Mərkəzi Afrika Respublikasında vəba ilə bağlı epidemiya vəziyyəti elan edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Mərkəzi Afrika Respublikasının Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyasının yayıldığını rəsmən elan edib. Qurumun açıqlamasına əsasən, paytaxt Banqinin cənub-qərbində yerləşən Bimbo və Mbayki səhiyyə dairələrində yoluxma halları sürətlə artdığı üçün epidemiya rejimi tətbiq olunub.

XQ xəbər verir ki, rəsmi məlumatlara görə, indiyədək vəba ilə əlaqədar 24 nəfər həyatını itirib, 197 nəfərdə isə xəstəlik laborator müayinələr və klinik əlamətlər əsasında təsdiqlənib. Səhiyyə orqanları yoluxan şəxslərin müalicəsinin davam etdirildiyini, eyni zamanda yeni yoluxmaların qarşısının alınması istiqamətində tədbirlərin gücləndirildiyini bildirir.

Nazirlik epidemiyanın nəzarət altına alınması məqsədilə zərərçəkmiş ərazilərdə dezinfeksiya işləri, əhalinin maarifləndirilməsi, təmiz içməli suyun təmin olunması və tibbi müşahidə tədbirlərinin həyata keçirildiyini açıqlayıb. Risk qrupuna daxil olan yaşayış məntəqələrində monitorinqlər də intensivləşdirilib.

Mütəxəssislərin sözlərinə görə, vəba əsasən bakteriya ilə çirklənmiş su və qida məhsulları vasitəsilə yayılır. Xəstəlik kəskin ishal və ciddi susuzlaşma ilə müşayiət olunur və vaxtında müalicə aparılmadıqda ölümcül nəticələrə səbəb ola bilər. İnkişaf etmiş ölkələrdə sanitar-gigiyenik şərait hesabına xəstəlik böyük ölçüdə nəzarətdə saxlanılsa da, təmiz su və kanalizasiya infrastrukturunun məhdud olduğu regionlarda hələ də ciddi ictimai sağlamlıq problemi olaraq qalır.

Hazırda səlahiyyətli qurumlar yoluxmanın ilkin mənbəyini müəyyənləşdirmək üçün epidemioloji araşdırmaları davam etdirir. Qeyd edək ki, bu, Mərkəzi Afrika Respublikasında qeydə alınan beşinci vəba epidemiyasıdır.
 

Dünya