Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yüz il əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində yeni bir mərhələnin başlanğıcı olub. Burada müzakirə olunan məsələlər dövrün elmi problemləri ilə yanaşı, türk xalqlarının gələcək inkişaf konsepsiyasını müəyyənləşdirən fundamental ideyaları əhatə edib.
XQ xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimində söyləyib.
Rektor deyib: “Aradan keçən yüz il göstərdi ki, qurultayın qəbul etdiyi elmi prinsiplər bu gün də aktuallığını qoruyub saxlayır. Ortaq mədəni irsin qorunması, milli kimliyin möhkəmləndirilməsi, elmi inteqrasiyanın dərinləşdirilməsi və gələcək nəsillərə etibarlı elmi-mədəni irsin ötürülməsi müasir dövrdə Türk dünyasının qarşısında duran vəzifələrdir. Bu gün türkologiya artıq yalnız filoloji tədqiqat sahəsi deyildir. O, dilçilik, tarix, arxeologiya, etnologiya, mədəniyyətşünaslıq, süni intellekt texnologiyaları və informasiya-kommunikasiya texnologiyalarının inteqrasiyası əsasında inkişaf edən multidissiplinar elmi istiqamətə çevrilib. Müasir dövrdə türkoloji irsin dərindən öyrənilməsi, türk dillərinin, ədəbiyyatlarının, tarixlərinin tədrisinin yeni çağırışlar kontekstində dərinləşdirilməsi həm də müasir elmi inkişafın metodoloji əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Türk dillərinin vahid terminoloji bazasının formalaşdırılması, rəqəmsal lüğətlərin hazırlanması, qədim yazılı abidələrin rəqəmsallaşdırılması, süni intellekt üçün dil resurslarının zənginləşdirilməsi, avtomatik tərcümə və nitqin emalı texnologiyalarının inkişaf etdirilməsi müasir türkologiya elminin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Birinci Türkoloji Qurultayın ideyalarının müasir dövrdə davam etdirilməsi yalnız klassik tədqiqatların aparılması ilə məhdudlaşmamalı, innovativ texnologiyalarla sintez olunmalı, yeni metodologiyalar əsasında inkişaf etdirilməlidir”.
Qeyd edək ki, beynəlxalq konfrans Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə baş tutub.

