Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyunun 29-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmən xalqının Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədov ilə telefon danışığı aparıb.
XQ rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, danışıq əsnasında Şavkat Mirziyoyev və Qurbanqulu Berdiməhəmmədov bu ilin oktyabrında Türkmənistanda keçiriləcək Mərkəzi Asiya və Azərbaycanın dövlət başçılarının Səkkizinci Məşvərət Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.
Özbəkistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib, ona cansağlığı, ailə xoşbəxtliyi, qardaş türkmən xalqına isə rifahı, sülh və firavanlıq arzulayıb.
Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını Özbəkistan liderinə çatdırıb.
Tərəflər strateji tərəfdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, bütün səviyyələrdə sıx və səmərəli əlaqələr saxlanılır. Ticarət həcmi durmadan artır, sənaye, energetika, nəqliyyat və digər prioritet sektorlarda əməkdaşlıq layihələri həyata keçirilir. “Şavat-Daşoğuz” ticarət zonası səmərəli fəaliyyət göstərir, həmçinin regionlararası biznes, mədəni və humanitar mübadilələr genişlənir.
Hökumətlərarası Komissiyanın və Biznes Şurasının Aşqabadda keçirilən son iclaslarının nəticələri də yüksək qiymətləndirilib.

