WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar

post-img

3 gündən sonra–mayın 17-dən 22-dək Bakı şəhəri daha bir mötəbər tədbirə - Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) ev sahibliyi edəcək. WUF13 qlobal miqyasda dayanıqlı və innovativ şəhərsalma həllərinin müzakirə olunduğu, bu sahədə “yaşıl iqtisadiyyat” və dövlət-özəl sektor əməkdaşlığının prioritetləndirildiyi nüfuzlu platformadır. Bu tədbir yalnız şəhərsalma mütəxəssisləri üçün deyil, sahibkarlar və startaplar üçün də faydalıdır. Konfrans və sərgi (“Urban Expo”) olmaqla iki hissədən ibarət forum biznes üçün nadir fürsət və imkanlar təqdim edəcək.

Ölkəmizin biznes subyektləri və startaplar da WUF13-də fəal iştirak etməklə beynəlxalq təcrübədən yararlana, işgüzar əlaqələrini genişləndirə, məhsul və xidmətlərini qlobal auditoriyaya çatdıra bilərlər.

Qlobal təcrübə və tərəfdaşlıq

WUF13 çərçivəsində təşkil olunacaq konfransda yerli və beynəlxalq ekspertlərin, dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə dayanıqlı şəhərsalma həlləri, “yaşıl iqtisadiyyat” və innovativ texnologiyalar mövzusunda geniş müzakirələr aparılacaq. Bunun sahibkarlar üçün faydaları beynəlxalq təcrübə və bilik mübadiləsi baxımından qlobal trendlərin, uğurlu layihələrin və innovativ həllərin öyrənilməsində özünü göstərir. Eyni zamanda, biznes şəbəkəsinin genişləndirilməsi yeni tərəfdaşlıqlar qurmaq və investisiya imkanlarını araşdırmaq imkanı yaradır. Beynəlxalq standartlara uyğunlaşma isə sahibkarlara biznes strategiyalarını qlobal bazara uyğun şəkildə təkmilləşdirməyə imkan verir.

Müxtəlif ölkələrdə təşkil olunmuş WUF-ların təcrübəsi göstərir ki, sahibkar və startaplar bu tədbirdə iştirak etməklə bir sıra müsbət geridönüşlər əldə edirlər.

“Urban Expo”: innovativ şəhərsalma həlləri

WUF13 çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisi sahibkarlara innovativ məhsullarını, “ağıllı şəhər” texnologiyalarını və dayanıqlı inkişaf həllərini geniş beynəlxalq auditoriyaya təqdim etmək imkanı yaradacaq. Burada sahibkarlar beynəlxalq investorlar və tərəfdaşlarla birbaşa əlaqələr qurmaq, yeni bazarlara çıxış imkanlarını genişləndirmək, innovativ layihələrini tanıtmaq və qlobal auditoriya ilə paylaşmaq imkanı əldə edəcəklər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və WUF13 Əməliyyat Şirkətinin birgə əməkdaşlığı çərçivəsində sahibkarlar üçün WUF13-ün biznes üçün faydalarına dair “Bakı KOB evi”ndə məlumatlamdırma sessiyası təşkil olunub. KOBİA-nın təşkilatçılığı ilə forumun Biznes və İnnovasiya Mərkəzində mayın 21-də “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirə təşkil olunacaq. Bu görüşün keçirilməsində məqsəd KOB-ların dayanıqlı şəhər inkişafında rolunun gücləndirilməsi, inklüziv və davamlı şəhər mühitlərinin formalaşdırılmasına töhfələrini artırmaqdır. Həmçinin “Urban Expo” sərgisində KOBİA və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə stendində tikinti və şəhərsalma sahəsində fəaliyyət göstərən sahibkarların məhsul və xidmətləri nümayiş olunacaq, eləcə də stenddə agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə forum müddətində məlumat veriləcəkdir.

Biznes və İnnovasiya Mərkəzində təqdimatlar

Ümumilikdə, Biznes və İnnovasiya Mərkəzində “Şəhərsalma dəyər zəncirinin praktik tətbiqi” mövzusunda 15 sessiya keçiriləcək. Bu interaktiv sessiyalarda dayanıqlı şəhərsalma və layiqli mənzil təminatının tərəfdaşlar, şirkətlər və biznes assosiasiyaları tərəfindən həyata keçirilən real layihələr və təcrübələr sayəsində necə inkişaf etdirildiyi nümayiş etdiriləcək.

Özəl sektoru bütün müxtəlifliyi ilə əks etdirən mərkəz irimiqyaslı şirkətlərdən tutmuş kiçik və orta bizneslər, startaplar və biznes assosiasiyalarına qədər geniş iştirakçı auditoriyasını ehtiva etməklə yanaşı, innovasiya, texnologiya və şəhərsalma problemləri ilə bağlı yeni yanaşmaları ön plana çıxaracaq. Mərkəz, həmçinin şəhərlər, investorlar və biliklərini təcrübədə tətbiq edən mütəxəssislər arasında mübadiləni təşviq edərək ideyaların icrayönümlü yanaşmalara çevrilməsinə və şəhərsalma üzrə dəyər zənciri sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

Həmçinin Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş etdirmələri üçün xüsusi məkan - Startap Pavilyonu təqdim olunacaq. Dünya üzrə 10 ölkədən seçilmiş 14 startap layihəsinin iştirakı etdiyi bu pavilyonun məqsədi yeni subyektlərin səsinə səs vermək və həm mənzil təminatının, həm də şəhərsalma problemlərinin həlli üçün miqyaslanan ideyaları ön plana çıxarmaqdır.

Sahibkarlar və startaplar WUF13-ün Biznes və İnnovasiya Mərkəzi və sərgi, ümumiyyətlə, forumun proqramı barədə ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərlər: https://wuf.unhabitat.org/main-events

Beləliklə, WUF13 şəhərsalma ilə bağlı yeniliklərin müzakirə olunduğu tədbir olmaqla yanaşı, həm də sahibkarlar və startaplar üçün qlobal trendlərlə tanış olmaq, innovativ ideya və məhsullarını təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq, eləcə də dayanıqlı və “ağıllı şəhər” konsepsiyalarının inkişafında aktiv iştirak etmək üçün əlverişli platformadır.

XQ

İqtisadiyyat