Türkiyənin Xəzinədarlıq və Maliyyə naziri Mehmet Şimşək iqlim dəyişikliyinin bu gün artıq qlobal iqtisadi risk olduğunu bildirərək, "İqlim dəyişikliyi ilə bağlı tədbirlər təkcə ətraf mühitin qorunması ilə deyil, həm də böyümənin, sabitliyin və rifahın qorunması ilə bağlıdır" deyə söyləyib.
M.Şimşək London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən Xalis Sıfır Çatdırılma Zirvəsində çıxış edib.
Şimşək son 10 ildə iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı müzakirələrin hədəflərə və öhdəliklərə yönəldiyini, lakin indi bu hədəfləri həyata keçirməyin vaxtı olduğunu söyləyib və əlavə edib ki, əksər ölkələrin artıq iddialı hədəfləri var. Şimşək əsas sualın bu məqsəd və planların lazımi sürətlə və miqyasda həyata keçirilə biləcəyini bildirərək, “İqlim tədbirlərinin iqtisadi əsaslandırılması son dərəcə aydındır. İqlim dəyişikliyi ilə mübarizə apara bilməsək, xərclər olduqca yüksək olacaq. Tədqiqatların çoxu göstərir ki, hərəkətsizliyin xərci iqlim fəlakətinin qarşısının alınması xərcindən dəfələrlə çoxdur. İqlim tədbirləri yalnız ətraf mühitin qorunması ilə deyil, həm də böyümənin, sabitliyin və rifahın qorunması ilə bağlıdır” deyə bildirib.
O, maliyyələşdirmə tərəfində bəzi çətinliklərin olduğunu da qeyd edib: “Çindən kənarda inkişaf etməkdə olan ölkələrin iqlim məqsədlərinə çatmaq üçün 2030-cu ilə qədər illik təxminən 2,5 trilyon dollar maliyyələşdirməyə ehtiyacı olacağı proqnozlaşdırılır. Əksinə, hazırkı maliyyələşdirmə axınları ildə cəmi 200 milyard dollar civarındadır. Biz tələb olunan miqyasdan çox uzağıq”.
Nazir Şimşək maliyyələşdirmə boşluğunun səbəbinin kapital çatışmazlığı deyil, əksinə bu kapitalı geniş miqyasda səfərbər etmək və onu həyati əhəmiyyətli iqlim layihələrinə yönəltmək ehtiyacı olduğunu vurğulayıb.
Bu boşluğu aradan qaldırmağın hər kəsin əsas prioritetlərindən biri olmalı olduğunu bildirən Türkiyənin Xəzinədarlıq və Maliyyə naziri Mehmet Şimşək sözünə davam etdirib: “İqlim riski artıq gələcək üçün risk deyil. Bu, artıq bu gün üzləşdiyimiz iqtisadi riskdir. Üstəlik, problem yalnız ölkələrlə məhdudlaşmır; bu, qlobal problemdir. Qlobal miqyasda iqlimlə bağlı itkilərin yalnız dörddə biri sığortalana bilər. Qalan hissənin yükü ev təsərrüfatlarının, şirkətlərin və hökumətlərin üzərinə düşür. Buna görə də iqlim riski getdikcə ölkə riskinə çevrilir. Ölkə riski isə öz növbəsində zamanla maliyyə qeyri-sabitliyinin mənbəyinə çevrilmək qabiliyyətinə malikdir”.
Şimşək qlobal maliyyə sistemində daha sadə, sürətli və effektiv iqlim maliyyəsi arxitekturasına ehtiyac olduğunu bildirib.
Şimşək həmçinin xatırladıb ki, Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) ölkələr 2035-ci ilə qədər illik 300 milyard dollarlıq yeni iqlim maliyyələşdirmə hədəfi barədə razılığa gəliblər və həmçinin 1,3 trilyon dollar səfərbər etmək üçün yol xəritəsi yaradıblar.
Türkiyənin COP31 sədrliyi çərçivəsində prioritetləri ilə bağlı nazir Şimşek qeyd edib ki, “bu ilki prioritetlərimizdən biri elektrikləşdirmədir. Son enerji şokları bizə enerji təhlükəsizliyinin, əlçatanlığın və dayanıqlılığın artıq ayrıca nəzərdən keçirilə bilməyəcəyini xatırlatdı. Bu kontekstdə, elektrikləşdirmənin sürətləndirilməsi və 2035-ci ilə qədər son enerji istehlakında elektrik enerjisinin payının artırılması ilə bağlı qlobal müzakirə başlatdıq”.
M.MİRZƏ
XQ

