Bəşəriyyətin sosial-iqtisadi, mədəni tərəqqisini şərtləndirən əsas amillər sırasında şəxsiyyət amili həlledici yerə malikdir. Heç bir dövlətin, cəmiyyətin inkişafını dahi şəxsiyyətlərin həyat və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyil. Tarixin təlatümlü çağlarında məhz belə şəxsiyyətlər irəliyə çıxaraq öz liderlik və xilaskarlıq missiyasını yerinə yetirməklə həm öz xalqının, həm də bəşəriyyətin tarixində misilsiz iz qoyurlar. Belə tarixi şəxsiyyətlər, bir qayda olaraq, lideri olduğu xalqın gələcək inkişaf strategiyasını müəyyənləşdirməklə onun sonrakı taleyinin təyin edilməsi məsuliyyətini də öz üzərinə götürmüş olurlar.
Bu mənada, XX əsr Azərbaycan tarixinin yetirdiyi ən parlaq və nadir şəxsiyyətlərdən biri olan xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın müstəqillik tarixində müstəsna rol oynamış və onun qorunub inkişaf etdirilməsində misilsiz xidmətlər göstərmişdir.
Azərbaycanın mürəkkəb keşməkeşli, eyni zamanda, şərəfli hadisələrlə zəngin olan çağdaş tarixinin çox böyük və mühüm hissəsi məhz Heydər Əlirza oğlu Əliyevin həyatı və fəaliyyəti ilə bilavasitə bağlıdır. Tariximizin ən təlatümlü, mürəkkəb dövrlərində Heydər Əliyev xalqına rəhbərlik məsuliyyətini və missiyasını öz üzərinə götürmüş, onun yaradıcılıq potensialını düzgün istiqamətləndirməklə, real faciələrdən və fəlakətlərdən qorumağa nail olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyevin mənəvi və siyasi varisi İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir”.
Azərbaycan xalqının bəxti onda gətirib ki, Tanrı onun qismətinə dünyanın ən güclü şəxsiyyətlərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevi bəxş edib. Heydər Əliyev istər totalitar sovet rejiminin sərt qaydaları çərçivəsində, istərsə də müstəqil Azərbaycan dövlətinin ağır sınaqlarla üzləşdiyi bir şəraitdə millətin lideri kimi ona rəhbərlik məsuliyyətini öz üzərinə götürərək, milli lider statusuna və adına layiq olduğunu təsdiq etmiş, xalqın yaddaşında əbədi qalmaq hüququnu qazanmışdır.
Böyük intellektə, geniş dünya görüşünə, qeyri-adi rəhbərlik və idarəçilik qabiliyyətinə malik olan ulu öndər Heydər Əliyevin imza atdığı bütün qərarlar məhz Azərbaycanın gələcək sosial-iqtisadi, mədəni-mənəvi tərəqqisinin təmin edilməsinə yönəlmiş, dövlətimizin dünya birliyində layiqli yer tutmasına hesablanmışdır.
Ümummilli lider Heydər Əliyevin həyatı öz xalqına təmənnasız xidmətin bariz nümunəsidir. Harada fəaliyyət göstərməsindən, hansı vəzifə tutmasından asılı olmayaraq onun başlıca amalı doğma xalqının rifahı və maraqları olmuşdur.
Heydər Əliyev fəaliyyət göstərdiyi bütün dövrlərdə üzərinə götürdüyü missiyanı şərəflə daşımış, xalqını ən çətin və bəzi hallarda çıxılmaz vəziyyətlərdən xilas etmişdir. Onu bir lider kimi fərqləndirən əsas xüsusiyyətlərdən biri öz xalqına inanması və xalqının ona olan etimad və hörmətini uca tutması idi. Azərbaycan xalqı da, öz növbəsində, böyük övladına dəyər vermiş, tarixinin ən ağır anlarında ona üz tutmuş, öz nicat yolunu yalnız onda görmüşdür. Məhz bu qarşılıqlı inam və qarşılıqlı etimad, “Xalq-Heydər Əliyev” birliyi dövlətimizi və millətimizi ən ağır faciələrdən qorumuş, onu tərəqqi və rifah yoluna çıxarmışdır.
