Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Almaniyada 2027-ci ilə qədər bütün kişilər üçün məcburi hərbi xidmətin yenidən tətbiqi ehtimalı müzakirə olunur.
XQ xəbər verir ki, bu addım, ordunun şəxsi heyət ehtiyacının yalnız könüllü xidmətlə ödənilmədiyi halda nəzərdən keçirilə bilər.
Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Tomas Rövekampın açıqlamasına görə, əgər müəyyən edilən hədəflərə könüllü xidmət sistemi vasitəsilə çatmaq mümkün olmasa, ölkə məcburi hərbi xidmət modelinə qayıtmalı olacaq. Onun sözlərinə görə, bu istiqamətdə yekun qərarın gələn ilin iyulun 31-dək verilməsi gözlənilir.
Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə dayandırılıb. Lakin Ukraynadakı müharibədən sonra Avropada təhlükəsizlik mühitinin dəyişməsi Almaniyanın müdafiə siyasətinə yenidən baxmasına səbəb olub. Bu çərçivədə ehtiyat qüvvələrin artırılması və ordu sayının təxminən 185 mindən 260 min nəfərə çatdırılması planlaşdırılır.

