Azərbaycan Milli Kitabxanası Vatikan nümayəndə heyətini qəbul edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 27-də Azərbaycan Milli Kitabxanasında Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri, arxiyepiskop Covanni Çezare Paqatzi, Vatikan Apostol Kitabxanasının icraçı rəhbəri Mauro Mantovan və Vatikan Apostol Arxivinin icraçı rəhbəri Rocco Ronzaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

XQ xəbər verir ki, görüş zamanı Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq onların Azərbaycana səfərinin kitabxanaçılıq, arxiv işi, elmi araşdırmalar və mədəni əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Milli Kitabxana bu gün regionun ən böyük elmi-mədəni mərkəzlərindən biri hesab olunur. Hazırda kitabxananın fondunda 5 milyona yaxın çap və elektron sənəd qorunur, elektron resurslardan istifadə edən onlayn oxucuların sayı 10 milyonu ötür, hər il isə 330 mindən artıq oxucu kitabxananın xidmətlərindən yararlanır.

Direktor qeyd edib ki, Milli Kitabxana beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Bu çərçivədə dünyanın 65 milli kitabxanası ilə əməkdaşlıq memorandumu imzalanıb, 90-dan çox ölkə ilə beynəlxalq kitab mübadiləsi həyata keçirilir.

Kərim Tahirov çıxışında Məhəmməd Füzulinin "Hədiqətüs-süəda" əsərinin XVI əsrə aid orijinal əlyazmasının Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmasını ölkənin mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyan tarixi hadisə kimi qiymətləndirib.

Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri, arxiyepiskop Covanni Çezare Paqatzi isə Azərbaycan Milli Kitabxanasında olmaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, kitabxananın zəngin fondu, nadir əlyazmalar kolleksiyası və müasir rəqəmsal imkanları onu beynəlxalq səviyyədə nüfuzlu elm və mədəniyyət müəssisələrindən birinə çevirir.

Arxiyepiskop ötən il Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri zamanı Vatikan Apostol Kitabxanası və Apostol Arxivini ziyarət etdiyini xatırladaraq, bu əlaqələrin əməkdaşlığın inkişafına mühüm təkan verdiyini bildirib.

O qeyd edib ki, Azərbaycana səfəri çərçivəsində dövlət qurumları, elm və mədəniyyət müəssisələrinin nümayəndələri ilə səmərəli görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycanın, eləcə də türk xalqlarının tarixi-mədəni irsinə aid qiymətli əlyazmaların müəyyənləşdirilməsi, bərpası, qorunması və rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən birgə layihələrin uğurla davam etdiyi vurğulanıb.

Covanni Çezare Paqatzi, həmçinin Azərbaycan Milli Kitabxanası ilə Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında əməkdaşlıq memorandumunun imzalanmasına maraq göstərdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sənəd gələcəkdə kitabxanaçılıq, arxiv işi, elmi tədqiqatlar və mədəni irsin qorunması sahəsində yeni birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradacaq.

Rəsmi görüşdən sonra nümayəndə heyəti Milli Kitabxananın müxtəlif şöbələri ilə tanış olub. Qonaqlar mütaliə zalları, Beynəlxalq əməkdaşlıq zalı, Nadir kitablar və Kitabxana muzeyi, eləcə də Not nəşrləri və səsyazmaları şöbəsini ziyarət edərək burada qorunan nadir nəşrlər, qədim əlyazmalar, müxtəlif ölkələrin ədəbiyyat guşələri, miniatür kitab kolleksiyası və digər qiymətli eksponatlarla yaxından tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyətinə Petrucci Beynəlxalq Rəqəmsal Musiqi Kitabxanası haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, müəllif hüquqları tam qorunmaqla Azərbaycan Milli Kitabxanası tərəfindən 450-dən artıq not nəşri bu beynəlxalq rəqəmsal platformaya inteqrasiya olunub və dünya musiqi irsinin qorunmasına mühüm töhfə verir.

















Elm