"UFC Fight Night Baku" çərçivəsində keçirilən ilkin kart qarşılaşmasında digər təmsilçimiz Fərman Həsənov Erik Nolan üzərində qələbə qazanıb.
XQ xəbər verir ki, yarışdan sonra baş tutan mətbuat konfransında F.Həsənov döyüş barədə fikirlərini bölüşüb: “Özümü əla hiss edirəm. UFC-də ilk döyüşüm idi, üstəlik doğma vətəndə çıxış edirdim. Bu mənim üçün əlavə motivasiya oldu. Qələbə qazanmaq qürurvericidir. Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Başımı qaldıranda tribunada öz millətimi görmək mənə xüsusi güc verir. Bu qələbəni xalqıma həsr edirəm”.
Rəqibin ləqəbi ilə bağlı verilən suala isə döyüşçü belə cavab verib: “Rəqibin ləqəbi "axşam vaxtı"dır. Ola bilər ki, onun ləqəbi ABŞ vaxtına görə uyğun seçilib. Amma hazırda Bakı vaxtı ilə axşamdır”.
Debütant müqavilə və gələcək planlarına da toxunub: “UFC ilə 4 döyüşlük müqaviləm var. Hazırda orada məşqlərimizi və toplanışlarımızı keçiririk. Təxminən 3 həftə əvvəl ABŞ-də idim. Orada yaşamaq məsələsinə gəlincə, bizim milli mətbəxə öyrəşmişik. ABŞ-də bunu tapmaq çətindir, ona görə getsək də, geri qayıtmağa çalışırıq”.
Qeyd edək ki, digər təmsilçilərimiz Nazim Sadıqov və əsas döyüşdə Rafael Fiziyev də birazdan oktaqona çıxacaqlar.
Tacir SADIQOV
Cavid QAÇAYEV (foto)
XQ

