Rusiyanın “ekran bülbülü”nün köhnə palan içi tökməkliyi

post-img

Paşinyan Qarabağdan əlini çəkib, Solovyov isə separatizmi körükləyir

Cənubi Qafqazda baş verən hadisələr regionun həm siyasi xəritəsini, həm də informasiya məkanını tamamilə dəyişib. Uzun illər münaqişə, işğal və qeyri-müəyyənlik üzərində qurulan köhnə düzən artıq mövcud deyil.

Azərbaycan 2020-ci ildən sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, bölgədə yeni siyasi reallığın da əsasını qoydu. Qarabağ üzərində tam nəzarətin təmin olunması illərlə formalaşdırılmış mifləri, geosiyasi hesabları və siyasi saxtakarlıqları sarsıtdı.

Məhz buna görə də uzun müddət Qarabağ məsələsindən təsir və təzyiq vasitəsi kimi istifadə edən dairələr yeni vəziyyətlə barışmaqda çətinlik çəkirlər. Bu narahatlıq yalnız diplomatik kabinetlərdə deyil, televiziya studiyalarında, media platformalarında və informasiya savaşının müxtəlif cəbhələrində də hiss olunur. Köhnə miflər yenidən dirçəldilir, tarix manipulyasiya olunur, reallıq isə görməzdən gəlinir.

Rusiyalı teleaparıcı Vladimir Solovyovun “Rossiya 1” kanalında Qarabağ və Gəncəsər monastrı ilə bağlı səsləndirdiyi fikirlər də məhz belə düşüncədən qaynaqlanır. Bu, sadəcə, bir aparıcının emosional çıxışı və ya növbəti televiziya qalmaqalı deyil. Burada daha böyük siyasi xəttin, davam edən informasiya mübarizəsinin və yeni regional reallıqlarla barışmaq istəməyən dairələrin narahatlığı açıq görünür.

Solovyov efirdə Qarabağda, guya, “ermənilərin qədimliyi” barədə danışarkən tarixi faktlardan çox emosional saxtakarlıqlara üstünlük verdi. O, Nikol Paşinyanın Qarabağın Ermənistan ərazisi olmadığı barədə fikirlərinə etiraz edərək köhnə təbliğat tezisini yenidən gündəmə gətirdi. Guya Gəncəsər məbədi xristian kilsəsidirsə, Qarabağ da ermənilərindir. Bu yanaşma ciddi tarixi arqumentdən çox, televiziya şousu səviyyəsində qurulan primitiv məntiq təsiri bağışlayır. Çünki bölgənin dini və siyasi tarixini bir məbədin üzərindən izah etməyə çalışmaq elmi yox, siyasi maraqdan irəli gəlir.

Əslində, Solovyovun yalan və saxtakarlığı ondadır ki, Gəncəsər məbədi onun ermənilərə məxsusluğunun sübutu deyil, əksinə, həmin iddiaları rədd edən ən mühüm tarixi faktlardan biridir. Tarixi mənbələr və kitabələr monastırın Qafqaz Albaniyası ilə bağlılığını açıq şəkildə göstərir. Gəncəsər məbədi əsrlərlə Alban Katolikosluğunun əsas dini mərkəzlərindən biri olub. Monastırın kitabəsində onun Alban kilsəsi ilə bağlı olduğu qeyd edilir. Məbəd 1241-ci ildə Həsən-Cəlal Dövlənin dövründə inşa olunub və onun titulunun “Xaçın Atabəyi” kimi göstərilməsi bu tarixin ermənilərə qətiyyən dəxli olmadığını birbaşa təsdiqləyir.

Azərbaycan tarixşünaslığında Qarabağın alban-türk irsi ilə bağlı çoxsaylı faktlar mövcuddur. Məsələn, akademik Yaqub Mahmudovun araşdırmalarında qeyd olunur ki, Qarabağda alban-qıpçaq etnik-mədəni əlaqələri xüsusilə güclü olub. Mənşəcə türk olan Alban-Xaçın hakimlərinin xristian-qıpçaq nəsilləri ilə qohumluq əlaqələri yaratması bölgədə türk-xristian mədəniyyətinin dərin köklərə malik olduğunu göstərir. Maraqlıdır ki, Qarabağdakı xristian-qıpçaq xanımları özlərini “xatun” titulu ilə təqdim edirdilər. Alban hökmdarları isə “xaqan”, “xan” və “işxan” titulları daşıyırdılar. Alban-qıpçaq kilsələrinin kitabələrində rast gəlinən Mama xatun, Hurişah xatun, Arzu xatun, Vaxtanq Təkin kimi adlar və türk boylarına aid ifadələr bölgənin etnik-mədəni mənzərəsini açıq şəkildə ortaya qoyur.

Bu faktlar göstərir ki, Qarabağın xristian irsini avtomatik şəkildə erməni kimliyi ilə eyniləşdirmək tarixi reallığı təhrif etməkdir. Çünki Qarabağda mövcud olmuş xristian irsi yalnız ermənilərə aid olmayıb. Bölgədə əsrlərlə yaşamış alban-türk icmalarının dini və mədəni izləri bu gün də qalmaqdadır.

Yaqub Mahmudovun qeyd etdiyi kimi, Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın hakimi Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi təqdim olunub. Bu kitabə onun mənşəyinin erməni deyil, qədim türk boylarından Ərsak soyu ilə bağlı olduğunu göstərir. Tarixi mənbələrdə “Ərsak” adı xüsusi yer tutur və bu fakt Qarabağdakı hakim sülalələrin etnik kökləri ilə bağlı erməni versiyasını ciddi şəkildə şübhə altına alır.

Maraqlıdır ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşamış alban xristian məlikləri də Rusiya imperatorlarına ünvanladıqları məktublarda özlərini erməni deyil, alban türkləri kimi təqdim ediblər. Sonradan həmin sənədlər erməni tarixçiləri tərəfindən saxtalaşdırılıb, “Alban türkləri” ifadəsi “Ağvan müsəlmanları”, “Alban Ərsaki nəsli” isə “erməni rəisləri nəsli” ilə əvəz olunub. Bu iddialar ətrafında uzun illər mübahisələr aparılsa da, fakt budur ki, Qarabağın tarixi irsi üzərində informasiya müharibəsi yeni hadisə deyil və bu proses uzun illərdir davam edir.

Qafqazşünas Türkan İlqar isə qeyd edib ki, işğal dövründə Gəncəsər monastırının divar yazıları korlanıb, Alban dövrünə aid ornament və simvolların bir hissəsi məhv edilib, memarlıq quruluşuna müdaxilələr olunub. 2000-ci ildən etibarən “təmir” adı altında aparılan dəyişikliklər nəticəsində kompleksin interyer və fasadında ciddi dəyişikliklər baş verib, qəbiristanlıq hissəsində yeni xaç daşları və əlavələr yerləşdirilib.

Bütün bu dəyişikliklərə baxmayaraq, Gəncəsər monastır kompleksinin memarlıq planı, kompozisiya həlli, heykəltaraşlıq nümunələri və diofizit xüsusiyyətləri onun Qafqaz Albaniyası memarlıq məktəbinə aid olduğunu göstərir.

Ermənilərin Qarabağın yerli əhalisi olmadığını göstərən başqa mühüm faktlardan biri də XIX əsrdə baş verən köçürmə siyasətidir. Türkmənçay müqaviləsindən sonra çar Rusiyası tərəfindən minlərlə erməni İran və Osmanlı ərazilərindən Şimali Azərbaycana köçürüldü. Hətta sovet dövründə separatçı dairələrin özləri də bunu etiraf etmişdilər. 1978-ci ildə Ağdərədə ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə “Marağa-150” abidəsinin ucaldılması bunun ən bariz nümunələrindən biri idi. Maraqlıdır ki, həmin abidə 1988-ci ildə separatçı hərəkat başlayandan sonra elə ermənilərin özləri tərəfindən dağıdıldı. Çünki bu abidə onların “Qarabağda minilliklər boyu yaşamaq” barədə irəli sürdükləri siyasi mifologiya ilə uyğun gəlmirdi.

Qarabağın xristian əhalisinin tarixində ən ağır dönüş nöqtələrindən biri isə 1836-cı ildə baş verdi. Türkmənçay müqaviləsindən cəmi bir neçə il sonra erməni-qriqorian kilsəsi çar hakimiyyətinin dəstəyi ilə Azərbaycan-Alban xristian kilsəsinin ləğvinə nail oldu. Çar hökuməti Alban kilsəsinin bütün əmlakını erməni-qriqorian kilsəsinə verdi. Bundan sonra alban irsinin sistemli şəkildə dəyişdirilməsi, saxtalaşdırılması və erməniləşdirilməsi prosesi başladı. Qarabağın xristian-alban əhalisinin mühüm hissəsi qriqorianlaşdırıldı və zaman keçdikcə erməniləşdirildi. Bu proses regionun tarixi yaddaşına və etnik mənzərəsinə ciddi təsir göstərdi.

Məhz buna görə bu gün Solovyov kimi təbliğatçıların Qarabağdakı bütün xristian irsini “erməni tarixi” kimi təqdim etməyə çalışması XIX əsrdən başlayaraq formalaşdırılmış siyasi və ideoloji xəttin davamıdır. Lakin müasir dövrdə bu yanaşma artıq əvvəlki kimi təsirli deyil. Çünki həm tarixi sənədlər, həm də bölgədə aparılan tədqiqatlar Qarabağın çoxqatlı etnik və dini tarixini açıq şəkildə ortaya qoyur.

Son dövrlərdə sosial şəbəkələrdə yayılan görüntülər də erməni tərəfinin tarixi saxtalaşdırma siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Gəncəsər monastırında xüsusi qoruma altında saxlanıldığı deyilən bəzi “qədim erməni kitablarının” əslində süni şəkildə hazırlanmış materiallar olduğu məlum olub. Kadrlarda “tarixi irs” kimi nümayiş etdirilən bəzi nümunələrin cəmi bir neçə səhifədən ibarət olduğu və qədim görüntüsü yaradıldığı görünür. Bu görüntülər tarixi irs ətrafında aparılan ideoloji manipulyasiyaların hansı həddə çatdığını göstərən nümunələrdən biri kimi təqdim olunur.

Onu da deyim ki, burada əsas məsələ Solovyovun şəxsiyyəti də deyil. Əsas məsələ onun hansı siyasi və informasiya sisteminin məhsulu olmasıdır. Müasir Rusiyada federal televiziya kanalları artıq yalnız media platforması deyil, həm də ictimai rəyin idarə olunması və xarici siyasi mesajların ötürülməsi üçün istifadə edilən ideoloji vasitələrdir. Solovyov da illərdir bu sistemin əsas simalarından biri kimi çıxış edir. Bu səbəbdən onun Qarabağla bağlı səsləndirdiyi fikirləri sırf şəxsi təşəbbüs kimi təqdim etmək inandırıcı görünmür. Solovyov sadə bir şeyi başa düşməlidir: efirdə hay-küy salmaq faktları dəyişdirmir. “Erməni kilsəsi” haqqında istədiyi qədər qışqıra bilər, amma bu, Alban irsinin yox olmasına və Qarabağın Azərbaycan olmaqdan çıxmasına səbəb olmayacaq.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda hərbi mərhələnin başa çatması informasiya və ideoloji qarşıdurmanın bitməsi demək deyil. Əksinə, regionda yeni reallıqlar möhkəmləndikcə, bu vəziyyətlə barışmaq istəməyən dairələrin media və təbliğat vasitələri üzərindən daha fəal fəaliyyət göstərirlər. Qarabağ məsələsində artıq əsas mübarizə yalnız hərbi və diplomatik deyil, həm də tarixi narrativlər, informasiya savaşı və ictimai rəy üzərində gedir. Lakin reallıq dəyişməz olaraq qalır: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Gəncəsər isə regionun çoxqatlı alban-xristian irsinin və ümumilikdə, Cənubi Qafqazın tarixi-mədəni yaddaşının ayrılmaz hissəsidir. Bu abidəni yalnız siyasi məqsədlərlə erməni kimliyi çərçivəsinə salmağa çalışmaq nə tarixi mənbələrlə, nə də elmi faktlarla uzlaşır. Tarixi həqiqətlər emosional şüarlar və təbliğat ritorikası ilə dəyişdirilə bilməz. Televiziya efirində yüksək səslə danışmaq, manipulyativ tezislər irəli sürmək və ya tarixi saxtalaşdırmaq cəhdləri də reallığı dəyişmir. Qarabağ Azərbaycan olaraq qalır. Abidələrimiz mənəvi bağların və tarixi davamlılığın daşıyıcısıdır.

Hazırladı:
P.ƏFƏNDİ
XQ







Siyasət