Xərçəng xəstəliklərinin müalicəsində uzun illərdir aparılan tədqiqatlar daha effektiv və fərdiləşdirilmiş müalicə üsullarının tətbiqinə yol açır. Bu istiqamətdə əldə olunan son nailiyyətlərdən biri bərk şişlərin müalicəsi üçün dünyada ilk CAR-T hüceyrə terapiyasının təsdiqlənməsi olub. Mütəxəssislərin fikrincə, bu, onkologiya sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Bu barədə "Reuters" beynəlxalq xəbər agentliyi məlumat yayıb. Agentliyin xəbərinə görə, Çin Xalq Respublikasının dərman vasitələrinə nəzarət üzrə tənzimləyici qurumu mədə xərçənginin müəyyən formalarının müalicəsi üçün bərk şişlərə qarşı hazırlanmış dünyada ilk CAR-T hüceyrə terapiyasını təsdiqləyib.
Məlumata əsasən, yeni müalicə üsulu xəstənin öz immun hüceyrələrinin laboratoriya şəraitində genetik cəhətdən dəyişdirilərək yenidən orqanizmə köçürülməsinə əsaslanır. Dəyişdirilmiş hüceyrələr xərçəng hüceyrələrini tanıyaraq onları məhv etmək qabiliyyətinə malik olur. İndiyədək bu texnologiya əsasən qan xərçəngi növlərinin müalicəsində tətbiq edilirdi. Bərk şişlərə qarşı ilk dəfə təsdiq alması isə tibb elmində mühüm yenilik hesab edilir.
Mənbənin yazdığına görə, yeni terapiyanın yaxın həftələrdə xəstələr üzərində tətbiqinə başlanılması nəzərdə tutulur. Mütəxəssislər hesab edirlər ki, bu yenilik gələcəkdə mədə xərçəngi ilə yanaşı, digər bərk şişlərin müalicəsində də hüceyrə terapiyalarının tətbiqini genişləndirə bilər.
Onkoloqların qənaətinə görə, immun sisteminin imkanlarından istifadə edən innovativ müalicə üsulları xərçənglə mübarizədə yeni perspektivlər açır və fərdiləşdirilmiş tibbin inkişafına mühüm töhfə verir. Bu baxımdan son elmi nailiyyət dünya səhiyyəsində mühüm hadisələrdən biri kimi dəyərləndirilir.
N.Adilqızı
XQ

