Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
NASA/ESA-ya məxsus "Hubble" kosmik teleskopu kainatın dərinliklərindən heyrətamiz görüntülər təqdim etməkdə davam edir. Rəsədxana bu dəfə elmi dairələrdə və astronomiya həvəskarları arasında "Çılçıraq topası" kimi tanınan NGC 6723 kürəvi ulduz topasını lentə alıb. Səma cismlərinin bu dərəcədə sıx yerləşməsi vizual olaraq nəhəng kosmik çılçırağın üzərindəki parıldayan işıqları xatırladır. Oxşar kürəvi topalar on minlərlə, bəzən isə bir neçə milyon ulduzun vahid qravitasiya sahəsində sıx birləşdiyi nəhəng kosmik strukturlardır. Sözügedən obyekt Yer kürəsindən təxminən 27 min işıq ili məsafəsində, Oxatan bürcündə yerləşir və tərkibindəki ulduzlar öz qədimliyi ilə seçilir.
"Çılçıraq topası"na daxil olan fərdlər bizim qalaktikanın — Süd Yolunun ən qədim sakinləri hesab olunur. Onların bəzilərinin yaşı 10 milyard ili ötür, ayrı-ayrı ulduzlar isə demək olar ki, Kainatın özü ilə həmyaşıddır. NASA mütəxəssislərinin bildirdiyinə görə, bu növ kürəvi topalar Süd Yolunda formalaşan ilk strukturlardan olub. Onlar çox güman ki, hazırda Günəşin də daxil olduğu nazik ulduz diskinin yaranmasından milyardlarla il əvvəl mövcud idilər.
Lakin bu topaların dəqiq formalaşma mexanizmi müasir astrofizikada hələ də açıq sual olaraq qalır. Məhz bu səbəbdən "Hubble" və "James Webb" kimi kosmik rəsədxanalar diqqətlərini bu obyektlərə yönəldiblər. Uzun illər boyu astronomlar elə hesab edirdilər ki, kürəvi topadakı bütün ulduzlar tək bir irimiqyaslı qaz sıxılması nəticəsində eyni vaxtda doğulur. Lakin "Hubble" vasitəsilə aparılan son müşahidələr NGC 6723 sistemində tamamilə fərqli yaş qruplarına aid ulduzların olduğunu üzə çıxarıb. Bu mühüm fakt kürəvi ulduz topalarının yaranma tarixinin əvvəllər güman edildiyindən qat-qat mürəkkəb və təkamüllü bir proses olduğunu sübut edir.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

