Tahir Abdullayev: “Vətənimdə uduzmaq şansım yox idi”

post-img

Öz vətənimdə, öz xalqımın qarşısında döyüşürdüm. Burada uduzmaq kimi bir şansım yox idi.

“Xalq qəzeti” xəbər verir ki, bu sözləri “UFC Fight Night” çərçivəsində yarımorta çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisi Tahir Abdullayev mətbuat konfransında deyib.

Debüt döyüşündə braziliyalı rəqibi Cefferson Nasimentu üzərində vaxtından əvvəl nokdaunla qələbə qazanan T. Abdullayev bildirib ki, bu qələbə tam haqqı idi:
“Düzdür, qələbəni üçüncü raundda qazandım. Lakin döyüş başlayan kimi rəqibim geri çəkilirdi. Mən ona peşəkar şəkildə döyüşməsini bildirdim. Əvvəlki mətbuat konfransında da qeyd etmişdim ki, Masallı və Sumqayıt güləş məktəbi Braziliya sambasından güclüdür. Bunu meydanda bir daha sübut etdim.”

T. Abdullayev oktaqona “Mehtər marşı” ilə çıxmasının səbəbini də açıqlayıb:
“Mən ‘Mehtər marşı’nı sevirəm. Məni tanıyanlar bilir ki, daim bu musiqi ilə çıxış edirəm.”

Azərbaycanlı döyüşçü növbəti rəqibi ilə bağlı isə bunları deyib:
“Növbəti rəqiblə bağlı planım yoxdur. Biz rəqib seçmirik, rəqibləri bizə təqdim edirlər.”

Qeyd edək ki, digər təmsilçilərimiz Nazim Sadıqov, Fərman Həsənov və əsas döyüşdə Rafael Fiziyev də oktaqona çıxacaqlar.

Tacir SADIQOV

Cavid QAÇAYEV (foto)
XQ

İdman