Əksər sovet rəhbərləri kimi, Heydər Əliyev də yüksək partiya və sovet orqanlarında vəzifələrə yüksələnə qədər xüsusi xidmət orqanlarında çalışaraq adi işçidən sovet respublikalarının birinin Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor rütbəsinə çatmışdır. Əyalətdə doğulub boya-başa çatmış bir gəncin bu orqanlarda ən yüksək vəzifəyə qədər çatmasında, ilk növbədə, Heydər Əliyevin şəxsi keyfiyyətləri, bilik və bacarıqları, peşəkarlığı mühüm rol oynamışdır. Bununla bağlı o, 2001-ci ildə verdiyi müsahibələrdən birində qeyd edirdi ki, “...Mən fəaliyyətimin ilk illərindən həmişə çalışqanlığımla, işə vicdanlı münasibətimlə fərqlənmişəm. Odur ki, məni cavanlıqdan ardıcıl sürətdə vəzifəyə irəli çəkirdilər. Xatirimdədir, mən hələ 1945-ci ildə leytenant rütbəsində dövlət təhlükəsizliyi orqanlarında bir bölmənin rəisi olarkən tabeliyimdə podpolkovniklər, mayorlar, kapitanlar vardı. Bilirsiniz, leytenant olaraq pillə-pillə irəliləyib general rütbəsinə çatmaq zabit üçün müstəsna haldır”. Doğurdan da, sadə bir azərbaycanlının, müsəlmanın o dövrün reallıqları şəraitində təhlükəsizlik orqanlarında yüksək vəzifəyə gəlməsi həmin dövr üçün görünməmiş hadisə idi.
DTK-da işlədiyi müddətdə Heydər Əliyev təhlükəsizlik orqanlarının milli kadrlarla təmin edilməsi, milli ziyalıların (Bəxtiyar Vahabzadə, Xəlil Rza, Ziya Bünyadov və b.) təqib və təzyiqlərdən qorunması, milli şüurun möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirdi. Stalin repressiyalarına məruz qalmış insanların reabilitasiya olunmaları üçün ciddi addımlar atıldı. Eyni zamanda, Heydər Əliyevin Azərbaycan DTK-na rəhbərlik etdiyi dövrdə SSRİ-nin dövlət təhlükəsizliyinə qarşı xaricdən gələn təhdid və təxribatların, xüsusən ifrat millətçiliyin və separatçı meyillərin qarşısının alınması ilə bağlı operativ işlər də həyata keçirilmişdi. Məhz respublika DTK-nın sədri işləyərkən Heydər Əliyevin SSRİ-nin bir çox rəhbər xadimləri ilə, xüsusən o vaxt SSRİ DTK-nın sədri olan Yuri Andropovla sıx əlaqələri yaranmış, onun fəaliyyəti haqqında mərkəzdə çox yüksək fikir formalaşmışdı. Bütün bunlar onun gələcək siyasi karyerasına öz müsbət təsirini göstərmişdi.
1960-cı illər SSRİ-nin tarixinə nisbi siyasi sabitlik dövrü kimi daxil olsa da, bu illərdə Azərbaycan SSR-in sosial-iqtisadi vəziyyəti, əhalinin rifahı getdikcə pisləşirdi. İnkişafın bir sıra göstəricilərinə (milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, əmək məhsuldarlığına və s.) görə Azərbaycan SSR SSRİ-nin digər respublikalarından dəfələrlə geri qalırdı. 1969-cu ildə SSRİ-də ümumi məhsul 43 faiz artdığı halda, Azərbaycan SSR-də bu artım cəmi 22 faiz təşkil etmişdi. Bu göstərici bütün SSRİ respublikaları arasında ən aşağı göstərici idi. Ümumi məhsulun adambaşına düşən istehsal göstəricisi də başqa sovet respublikaları ilə müqayisədə ilbəil azalırdı. Azərbaycan SSR milli gəlirin həcminə görə Ümumittifaq səviyyəsindən 2 dəfə, əsas fondlara görə 1,8 dəfə, kapital qoyuluşu üzrə 1,7 dəfə geri qalırdı.
Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi.
Neqativ proseslərin iqtisadi və sosial tənəzzülün qarşısını almaq üçün Azərbaycan rəhbərliyində artıq köklü kadr dəyişikliklərinə zərurət yaranmışdır. Bu zərurət mərkəzdə–SSRİ rəhbərliyində də artıq dərk edilmişdir. Ona görə də hələ 1969-cu ilin əvvəllərindən Kremlin kuluarlarında Azərbaycandakı vəziyyət müzakirə edilir, respublikanın ovaxtkı rəhbəri Vəli Axundovun yerinə namizəd axtarılırdı. Həmin dövrdə kadr siyasəti ilə bağlı məsələlərdə həlledici mövqeyə malik SSRİ DTK-nın sədri, Siyasi Büronun üzvü Yuri Andropov Heydər Əliyevi yaxşı tanıdığından onun namizədliyini irəli sürmüşdü. Yuri Andropov Heydər Əliyevi Moskvaya dəvət edərək onunla söhbət aparmış və onun namizədliyinin daha münasib olduğunu bildirmişdir. Lakin Heydər Əliyev respublikada vəziyyətin ağır olduğunu, özünün bu vəzifəyə hələlik hazır olmadığını bildirərək təklifdən imtina etmişdi. Lakin görünür, mərkəzi hakimiyyət Heydər Əliyevlə bağlı artıq qəti qərara gəlmişdi. Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul plenumunda Heydər Əliyev KP MK-nın birinci katibi seçildi. Beləliklə, təqribən 13 il ərzində–1969-cu ilin iyulundan 1982-ci ilin noyabrına qədər Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etdi. Bir çox parametrlərinə görə bu illər Azərbaycanın siyasi və iqtisadi tarixində mühüm mərhələ təşkil edir.
Bu dövrdə Heydər Əliyev SSRİ rəhbərliyindəki böyük nüfuzundan və şəxsi əlaqələrindən istifadə edərək Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üçün Sovet İttifaqı hökuməti tərəfindən beş xüsusi qərarın qəbul edilməsinə və böyük həcmdə vəsaitin ayrılmasına nail oldu. Bu qərarlarda XX əsrin 70-80-ci illər arasında və daha sonrakı dövrdə respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə həyata keçirilən iqtisadi və sosial siyasət nəticəsində uzunmüddətli geriliyə son qoyulmuş, iqtisadiyyatın əksər sahələrində dinamik artım əldə edilmiş, siyasi sabitlik təmin edilmişdi. Bu illər ərzində Azərbaycan SSR-də milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı 2 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmışdır.
70-ci illərdə Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, təhsili, elm və mədəniyyəti də özünün ən yüksək inkişaf səviyyəsinə qalxdı. Bu dövrdə ölkədə təhsil müəssisələrinin şəbəkəsi genişləndirilmiş, onların strukturunda mühüm dəyişikliklər baş vermiş, təhsilin forma və məzmunun yaxşılaşdırılması sahəsində ciddi uğurlar əldə edilmiş, əhalinin ümumtəhsil səviyyəsi sürətlə yüksəlmişdi. Elmin inkişafında çox böyük müsbət dəyişikliklər baş vermişdi. 70-ci illərdə Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması, elmi müəssisələrin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi gələcəkdə Azərbaycanın müstəqil inkişafı üçün zəruri intellektual zəmin yaratmışdı.
Bu dövrdə Azərbaycan SSR-in əldə etdiyi nailiyyətlər sovet rəhbərliyinin də diqqətini cəlb etmiş, respublika iki dəfə SSRİ-nin ali mükafatı olan “Lenin” ordeni ilə təltif edilmişdir.
