Rafael Fiziyev: "Görüşü möhtəşəm zərbə ilə tamamladığıma hələ də inana bilmirəm"

post-img

İnana bilmirəm ki, bu möhtəşəm zərbə ilə görüşü tamamladım. Xalqıma təşəkkür edirəm. XQ xəbər verir ki, yarışdan sonra təşkil olunan mətbuat konfransında azərbaycanlı döyüşçü Rafael Fiziyev qarşılaşmanı belə şərh edib: “Döyüş zamanı demək olar ki, heç nə görmürdüm. Birinci raunddan sonra görmə qabiliyyətim tamamilə zəiflədi. Güman edirəm ki, sol gözümə dəqiq zərbə dəymişdi. Hər iki gözümü açanda hər şey ikiqat görünürdü. Hətta indi də baxanda görüntü bir qədər bulanıq və ikiləşmiş şəkildədir. Raund bitdikdən sonra küncə qayıdanda demək olar ki, heç nə seçə bilmirdim. Sol gözümü bağlayanda nisbətən görə bilirdim, açanda isə görüntü tam itirdi. Hər şey dördqat görünürdü. Komandama dedim ki, gözümü təmizləsinlər. Təmizlədilər, amma vəziyyət dəyişmədi. Öz-özümə düşünürdüm ki, bu halda döyüşü necə davam etdirim? Təxminən beş dəqiqə sonra sol gözümü yavaş-yavaş açmağa başladım. Yenidən döyüşə qayıtdım və düşündüm ki, nə olacaqsa, olsun. Bir anda fürsət yarandı, zərbə dəydi və başladığım işi sona qədər davam etdirdim".

Fiziyev atasının döyüş zamanı ciddi stress keçirdiyini də qeyd edib: “Atam çox danışan insan deyil. Mənə inanır və daim dəstək olur. Bu dəfə isə çox gərgin idi, normal yata bilmirdi. Düşünürəm ki, bəlkə də üç qutu siqaret çəkib".

Qeyd edək ki, döyüşü vaxtından əvvəl başa buran Rafael Fiziyev buna görə əlavə 100 min avro mükafat qazanıb.

Tacir SADIQOV 
XQ



İdman