı, fəaliyyət elə qurulmalıdır ki, diqqət ayrı-ayrı lokal hədəflərə və qısamüddətli nəticələrə deyil, bütövlükdə sistemin səmərəli işləməsinə yönəlsin. Məsələn, məqsədimiz yalnız 10 və ya 20 startapın yaradılması olmamalıdır. Elə bir mühit formalaşdırılmalıdır ki, Azərbaycanda startaplar təbii şəkildə yaranıb inkişaf etsinlər.
Belə olan halda onların sayı yüzlərlə, hətta minlərlə ola bilər. Əsas məqsəd konkret rəqəmlərə nail olmaq deyil, startapların yaranması, inkişafı və böyüməsi üçün əlverişli ekosistem yaratmaqdır.
Eyni yanaşma informasiya texnologiyaları və rəqəmsal innovasiya məhsullarının ixrac potensialına da aid edilməlidir. Məsələn, qarşıya innovasiya məhsullarının ixracını 1 milyard ABŞ dollarına çatdırmaq kimi hədəf qoyula bilər. Ancaq bütün fəaliyyət yalnız bu rəqəmə çatmağa hesablanmamalıdır. Bu, sadəcə statistik göstərici uğrunda yarışa çevrilməməlidir.
Mənim fikrimcə, elə bir mühit və dəstək mexanizmləri formalaşdırılmalıdır ki, dövlət və özəl sektorun birgə fəaliyyəti nəticəsində bu göstərici hətta 2 milyard ABŞ dollarını da ötə bilsin. Yəni əsas məsələ konkret rəqəmi hədəfləməkdən daha çox, həmin nəticəni təbii şəkildə mümkün edən şəraiti yaratmaqdır.
Başqa sözlə, elə imkanlar yaradılmalıdır ki, mövcud şirkətlər 10, 15, hətta 20 dəfə böyüyə bilsin, innovativ məhsullarını xarici bazarlara çıxarsın və ixrac imkanlarını genişləndirsinlər. Bu yanaşma bütün istiqamətlər üzrə tətbiq edilməlidir.
Əslində, bu prosesi məhdudiyyətlər nəzəriyyəsi əsasında qurmaq mümkündür. Hər bir istiqamət və hər bir seqment üzrə əvvəlcə ali məqsəd müəyyənləşdirilməli, sonra isə həmin məqsədə çatmağa mane olan məhdudiyyətlər aradan qaldırılmalı və zəruri şərait formalaşdırılmalıdır.
Bildiyiniz kimi, artıq bir neçə ildir ki, Azərbaycanda innovasiya məhsullarının və yüksək texnologiyalar sektorunun inkişafını stimullaşdırmaq məqsədilə vergi güzəştləri tətbiq olunur. Yüksək Texnologiyalar Parkı rezidentləri də bu güzəştlərdən geniş şəkildə yararlanırlar.
Hesab edirəm ki, bu addımlar innovasiya ekosisteminin formalaşdırılması istiqamətində atılan mühüm tədbirlərdən biridir. Lakin bu proses sistemli xarakter daşımalıdır. Eyni zamanda, innovasiya mühitinin daha da inkişaf etdirilməsi üçün hansı əlavə tədbirlərin görülə biləcəyi araşdırılmalı və həmin istiqamətdə ardıcıl iş aparılmalıdır. Belə yanaşma uzunmüddətli və dayanıqlı nəticələrin əldə olunmasına imkan verəcək.
Azərbaycanda innovasiya ekosisteminin inkişafını sürətləndirmək məqsədilə müxtəlif dəstək mexanizmlərinin tətbiqi nəzərdən keçirilir. Bunlara akselerasiya proqramları, startapların inkişafının təşviqi və ümumilikdə ekosistemin bütün iştirakçıları üçün əlverişli mühitin yaradılması daxildir. Artıq müzakirələr təkcə startap subyektlərini deyil, həm də innovasiya ekosisteminin formalaşmasına töhfə verən digər iştirakçıları əhatə edir. Xüsusilə, həmin subyektlər üçün vergi güzəştlərinin tətbiqi məsələsi müzakirə olunan mühüm istiqamətlərdən biridir.
Hesab edirəm ki, bu, ekosistemin inkişafı baxımından olduqca vacib addımdır. Bir məsəli xatırlatmaq istərdim: "İnsana balıq verməkdənsə, balıq tutmağı öyrətmək daha faydalıdır." Dövlət də hazırda məhz belə bir yanaşma ilə innovasiya mühitinin formalaşdırılması üçün zəruri şərait yaratmağa çalışır.
Bu baxımdan İT şirkətlərinə, texnopark rezidentlərinə və innovasiya ekosisteminin digər iştirakçılarına vergi güzəştlərinin tətbiqi mühüm təşviq mexanizmlərindən biri ola bilər. Bu istiqamətdə artıq müzakirələr aparılır və ümid edirəm ki, yaxın gələcəkdə müsbət qərarlar qəbul ediləcək. Nəticədə, uzun illər innovasiya ekosisteminin inkişafına töhfə verən qurumların fəaliyyətinin daha da stimullaşdırılması üçün vergi güzəştlərinin tətbiqi mümkün olacaq.
Bu istiqamətdə müzakirələr artıq aktiv mərhələdə davam edir.
Fərid Kazımov
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İctimai Şurasının üzvü

