Azərbaycan və Peru diplomatik münasibətlərinin 30 illiyi Limada qeyd olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Perunun paytaxtı Lima şəhərində Azərbaycan və Peru arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərginin rəsmi açılış mərasimi təşkil edilib.

XQ xəbər verir ki, Peru Xarici İşlər Nazirliyində keçirilən tədbirdə iki ölkə arasında son 30 il ərzində formalaşan siyasi, diplomatik, mədəni və humanitar əlaqələrin inkişaf mərhələləri nümayiş etdirilib.

Sərgi Peru Xarici İşlər Nazirliyi ilə Azərbaycanın Peruda akkreditə olunmuş diplomatik nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub. Açılış mərasimində çıxış edən Azərbaycanın Meksikadakı və eyni zamanda Perudakı səfiri Seymur Fətəliyev bildirib ki, Azərbaycan və Peru arasında diplomatik münasibətlər 25 iyun 1996-cı ildə qurulub. O vurğulayıb ki, ötən üç onillik ərzində siyasi dialoq, parlamentlərarası əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, eləcə də mədəniyyət və təhsil sahələrində əlaqələr ardıcıl şəkildə genişlənib.

Səfir qeyd edib ki, 2025-ci ildə iki ölkənin Xarici İşlər nazirlikləri arasında keçirilən ilk siyasi məsləhətləşmələr münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Rəsmi səfərlər, parlamentlərarası təmaslar və humanitar layihələr isə dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verib.

Çıxışlarda bildirilib ki, sərgi yalnız diplomatik münasibətlərin tarixini əks etdirmir, eyni zamanda Azərbaycan və Peru arasında etibarlı tərəfdaşlığın və gələcək əməkdaşlıq perspektivlərinin də simvoludur.

Peru xarici işlər nazirinin müavini, səfir Erik Anderson da çıxışında son 30 ildə formalaşan dostluq münasibətlərini yüksək qiymətləndirərək siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tədbir çərçivəsində diplomatik münasibətlərin 30 illiyi münasibətilə hazırlanmış yubiley poçt açıqcası, xüsusi poçt zərfi və poçt möhürü təqdim olunub. Peru Poçt Xidmətinin nümayəndəsi Xorxe Santa Kruz Montero bu filateliya nümunələrinin iki ölkə arasında dostluq və qarşılıqlı hörmətin rəmzi olduğunu bildirib.

Yubiley poçt açıqcası və zərfində Azərbaycanın füsunkar Göygölü ilə Perunun məşhur Titikaka gölü təsvir edilib. Bu dizayn hər iki ölkənin təbii gözəlliklərini və zəngin mədəni irsini əks etdirir.

Xüsusi poçt möhüründə isə Azərbaycanın simvollarından olan Qız qalası və Alov qüllələri ilə yanaşı, Perunun tarixi abidəsi Maçu-Pikçu yer alıb. Dizayn coğrafi baxımdan uzaq yerləşən iki ölkəni dostluq və əməkdaşlıq dəyərləri ətrafında birləşdirən rəmzi məna daşıyır.

Mərasim zamanı yubiley poçt zərfinin rəsmi möhürlənməsi də həyata keçirilib. Prosesdə səfir Seymur Fətəliyev, Peru xarici işlər nazirinin müavini Erik Anderson və Peru Poçt Xidmətinin nümayəndələri iştirak ediblər.

Rəsmi hissədən sonra qonaqlar Azərbaycan–Peru münasibətlərinin 30 illik tarixini əks etdirən sərgi ilə tanış olublar. Ekspozisiyada 1996-cı ildən bu günədək ikitərəfli əlaqələrin inkişafını göstərən fotoşəkillər, arxiv sənədləri və digər materiallar nümayiş olunub. Burada yüksəksəviyyəli qarşılıqlı səfərlər, diplomatik görüşlər, ilk siyasi məsləhətləşmələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də mədəni, akademik və humanitar əlaqələrin əsas mərhələləri ziyarətçilərə təqdim edilib.

Böyük maraqla qarşılanan sərgi 15 gün ərzində ziyarətçilərin ixtiyarında olacaq və Azərbaycan ilə Peru arasında dostluq münasibətlərinin tarixini nümayiş etdirməyə davam edəcək.















Siyasət