O, 1982-ci ildə Moskvaya SSRİ ali siyasi rəhbərliyinə təyin olunarkən bizə çiçəklənən bir ölkə qoyub getmişdir. Bu uğurların əldə edilməsində xalqımız, birinci növbədə həmin dövrdə respublikaya rəhbərlik etmiş, Heydər Əliyevin fövqəladə və cahanşümul liderlik istedadına borcludur. Hələ o zaman sovet Azərbaycanına rəhbərlik etdiyi zaman bir çox siyasətçilər, analitiklər onun başqa sovet rəhbərlərindən fərqli mübarizliyi, kreativliyi, rejimin mahiyyətindən irəli gələn məhdudiyyətləri dəf edərək qarşıya qoyduğu məqsədlərə necə nail olmağın strategiya və taktikasına malik olan bir lider olduğunu sezmişlər.
Düzdür, o zamanlar yəni sovet dövründə hansısa liderin qeyri-adi idarəçilik keyfiyyətləri haqqında açıq danışmaq qəbul edilməsə də, siyasi kuluarlarda onun gələcəyin əsas fiqurlarından biri olacağı haqqında çox söhbətlər gedirdi. Bir sovet respublikası çərçivəsində xalqın sosial-iqtisadi problemlərini uğurla həll etməsi, qısa müddət ərzində öz respublikasını sovet respublikaları arasında öncüllər sırasına çıxarması onun liderik keyfiyyətlərinin heç də tam olmayan təzahürü idi. Sonrakı proseslər bunu bariz şəkildə təsdiq etdi. Heydər Əliyevin unikal idarəçilik qabiliyyəti, yüksək mənəvi və xarizmatik liderlik keyfiyyətləri onun sovet dövlət idarəçiliyinin zirvəsinədək yüksəlməyinə imkan vermişdir.
Yeri gəlmişkən, sovet rəhbərliyi Heydər Əliyevin Azərbaycanda apardığı siyasətin nəticələrindən təbii ki, xəbərdar idi və onun Moskvaya – SSRİ rəhbərliyinə gətirilməsi Kremldə geniş müzakirə olunurdu. Burada Sov.İKP MK-nın baş katibi L.Brejnevin mövqeyi, onun Heydər Əliyev ilə şəxsi tanışlığı (Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Brejnev Azərbaycana 3 dəfə səfər etmişdir), ona simpatiyası da mühüm amil oldu. Kadr siyasətində həlledici sözə malik olan Yuri Andropov da Heydər Əliyevin Moskvaya yüksək vəzifəyə təyin edilməsinin əsas təşəbbüskarlarından biri idi.
1982-ci ilin noyabrında Heydər Əliyev ilə bağlı siyasi qərar qəbul olundu. 59 yaşlı Heydər Əliyev Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O dövrdə SSRİ-nin siyasi elitasından yazan bir çox müəlliflər Heydər Əliyevin təyinatını Yuri Andropovun onu Nazirlər Sovetinin gələcək sədri kimi görməsi ilə əlaqələndirirdilər. Lakin SSRİ-də yazılmamış qanunlar da hökm sürürdü. Həmin qanunlara görə dövlətin və hökumətin başına keçən şəxs yalnız slavyan millətinin nümayəndəsi ola bilərdi. Elə belə də oldu. 1985-ci ildə N.Tixonovun istefasından sonra onun yerinə Qorbaçovun təkidi ilə N.Rıjkov təyin edildi. Bu təyinatı yalnız, Qorbaçovun Heydər Əliyev şəxsiyyətinə qarşı patoloji dözümsüzlüyünün bariz ifadəsi kimi izah etmək olar.
Sovet ali siyasi rəhbərliyində təmsil olunduğu 1982-1987-ci illərdə də Heydər Əliyev öz siyasi və mənəvi prinsiplərinə sadiq qalmış, Qorbaçovun və ətrafının şovinist, ermənipərəst siyasətinə qarşı daim etirazını bildirmiş, nə yüksək vəzifədə işlədiyi illərdə, nə də 1991-ci ilə qədər təqiblərə məruz qaldığı dövrdə öz xalqının maraqlarına heç vaxt xilaf çıxmamışdır. O, Kremldə çalışdığı dövrdə Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra qərarların qəbul edilməsinə nail olmuş, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə qarşı çıxmış, ermənilərin məkrli torpaq ilhaqı siyasətinə qarşı barışmaz mövqe tutmuşdur.
Həmin illərdə Heydər Əliyev yenə də öz fitri istedadı ilə insanlarda ruh yüksəkliyi yaratmaq, yeni işlərə həvəsləndirmək, novatorluq və kreativliyi ilə ətrafındakı inert rəhbərlərdən kəskin şəkildə fərqlənirdi. Məhz bu fərqləndirici xüsusiyyətlərinə görə Heydər Əliyev bir sıra xarici ekspertlərin diqqətini cəlb etmiş, bir sıra nüfuzlu nəşrlərdə onun haqqında yazılar dərc olunmuşdu. Təsadüfi deyildir ki, Çernenko və Andropovdan sonra o, sovet rəhbərliyinə ən layiqli namizəd hesab edilirdi. Lakin Qorbaçovun onun dünya və SSRİ məkanındakı formalaşmış yüksək nüfuzuna qısqanclıqla yanaşması, Heydər Əliyevin müstəqilliyi, baş verən proseslərə özünün fərqli münasibəti son nəticədə bu böyük şəxsiyyətin Kremldən uzaqlaşdırılmasına gətirib çıxardı. Lakin o tam şəkildə təcrid olunmasına baxmayaraq, Azərbaycanla bağlı proseslərə biganə qalmamışdır.
1990-cı ilin yanvarında Azərbaycan xalqının azadlıq hərəkatını boğmaq üçün Moskva Bakıya qoşun göndərərək qırğınlar törətdi. Kremlin bu hərəkətinə qarşı Heydər Əliyev kəskin etiraz etmiş, Azərbaycan SSR-in Moskvadakı nümayəndəliyinə gələrək öz mövqeyini bildirmişdir. Təqaüddə olmasına baxmayaraq, M.Qorbaçov Heydər Əliyevin Azərbaycandakı böyük nüfuzundan xəbərdar idi və respublikadakı qarşısıalınmaz prosesləri dayandırmaq üçün ona müraciət etməli olmuşdur. Lakin Heydər Əliyev öz mövqeyindən dönməmiş, xalqının yanında olduğunu bildirmişdir.
Ozamankı SSRİ və Azərbaycan SSR rəhbərliyinin siyasi təqib və təzyiqlərinə məruz qaldığına görə öz doğma vətəninə Naxçıvana pənah gətirdi. 1991-1992-ci illərdə müstəqillik əldə etmiş Azərbaycanda bəlkə də ən ağır vəziyyət Naxçıvanda yaranmışdır. Bu qədim türk diyarı Ermənistanın işğalı və real məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır şəraitdə Naxçıvan bölgəsini Heydər Əliyevin dühası, dünya səviyyəsində etiraf olunan diplomatik və siyasi qabiliyyəti xilas etdi. Naxçıvana rəhbərlik etdiyi qısa müddət ərzində bütün siyasi, diplomatik imkan və vasitələrdən istifadə edərək Azərbaycanın bu kiçik torpağının yaşadığı problemləri bütün dünya ictimaiyyətinə məharətlə çatdırmağa nail olmuşdu.
Beləliklə, Heydər Əliyevin yüksək siyasi diplomatik və strateji keyfiyyətləri bu müqəddəs diyarı real işğal təhlükəsindən xilas etmişdi ki, bu isə onun xalqı qarşısında ən böyük xidmətlərindən biri olmaqla çox böyük tarixi hadisə idi. Yeri gəlmişkən, 1991-1993-cü illərdə dünya KİV-ində Heydər Əliyevin Naxçıvana məharətlə rəhbərlik etdiyini, onun çoxşaxəli fəaliyyətinin bu kiçik diyara sığmadığını etiraf edirdilər. Ölkədə baş verən sonrakı proseslər bu fikrin həqiqiliyini bir daha təsdiq etdi.
1993-cü ildə Azərbaycan parçalanmaq, dünya siyasi xəritəsindən bir müstəqil dövlət kimi silinmək təhlükəsi ilə üzləşəndə onu bu təhlükədən məhz Heydər Əliyev dühası xilas etdi. Öz müdrik qərarları ilə ölkəni vətəndaş qarşıdurmasından, etnik toqquşmalardan, siyasi xaosdan, iqtisadi böhrandan xilas edən və bütün dünyanın diqqətini Azərbaycana cəlb etməyi bacaran böyük siyasətçi, həm də Azərbaycanın ağır dərdi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasi, diplomatik və hərbi səciyyəli addımlar atmaqla gələcək qələbələrimizin əsasını qoydu.
Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, yenilməz iradəsi sayəsində yaradılmış sabit, ictimai-siyasi vəziyyət Azərbaycan Respublikasının gələcək milli inkişaf strategiyasını müəyyənləşdirməyə, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına imkan verdi.
Bütövlükdə, ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə ölkənin iqtisadi inkişafının əsası qoyuldu, ordu quruculuğu sahəsində işlər sürətləndirildi, dövlətimizin suveren yaşayışını təmin edən layihələr həyata keçirildi. Azərbaycan regionda və dünyada baş verən mürəkkəb proseslər fonunda öz milli təhlükəsizliyini təmin etməklə dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildi.
Əcəl milli liderimizin qarşısına qoyduğu işləri başa çatdırmağa imkan verməsə də, bu müqəddəs vəzifələri yerinə yetirmək missiyası onun siyasi və mənəvi varisi, dövlət başçısı İlham Əliyevin üzərinə düşdü. İlham Əliyev prezidentliyi dövründə genişmiqyaslı fəaliyyəti, gördüyü işlər, əldə etdiyi böyük uğurlar onun bu missiyanı necə şərəflə yerinə yetirdiyinin əyani sübutudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin müdrik və uzaqgörən sosial-iqtisadi inkişaf strategiyasının, mükəmməl islahatlar proqramının ardıcıl və yüksək səviyyədə davam və inkişaf etdirilməsi sayəsində Azərbaycanın öz tarixində görünməmiş tərəqqi yoluna çıxmasını təmin etmişdir. İqtisadi sahədə islahatlar prosesinin dərinləşməsi sosialyönümlü siyasətin miqyasını daha da gücləndirdi.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə demokratik inkişaf yolunda həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi kimi ölkəmizdə təkmil siyasi sistem bərqərar olmuş, hüquqi dövlət quruculuğu başa çatmış, milli təhlükəsizliyimiz və ordumuz yüksək səviyyəyə çatdırılmışdı. Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilmişdir. Bütün bunların nəticəsi kimi XXI əsrin II onilliyinin sonunda Azərbaycan iqtisadi, siyasi və hərbi cəhətdən güclü dövlət səviyyəsinə çatdırıldı. Artıq əsas vəzifə ölkənin ərazi bütövlüyünün təmin edilməsi məsələsi idi ki, Prezident İlham Əliyev bu vəzifənin də öhdəsindən ləyaqətlə gəldi. 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm qələbədən sonra Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin tanınmasına məcbur edilməsi İlham Əliyevin hərbi diplomatik bacarığının daha bir nümunəsi oldu.
2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan özünün tarixi əraziləri üzərində tam suverenliyini bərpa etməklə dünyada etnik separatizmi və münaqişələri tamamilə aradan qaldırmaq təcrübəsini nümayiş etdirdi.
Beləliklə, bu qələbə çox böyük dəyər kəsb etməklə yanaşı, Azərbaycan və bütövlükdə regionun gələcək inkişafına öz təsirini göstərmiş və göstərməkdədir.
Bu gün Prezidentimiz İlham Əliyevin və onun sadiq silahdaşı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan xalqı daha qüdrətlə və daha inamla irəliyə doğru addımlayır və ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının həyata keçirilməsi istiqamətində daha möhtəşəm uğurlara imza atır. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasi irsinə sadiqliyin, onun milli inkişaf strategiyasının uğurla həyata keçirilməsinin bariz nümunəsidir.
Ədalət QASIMOV,
AMEA Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru

