Cəbrayıl və Zəngilanın beynəlxalq tranzit potensialı

post-img

Orta Dəhliz burada Zəngəzur marşrutuna qovuşacaq

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın siyasi, sosial və iqtisadi tarixində mühüm yer tutan, müxtəlif mərhələlərdən keçmiş strateji regiondur. Bu ərazilər uzun illər boyu ölkənin tarixi, mədəni və iqtisadi potensialının ayrılmaz hissəsi olub.

Lakin 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində region işğala məruz qalıb, yüz minlərlə insan doğma yurdlarından didərgin salınıb, şəhər və kəndlər viran edilib. Təxminən 30 il davam edən işğal dövrü Qarabağ və Şərqi Zəngəzurun inkişafını tamamilə dayandırmaqla yanaşı, bu əraziləri regionun ən böyük humanitar və ekoloji fəlakət zonalarından birinə çevirib.

2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası və 2023-cü ildə dövlət suverenliyinin tam təmin olunması ilə bölgədə yeni tarixi mərhələ başlayıb. Torpaqların geri qaytarılması ilə yanaşı, son bir neçə ildə dağıdılmış coğrafiya yenidən qurulur, sosial həyat bərpa olunur, həmçinin region ölkənin ümumi iqtisadi sisteminə inteqrasiya edilir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur hazırda Azərbaycanın ən böyük milli inkişaf layihəsinin mərkəzində dayanır.

2020–2026-cı illər ərzində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması məqsədilə ümumilikdə 30,5 milyard manat vəsait ayrılıb. Bunun 22,3 milyard manatı 2020–2025-ci illəri əhatə edən dövrdə yönəldilib ki, həmin məbləğin də 18,5 milyard manatı birbaşa investisiya xərclərinin payına düşür. Dövlətin bu istiqamətdə maliyyə dəstəyi ardıcıl şəkildə davam etdirilir: 2025-ci il üçün 4,7 milyard manat, 2026-cı il üçün isə 3,5 milyard manat həcmində vəsait nəzərdə tutulub.

Azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində məskunlaşma prosesi də uğurla davam edir. Mayın 13-də növbəti köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınıb. Bu mərhələdə Zəngilan şəhərinə 59 ailə, ümumilikdə 235 nəfər, Şükürbəyli kəndinə isə 97 ailə, yəni 419 nəfər köçürülüb. Qeyd edək ki, mayın 10-da – Prezident İlham Əliyev Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşərək onlara mənzillərin açarlarını təqdim edib.

Bu hadisə uzun illərdən sonra Zəngilan şəhərinin öz doğma sakinlərinə yenidən qovuşmasının rəmzi kimi xüsusi əhəmiyyət daşıyıb. Bundan bir gün əvvəl isə Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köç edən sakinlərlə görüşərək onların yeni yaşayış şəraiti ilə tanış olublar. Bu addımlar dövlətin “Böyük Qayıdış” siyasətinin mərhələli və sistemli şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə 40-dan çox yaşayış məntəqəsində 85 minə yaxın insan yaşayır. Bura doğma torpaqlarına qayıtmış keçmiş məcburi köçkünlərlə yanaşı, burada müxtəlif peşə sahələrində işləyən və təhsil alan insanlar da daxildir.

Dövlətin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı bu strateji yanaşmanın əsas sütunlarından biridir. Rəsmi məlumatlara görə, işğaldan azad edilmiş ərazilərdə artıq səkkiz şəhərin Baş planı, üç şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə şəhərsalma əsaslandırmaları təsdiqlənib. Son 5 ildə Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Şuşa və digər azad edilmiş ərazilərdə görünməmiş miqyasda bərpa-quruculuq işləri aparılır.

Yeni avtomobil və dəmir yolları çəkilir, tunellər və körpülər inşa olunur, beynəlxalq hava limanları istifadəyə verilir, elektrik stansiyaları və su anbarları tikilir. Paralel olaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı üçün müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, sosial xidmət mərkəzləri və istehsal müəssisələri yaradılır.

Regionun kənd təsərrüfatı, turizm, sənaye və logistika potensialı ölkənin uzunmüddətli inkişaf strategiyasında mühüm rol oynayır. Xüsusilə “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində burada günəş və hidroenerji layihələrinin həyata keçirilməsi Azərbaycanın enerji siyasətində yeni istiqamət müəyyən edir. Yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurun zəngin Günəş və su ehtiyatları hesabına bölgənin elektrik enerjisi istehsalı potensialının 700 meqavata yaxınlaşacağı gözlənilir.

