El ağsaqqalları fədakarlıq rəmzidir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Tarix boyu azərbaycanlılar dövlət qanunları ilə yanaşı, həm də yazılmamış mənəvi qanunlara–el adətlərinə böyük ehtiramla yanaşıblar. Cəmiyyəti daxildən tənzimləyən, nəsillər və ailələr arasında sarsılmaz bir bağ yaradan ən uca zirvə isə “El ağsaqqalı” statusudur.  Bu titulu insana xalq özü – onun keçdiyi dürüst ömür yoluna, obyektivliyinə, təmənnasız xidmətinə və el-obaya olan bağlılığına görə bəxş edir. Belə desək, el ağsaqqalı xalqın gözündə ədalət tərəzisidir.

Ailələrdə yaranan ixtilaflardan tutmuş, qonşular, kəndlər arasındakı münaqişələrə qədər ən çətin məqamlarda son sözü həmişə o deyir. Çox vaxt tərəflərin bir-birinə güzəştə getmədiyi böyük küsülülüklər el ağsaqqalının tək bir "Xeyir ola, barışın" kəlamı ilə bitir. Çünki onun sözünü yerə salmaq el adətinə, kökə və mənəviyyata qarşı çıxmaq deməkdir.

Xalqımızın yaddaşında el ağsaqqalları həm də fədakarlıq rəmzidir. Xüsusilə Vətən müharibəsi dövründə və ondan sonrakı çətin bərpa illərində bu insanların üzərinə nəhəng psixoloji və mənəvi yük düşdü. Cəbhəyə oğul uğurlayan, şəhid atalarının çiyinlərini dik tutan, elin hər bir kədərini və sevincini özününkü bilən məhz bu ağsaqqallar oldu. Onlar gənclərə vətənə sadiqliyi təkcə kitablarla deyil, öz şəxsi dik duruşları və mətanətləri ilə aşılayırlar. El ağsaqqalı olan yerdə heç vaxt ümidsizlik, başıaşağılıq ola bilməz.

Bu gün bəziləri el ağsaqqalı institutunun keçmişdə qaldığını, gənclərin artıq fərqli çağırışlarla yaşadığını iddia edə bilər. Lakin bu, böyük bir yanlışlıqdır. İnformasiya çoxluğunun insanı çaşdırdığı, rəqəmsal dünyada səmimiyyətin itdiyi bir dövrdə el ağsaqqalının müdrik və təmkinli baxışına, onun həyat süzgəcindən keçmiş nəsihətlərinə cəmiyyətin ehtiyacı həmişəkindən daha çoxdur.

El ağsaqqallarından biri də Səmədağa Səmədovdur. 1950-ci il noyabr ayının 15-də Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. 1957-1967-ci illərdə Xolqaraqaşlı kənd orta məktəbini bitirib. 1969-cu ildə Bakı Dövlət Universitetinə qəbul olub. 1973-cü ildə bitirib. Tələbəlik illərində Axundov təqaüdçüsü olub. Zaqafqaziya, Komsomol məktəbində təhsil alıb. 1981-ci ildə isə Kənd Təsərrüfatı Akademiyasını bitirir.

1973-cü ildən 1974-cü ilə qədər Neftçala rayon Gündoğar qəzetində fotomüxbir işləyir. 1974-cü ildən 1978-ci ilədək Neftçala şəhər komitəsinin katibi, 1982-ci ildən 1987-ci ilə qədər Rayon Komsomol Komitəsinin katibi, 1987-ci ildən 1989-cu ilə qədər Neftçala rayon Yusif Qasımov adına Kolxozun sədri vəzifəsində çalışmışdır. Səmədağa müəllim çalışdığı bu müddət ərzində təcrübəli bir kadr kimi daha da önə çəkilir. 1989-1990-cı illərdə Neftçala rayon Mərkəzi Seçki Komitəsinin sədri,1990-cı ildən 1992-ci ilə qədər Neftçala Pambıq Təmizləmə zavodunun direktoru,1992-1993-cü illərdə Neftçala rayon İcra Hakimiyyəti başçısınin müavini,1994-cü ildən 1996-cı illərdə Çörək Zavodunun direktoru, 1996-cı ildən 2012-ci ilə  qədər isə Neftçala rayon "Neftçala Pambıq" ASC-nin sədri vəzifəsində çalışır. Çalışdığı müddətdə rayon sakinlərinin rəğbətini qazanmış, əlindən gələn köməyi əsirgəməmişdir. Rayon əhlinin xeyir-şərində həmişə öndə olmuşdur. Odur ki, rayon sakinləri Səmədağa müəllimə el ağsaqqalı kimi qəbul edir.

Sözsüz ki, el ağsaqqalları bizim mənəvi dəyərlərimizdir. Nə qədər ki, hər bir şəhərimizdə, kəndlərimizdə sözü keçən, məsləhətinə qulaq asılan nurani ağsaqqallarımız var, milli kimliyimiz və birliyimiz heç vaxt sarsılmayacaq. Odur ki, elin dayağı olan böyüklərimizi qoruyaq və onların xeyirxah əməllərini gələcək nəsillərə ötürək. Ağsaqqal nəsihətini unikal edən cəhət onun nəzəriyyəyə deyil, birbaşa real yaşayışa, təcrübəyə əsaslanmasıdır. Nurani bir ağsaqqal gənclərə müraciət edib “təmkinli ol”, “halallıqdan ayrılma” və ya “el qədri bil” deyəndə, bu sözlər sadəcə quru kəlamlar olmur. O, bu prinsiplərin fərdin və cəmiyyətin həyatını necə xilas etdiyini onilliklər boyu öz gözləri ilə görmüş şəxsdir.

Ağsaqqal nəsihəti insanı təkəbbürdən qoruyur, ona çətin anlarda səbirli olmağı, uğur qazananda isə ayaqlarını yerdən üzməməyi öyrədir. Bu nəsihətlər gənclik enerjisi ilə müdrikliyin sintezini yaradır. 

Xalqımızın tarixində böyük şəxsiyyətlərin, qəhrəmanların yetişməsində ağsaqqal nəsihətinin rolu əvəzolunmazdır. Cəbhəyə gedən əsgərə verilən xeyir-dua, ailə quran gənclərə edilən nəsihət, deyilən “düzlük canın cövhəridir” kəlamı əslində bütöv bir millətin mənəvi kodlarını qoruyub saxlayır.

Səmədağa müəllim bir el ağsaqqalı kimi küsülüləri barışdırır, kimsəsizlərə əl tutur. Çətinliyə düşən insanlar onun qapısını döyür, ondan kömək umur, məsləhət alırlar. Onu bu yaşa çatdıran qəlbindəki, canındakı həyat eşqidi. Və yəqin ki, bir də camaatın alqışı, duasıdı.

Mehriban ata, qayğıkeş insan övladı Toğrulu halal zəhməti ilə bõyütmüş və həmişə onun uğurlarına sevinmiş, fərəhlənmişdir. Toğrulun da həyatda amalı bir olmuşdur: hər zaman atasınn başını uca etmək.

Müşfiq MİRZƏ
XQ

Sosial həyat