Xidmət etdiyi hərbi hissədə mahir kəşfiyyatçı kimi tanınan, “AQS-17”-nin “atası” sayılan mayor Anar Novruzov Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı il Aprel və 2020-ci il Tovuz döyüşlərinin qəhrəmanı olub. “Mixaylo” ləqəbli döyüşçü düşmənin qəniminə çevrildiyi üçün ermənilər başına pul ayırıblar.
Tovuz döyüşlərində silahdaşları general Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədovla eyni vaxtda şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Anar Gülverdi oğlu Novruzov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Ərkivan qəsəbəsində küçələrdən birinə onun adı verilib. Vaxtilə yaşadığı evin qarşısında büstü qoyulub. Haqqında kitab yazılıb, sənədli film çəkilib.
Bu günlərdə şəhid mayorun anadan olmasının 50-ci ildönümü qeyd olunub. Məzarı önündə keçirilən mərasimə rayon rəhbərliyi, şəhidin ailə üzvləri, qohumları, müharibə iştirakçıları, qəsəbə sakinləri toplaşıblar. Jurnalist-publisist Akif Ağayev igid kəşfiyyatçının ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan ətraflı söhbət açıb. Tanınmış iş adamı Məşkur Qasımov, Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Əflatun Qurbanov və başqaları Anar Novruzovun həyatının və döyüş yolunun gənc nəslə örnək olduğunu bildiriblər.
Şəhidin oxuduğu C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib. Anar Novuzovun xatirəsinə həsr edilmiş güllə atıcılığı turnirinin qalibləri mükafatlandırılıb.
Unudulmaz zabitin əmisi Bəyverdi Novruzov və qardaşı Sucəddin Novruzov şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qəlblərdə əbədi yaşayan Anar Novruzovun məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