Artıq Zəngilan, Laçın və Kəlbəcərdə ümumi gücü 300 meqavatdan çox olan su elektrik stansiyaları istifadəyə verilib. Bununla yanaşı, Cəbrayılda ölkənin ən iri günəş enerjisi layihələrindən biri həyata keçirilir. Burada inşa olunan üç günəş elektrik stansiyasının ümumi gücü 340 meqavat təşkil edəcək. Bu layihələr Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsinə, “yaşıl enerji” strategiyasının reallaşdırılmasına və bölgədə yeni məşğulluq imkanlarının yaradılmasına mühüm töhfə verəcək.

Yaşayış və təhsil infrastrukturunun mərhələli şəkildə bərpası ilə paralel olaraq, azad edilmiş ərazilərdə məşğulluğun təmin edilməsi də dövlət siyasətinin əsas prioritetlərindən biri kimi həyata keçirilir. Bölgəyə qayıdan vətəndaşların dayanıqlı məşğulluğunun təmin olunması məqsədilə həm dövlət sektorunda yeni iş yerləri yaradılır, həm də özəl təşəbbüslərin genişlənməsi üçün əlverişli şərait formalaşdırılır. Xüsusilə kənd təsərrüfatı sahəsində – heyvandarlıq, əkinçilik və bitkiçilik istiqamətlərində fəaliyyət göstərmək istəyən sakinlər üçün geniş imkanlar açılır.

Bununla yanaşı, regionun sənaye potensialının inkişafı istiqamətində də mühüm addımlar atılır. Cəbrayıl rayonunda fəaliyyət göstərən Araz Vadisi İqtisadi Zonası bu baxımdan strateji layihələrdən biridir. Ümumi sahəsi 200 hektar olan sənaye zonasında hazırda 20 rezident fəaliyyət göstərir və bir sıra müəssisələr artıq istehsal prosesinə başlayıb. Paralel olaraq, Ağdam Sənaye Parkı da regionun iqtisadi dirçəlişində mühüm rol oynayır. Parkda müxtəlif istehsal və xidmət müəssisələrinin yaradılması həm yeni investisiyaların cəlbinə, həm də yüzlərlə yeni iş yerinin açılmasına şərait yaradır.

Qarabağ və Şərqi Zəngəzur əlverişli coğrafi mövqeyi ilə seçilən, mühüm strateji əhəmiyyətli regiondur. Bu ərazi regiondaxili və beynəlxalq nəqliyyat bağlantılarının kəsişdiyi vacib məkanda yerləşərək böyük tranzit potensialı formalaşdırır. Xüsusilə Cəbrayıl və Zəngilan rayonları beynəlxalq nəqliyyat dəhlizləri baxımından xüsusi önəm daşıyır. Perspektivdə reallaşması nəzərdə tutulan Zəngəzur dəhlizi məhz bu ərazilərdən keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat bağlantısı yaradacaq, eyni zamanda, regionun beynəlxalq logistika və tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Gələcəkdə Ermənistanla sərhəd kommunikasiyalarının açılması və Zəngəzur dəhlizi layihəsinin reallaşması Zəngilanın geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Bu halda Zəngilan Azərbaycanın iki qonşu dövlətlə birbaşa sərhəd-keçid imkanlarına malik nadir və strateji rayonlarından birinə çevriləcək. Belə bir coğrafi mövqe bölgəni təkcə milli deyil, həm də regional və beynəlxalq nəqliyyat-logistika sisteminin mühüm halqasına çevirir.

Zəngilanın üstünlüyü ondadır ki, o, eyni vaxtda bir neçə beynəlxalq nəqliyyat marşrutunun kəsişmə nöqtəsində yerləşir. Bir tərəfdən, bu ərazi Orta Dəhliz çərçivəsində Şərq-Qərb nəqliyyat xəttinin vacib hissəsi kimi Naxçıvan üzərindən Türkiyə və daha sonra Avropa bazarlarına çıxışı təmin edir. Digər tərəfdən isə Şimal-Cənub marşrutu vasitəsilə Ağbənd üzərindən İran və Fars körfəzi istiqamətinə uzanan yeni tranzit imkanları yaradır.

Bu nəqliyyat və logistika imkanlarının formalaşması Zəngilanı gələcəkdə beynəlxalq ticarət, yükdaşıma və investisiya axınlarının cəmləşdiyi strateji mərkəzə çevirə bilər. Başqa sözlə, Zəngilan yalnız Qarabağın bərpaolunan rayonlarından biri deyil, həm də Azərbaycanın yeni regional iqtisadi arxitekturasında xüsusi yer tutacaq əvəzolunmaz logistika və tranzit qovşağı kimi nəzərdə tutulur. Mövcud infrastruktur layihələrinin tempi və dövlətin uzunmüddətli planları göstərir ki, bu strateji baxış mərhələli şəkildə reallığa çevrilməkdədir.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat