Kreml miqrasiya qanununu sərtləşdirir

post-img

Rusiyadakı azərbaycanlı miqrantları nələr gözləyir?

Rusiya miqrasiya siyasətində yeni və daha sərt mərhələyə keçir. Dövlət Dumasında müzakirəyə çıxarılan son qanun layihələri göstərir ki, Moskva artıq miqrantları yalnız əmək bazarının iştirakçısı kimi deyil, həm də iqtisadi, sosial və siyasi nəzarət obyekti kimi qiymətləndirməyə başlayıb. Son aylar açıqlanan statistika və qəbul edilmək üzrə olan qanunlar Kremlin miqrasiya modelini kökündən dəyişdiyini göstərir.

Dövlət Dumasından bu yaxınlarda bildirilmişdi ki, il ərzində 10 aydan az rəsmi işləyən miqrantların yaşayış icazəsi və müvəqqəti yaşamaq hüququ ləğv edilə bilər. Yeni təşəbbüsə əsasən, xarici vətəndaşlar yalnız ölkədə yaşamaqla deyil, həm də davamlı işləmək, vergi ödəmək və ailələrini minimum yaşayış səviyyəsində təmin etmək öhdəliyi ilə üzləşəcəklər. Bu, əslində, Rusiyanın miqrasiya siyasətində mühüm dönüş nöqtəsidir. Uzun illər postsovet məkanından gələn milyonlarla insan üçün əsas əmək bazarlarından biri olan Rusiya indi daha seçici və sərt modelə keçid edir. Əvvəllər əsas məqsəd ucuz əmək qüvvəsinin cəlb edilməsi idisə, hazırda prioritet dövlət nəzarəti, iqtisadi faydalılıq və siyasi loyallıqdır.

Bu siyasətin nəticəsi olaraq, 2026-cı ilin ilk rübündə 8 mindən çox yaşayış icazəsi ləğv edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz artım deməkdir. Müvəqqəti yaşamaq icazəsinin verilməsi 27,5 faiz, daimi yaşayış üçün isə 27,8 faiz azalıb. Rəsmi rəqəmlər bu sərtləşmənin miqrasiya axınlarına birbaşa təsir etdiyini göstərir: həmin dövrdə Rusiyaya daxil olan miqrantların sayı 15 faiz azalıb.

Regionlar üzrə göstəricilər isə fərqlilik nümayiş etdirir. Məsələn, Xantı-Mansi Muxtar Dairəsinə daxil olan Yuqra regionunda 2026-cı ilin ilk rübündə sərhəd-keçid məntəqələri vasitəsilə ölkəyə daxil olan xarici vətəndaşların sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34,4 faiz azalıb.

2025-ci ildə Rusiyada miqrasiya qeydiyyatına alınan xarici vətəndaşların sayı 12,9 faiz azalıb. Miqrasiya xidmətinin məlumatına əsasən, ölkəyə kənardan axın bir neçə hesabat dövrü ərzində ardıcıl şəkildə azalmaqda davam edir. Ən nəzərəçarpan azalma Surqut və Nijnevartovsk beynəlxalq hava limanlarında qeydə alınıb.

Bu statistika təsadüfi xarakter daşımır. Xatırladaq ki, son iki ildə Rusiya hakimiyyəti miqrantlarla bağlı onlarla yeni qanun qəbul edib. Bu qanunların əksəriyyəti nəzarət mexanizmlərinin gücləndirilməsinə, deportasiya əsaslarının genişləndirilməsinə və xarici vətəndaşların davranışlarının daha sərt şəkildə monitorinqinə yönəlib. Rusiya mediasında yayılan məlumatlara görə, deportasiya səbəblərinin sayı, demək olar ki, iki dəfə artırılır. İcazəsiz aksiyalarda iştirak, dövlət siyasətinə qarşı çağırışlar və hətta müəyyən siyasi mövqelər belə ölkədən çıxarılma üçün əsas kimi qiymətləndiriləcək.

Bu yanaşma göstərir ki, Kreml miqrasiya məsələsini artıq yalnız sosial və iqtisadi məsələ kimi deyil, milli təhlükəsizlik və siyasi sabitlik məsələsi kimi görür. Ukrayna müharibəsi fonunda daxili nəzarətin gücləndirilməsi bütün sahələrdə hiss olunur və miqrasiya siyasəti də bu tendensiyanın bir hissəsinə çevrilib. Yeni qanun layihələrində diqqətçəkən başqa məqam miqrant ailələrinin gəlirlərinə nəzarətin gücləndirilməsidir. Təklifə əsasən, miqrant özünü və ailəsini yaşayış minimumu səviyyəsində təmin edə bilmirsə, onun iş patenti və icazə sənədləri uzadılmayacaq. Bundan sonra isə həmin şəxsin 15 gün ərzində ailəsi ilə birlikdə ölkəni tərk etməsi tələb olunacaq.

Digər mühüm dəyişiklik isə maliyyə baryerlərinin yüksəldilməsidir. Mayın 4-də Rusiya hökuməti miqrasiya sahəsində dövlət rüsumlarının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim edib. Yeni təkliflərə görə, Rusiya vətəndaşlığının alınması üçün ödəniş 4 min 200 rubldan 50 min rubla yüksələcək. Müvəqqəti yaşamaq icazəsi üçün rüsum təxminən səkkiz dəfə artırılaraq 15 min rubla çatdırılır. Yaşayış icazəsinin alınması isə artıq 30 min rubla başa gələcək. Yaşayış icazəsinin dəyişdirilməsi üçün 6 min, şəxsiyyəti təsdiq edən sənədin itirilməsi səbəbilə müvəqqəti yaşamaq icazəsinin yenidən verilməsi üçün isə 5 min rubl tələb olunacaq.

Bununla bağlı iqtisadçı-ekspert Mahir Zeynalov XQ-yə bildirdi ki, bu qərarlar iqtisadi baxımdan diqqət çəkir: “Şübhəsiz ki, sanksiyalar, hərbi xərclərin artması və iqtisadi təzyiqlər fonunda Rusiya əlavə büdcə mənbələri axtarışındadır. Miqrasiya sistemi isə getdikcə daha çox gəlir gətirən sahəyə çevrilir. Eyni zamanda, yüksək rüsumlar aşağı gəlirli miqrantların hüquqi status əldə etməsini çətinləşdirir və beləliklə, ölkəyə yalnız iqtisadi cəhətdən daha “faydalı” hesab edilən əməkçi qüvvənin cəlb olunması məqsədi güdülür.

Lakin burada ciddi paradoks yaranır. Çünki Rusiya iqtisadiyyatı hələ də miqrant əməyindən böyük ölçüdə asılıdır. Tikinti, logistika, kənd təsərrüfatı, kommunal xidmətlər və ictimai iaşə kimi sahələrdə ciddi işçi çatışmazlığı mövcuddur. Hərbi səfərbərlik, demoqrafik geriləmə və əmək qabiliyyətli əhalinin azalması bu problemi daha da dərinləşdirib. Bu baxımdan sərt miqrasiya siyasəti qısa müddətdə ictimai dəstək qazansa da, uzunmüddətli perspektivdə iqtisadiyyatda əlavə problemlər yarada bilər”.

Ekspert hesab edir ki, Moskvanın əsas məqsədi miqrant sayını tam azaltmaq deyil, onları daha idarəolunan sistemə salmaqdır: “Rusiya artıq “kütləvi əmək miqrasiyası” modelindən “filtrlənmiş və nəzarət olunan miqrasiya” modelinə keçməyə çalışır. Bu isə gələcəkdə daha çox ixtisaslı, daha çox vergi ödəyən və siyasi baxımdan passiv miqrantların seçilməsi deməkdir”.

Yeni qaydalar Rusiyada fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına da ciddi təsir göstərəcək. Soydaşlarımızın əksəriyyəti ticarət, tikinti, xidmət və logistika sahələrində, həmçinin mövsümi işlərdə çalışdıqları üçün dəyişikliyə daha həssasdırlar. Ailə vəziyyəti və ya biznes maraqları səbəbindən mütəmadi olaraq Azərbaycana qayıdanların yaşayış icazəsinin, yaxud müvəqqəti yaşamaq hüququnun ləğv olunması riskini yaradır. Yeni qanunvericilik rəsmi məşğulluğun fasiləsizliyini və ildə 10 ay işləmə tələbini əsas şərt kimi irəli sürür. Rüsumların artması isə qanuni statusun qorunmasını maliyyə baxımından çətinləşdirəcək.

Bu sərtləşmə isə azərbaycanlı miqrantların Türkiyə, Avropa və Körfəz ölkələri kimi alternativ istiqamətlərə üz tutmasını sürətləndirə bilər. Rusiyada qalmağa davam edənlər üçün isə tam rəsmi məşğulluq və vergi intizamı artıq qaçılmaz zərurətə çevrilir.

Bütün bunlara baxmayaraq, Rusiyanın azərbaycanlı əməkçilərə olan ehtiyacı tam aradan qalxmır. Tikinti, logistika, ticarət və xidmət sektorlarında kadr çatışmazlığının davam etməsi Moskvanı çətin seçim qarşısında qoyur: bir tərəfdən miqrasiya nəzarətini sərtləşdirir, digər tərəfdən isə iqtisadiyyat üçün zəruri olan əmək qüvvəsini itirmək istəmir. Məhz buna görə də yaxın gələcəkdə Rusiyanın daha çox nəzarət edilən, seçilmiş və iqtisadi baxımdan “faydalı” hesab olunan miqrant modelinə üstünlük verəcəyi gözlənilir.

Beləliklə, Moskvanın son addımları göstərir ki, qarşıdakı illərdə Rusiya daha qapalı və daha sərt miqrasiya siyasəti yürüdəcək. Bunun iqtisadi nəticələrinin necə olacağı isə hələlik açıq qalır. Çünki bir tərəfdən Kreml miqrasiya axınını azaltmağa çalışır, digər tərəfdən isə ölkə iqtisadiyyatı milyonlarla xarici işçinin əməyinə ehtiyac duyur. Bu ziddiyyət yaxın illərdə Rusiyanın qarşılaşacağı ən mürəkkəb sosial-iqtisadi problemlərdən birinə çevrilə bilər.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət