I MƏQALƏ
Tomas Barakın “aprel tezisi”
İndi haqlı olaraq dünya mediası, o cümlədən Azərbaycan KİV-i ABŞ-ın Türkiyədəki səfiri, prezidentin xüsusi nümayəndəsi Tomas Barakın aprelin 28-də Qarsda keçirilən Gümrü-Qars dəmir yolunun bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası ilə bağlı söylədiyi bir-iki fikri, demək olar ki, “mühüm aprel tezisi” kimi təqdim edirlər. Ən azından həmin fikirlərdə ehtiva olunmuş xoş və birləşdirici niyyət alqışa layiqdir. Son 300 ildə Cənubi Qafqazda gedən və dünyanın böyük güclərinin təsirinin çox olduğu proseslərin məntiqi prizmasında ABŞ-ın rəsmi təmsilçisi tərif edilə bilər. İki səbəbdən.
Birincisi, T.Barak Amerika da daxil olmaqla Qərbin böyük güclərinin əsrlərdir bu region istiqamətində yeritdikləri siyasətin 2020-ci ilin payızından başlayaraq iflasa uğradığını dərk etdiklərini incə və pozitiv auralı diplomatik dillə etiraf etmişdir.
İkincisi, “yeni Cənubi Qafqaz” ifadəsi kontekstində aparıcı yerli gücün ünvanını göstərmişdir: Azərbaycan Respublikası!
İkinci səbəb kimi göstərdiyimiz məqam sadəcə söz və ya kompliment deyildir – realpolitika müstəvisində davamlı və gərgin tempdə gedən regional proseslərin “geosiyasi, siyasi və hərbi anatomiyası”nın yığcam əksidir. Bu qənaəti sübut etmək üçün T.Barakın “aprel tezisi”nin semantikasına baxaq və onun fonunda regional geosiyasi proseslərin ümumi məntiqi işığında “aparıcı niyə Azərbaycandır?” sualına cavab axtaraq.
“Sülh içində region”
T.Barakın fikrinin ümumi mətn mənzərəsi və əsas semantik anlamı Cənubi Qafqazın sülh içində yaşayacaq region kimi formalaşmağa başladığı ilə əlaqəlidir. Amerikalı diplomat gəldiyi qənaəti X-də yazdığı postda aşağıdakı kimi arqumentləşdirir: “Bu, regional kommunikasiyaların açılması və sülh üçün mühüm mərhələdir. Ermənistan və Türkiyə rəsmiləri Qarsda görüşərək, Gümrü-Qars dəmir yolunun təmiri üçün birgə işçi qrupunun yaradıldığını açıqladılar. Bu dəmir yolu regionu bir əsrdən çox müddət ərzində birləşdirən və sonuncu qatarın 1993-cü ilin iyul ayında Türkiyə-Ermənistan sərhədini keçənə qədər birləşdirən həyati əhəmiyyətli ticarət-tranzit xəttidir. Bu irəliləyiş “Tramp marşrutu” layihəsi və ABŞ Prezidenti Donald Trampın 2025-ci il avqustun 8-də Ağ Evdə ev sahibliyi etdiyi tarixi (Azərbaycan-Ermənistan) sülh sammitində müəyyən edilmiş vizyonu əks etdirir”.
Postda yer almış bundan sonrakı fikirlər diplomatın arqumentlərindən çıxardığı geosiyasi və siyasi xarakterli nəticələrdir. Öncə arqumentlərə nəzər salaq.
Barakın arqumentləri
Birincisi, T.Barak məsələyə kommunikasiyaların açılmasının regional sülhün təminində mühüm mərhələ olması fonunda yanaşır.
İkincisi, həmin prosesdə Gümrü-Qars dəmir yolunun təmiri ilə bağlı qərarın qəbul edilməsini əhəmiyyətli addım hesab edir.
Üçüncüsü, bu qərarın Qarsda Türkiyə və Ermənistan rəsmilərinin görüşü nəticəsində alındığına xüsusi siyasi və geosiyasi məna verir.
Dördüncüsü, Gümrü–Qars dəmir yolu “həyati əhəmiyyətli tranzit xəttidir”, çünki “bu dəmir yolu regionu bir əsrdən çox müddət ərzində birləşdirən və sonuncu qatarın 1993-cü ilin iyul ayında Türkiyə–Ermənistan sərhədini keçənə qədər birləşdirir”.
Bu arqumentlərin bir-biri ilə semantik bağlılığı çox əhəmiyyətli bir siyasi məqamı aydınlaşdırır: Cənubi Qafqazda kommunikasiyaların açılması xoşniyyətli və səmimi rəsmi siyasi iradənin olduğu halda baş tutandır. O cümlədən Türkiyə və Ermənistan rəsmi dairələri bu hadisənin baş verməsini səmimi olaraq istəmişlər və həmin istiqamətdə addım atmışlar. Bu mənada, sonrakı mərhələlər üçün Azərbaycanın təşəbbüsləri ilə yanaşı, Gümrü-Qars dəmir yolunun təmiri regional sülh üçün bir rəmz ola bilər! Çünki bu istiqamətdə ilk təşəbbüs Azərbaycanın dəmir yolu vasitəsilə Ermənistana enerji və taxıl məhsulları göndərməsi ilə başlamışdır. Bu mənada, Gümrü-Qars onun davamıdır.
Eyni zamanda, burada Qars-Naxçıvan xəttini qətiyyən arxa plana atmaq olmaz. Ona görə ki, regional miqyasda həmin xəttin ümumi mənzərəsi belə alınır: Naxçıvan-Qars-Gümrü və sonra yenidən Azərbaycandan keçməklə (Gürcüstana da bir xətt ayrıla bilər) geniş məkana çıxış imkanları! Bununla regional kommunikasiya regionlararası və qlobal kommunikasiya şəbəkəsinin mühüm tərkib hissəsi halına gəlir.
Vurğulanan kommunikativ faktların fonunda regional miqyasda gözlənilən nəticələr nələr ola bilər? T.Barakın dediklərinə baxaq.
Sabitlik və rifah
Amerikalı diplomat əmindir ki, bu proseslər “Türkiyə və Ermənistanın iqtisadiyyatlarını və xalqlarını yenidən birləşdirmək üçün”dür. Bu gedişatın arxasında duran siyasi iradə və onun başlıca məqsədi də belədir: “Prezident Trampın bölgədə sabitlik və rifaha sadiqliyinə uyğun olaraq, bir-birinə bağlı və sülh içində yaşayan yeni Cənubi Qafqaz yaranır”.
Buradan görünür ki, baş verən hadisələrin motivəedici faktoru Trampın bölgədə sabitlik və rifaha sadiqliyidir. Onun birbaşa təsiri ilə Cənubi Qafqaz ölkələri bir-birinə bağlanırlar və “sülh içində yaşayan yeni Cənubi Qafqaz yaranır!”.
Əlbəttə, Cənubi Qafqazda sabitlik və sülh yaranmışdır. Bu prosesə ABŞ kimi qüdrətli bir dövlətin müsbət təsirini də heç zaman kimsə inkar edə bilməz. Lakin bütün bu proseslərin əsas motivəedici faktoru ilə bağlı T.Barakın qənaəti ilə razılaşmaq çox çətindir. Çünki real olaraq Cənubi Qafqazda sabitlik və rifahın qalıcı sülh sayəsində bərqərar olması təməlində region dövlətlərindən birinin həlledici zəhməti, fəaliyyəti və çox cəsarətli müstəqil siyasi kurs yürütməsi dayanır. Bu, həm indi baş verənlərin əsl geosiyasi və siyasi mahiyyətini dərk etmək, həm də keçmişdə olan neqativ hadisələrin bir daha təkrarlanmaması naminə həqiqətləri aydınlaşdırmaq üçün vacib məqamdır. Konkret nələri nəzərdə tuturuq?
Milli haqqımız və…
Son 300 il müddətində dünyanın böyük güclərinin Cənubi Qafqaz siyasətinin bir sıra özəlliklərini bu günün naminə bir daha xatırlamağa dəyər. “Böyük güclər” dedikdə, konkret olaraq ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, Osmanlı və Səfəvini nəzərdə tuturuq. Bu qüvvələrin hər biri öz maraqlarını imperialist güc kimi güdmüşlər. Nəticədə, Səfəvi tamamilə parçalanmış, Osmanlı sıradan çıxarılmış, Cənubi Qafqaz ABŞ, Avropa imperialist gücləri və Rusiyanın vicdanına qalmışdır. Bu vəziyyətin geosiyasi faktları da aşağıdakı kimidir:
Cənubi Qafqazın ən böyük etnosu olan azərbaycanlılar (türklər və ona tarixi, siyasi, mədəni, mənəvi-əxlaqi qardaş olan, ortaq tale və qədəri əsrlərlə bölüşən etnik qruplar) tarixi coğrafi ərazilərini hissə-hissə itirmişlər, müxtəlif deportasiyalara və soyqırımlara məruz qalmışlar. Dövlətçiliklərinin ruhu əllərindən alınmış, başqalarının istəklərini yerinə yetirməyə məcbur edilmişlər. İkiyə parçalamışlar və Şimali Azərbaycanın neftini yadlar daşımış, milyardlar qazanmışlar. Lakin bu sərvətin əsl sahibi olan Azərbaycana çox cüzi yatırımlar etmişlər.
Bunlar həmin imperialist dairələrin Azərbaycan torpaqlarını (əsasən Qərbi Azərbaycanda olanları) güc və şantaj hesabına ermənilərə vermək əsasında qondarma “Ermənistan” dövləti yaratmaqla müşayiət olunmuşdur.
Bu, həm tarixi, həm də geosiyasi faktdır, kimsə gizlədə və ya ört-basdır edə bilməz. İndiki müsbət regional reallıqlar da bu faktı arxa plana ata və ya unutdura bilməz.
İndi həmin qlobal güclər gəlmişlər, bizə öz torpağımızda quraşdırdıqları ölkə ilə sülh yaratmağımızı təşviq edirlər. Onlar bütün bunları “böyük fəzilət”, “siyasi iradə”, “olmazın xeyirxahlıqla” etdiklərini aşılamağa çalışırlar.
Gürcüstanı da Azərbaycandan daim üstün tutaraq gah regionun siyasi-diplomatik, gah da mədəni mərkəzi etməyə çalışdılar. Xüsusilə çar Rusiyası və sovetlər bu istiqamətdə dəridən-qabıqdan çıxdılar. Əlbəttə, böyük Azərbaycan xalqı üçün Gürcüstan həmişə dost və çox yaxın ölkə olmuşdur və indi də elədir. Ancaq onun da bizə qarşı istifadə edildiyi inkar oluna bilməz! Müstəqil Azərbaycan Respublikası bu xətti də sındırdı!
Bütün bunların fonunda qlobal güclərin riyakarlıqları yenə də davam edir. Ancaq indi forması və məzmunu xeyli dəyişmişdir, çünki daim aşağılanan bir millət ayağa qalxıb onların əsrlərlə etdikləri neqativ əməlləri tarixin arxivinə atdı, ərazisinin şimal hissəsini tam azad edərək müstəqil dövlət kimi suverenliyini onun hər qarışında bərqərar etdi.
Regional məsuliyyət
Regional miqyasda hər bir ciddi dəyişiklik bu hadisədən sonra başladı. Onun iki əlaməti Cənubi Qafqazda indiki sabitlik, rifah və sülh mühitinin yaradılması baxımından son dərəcə əhəmiyyətlidir.
Azərbaycan Prezidenti dövlətimiz üçün regional sülh və məsuliyyətin yüksək dərəcədə vacib olduğunu praktiki liderlik fəaliyyətində hər zaman nümayiş etdirmişdir. Azərbaycan müstəqil dövlət olaraq regional məsuliyyəti üzərinə götürdüyünü bəyan etdi və bu istiqamətdə qətiyyətli, davamlı addımlar atdı, indi də bu proses davam edir! Bununla bağlı faktlar çoxdur. Biz yalnız onlardan ikisini nümunə kimi göstərək.
2022-ci il: Cənubi Qafqazda əməkdaşlıq
Prezident İlham Əliyev ADA Universitetində 2022-ci il aprelin 29-da keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı xüsusi vurğulamışdır: “…biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik. Nəhayət, biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir”.
Fikirlərinə davam edərək dövlət başçımız başqa məqamı ifadə etmişdir: “Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət, razılıq verib”.
Bu iki faktın işığında ölkə rəhbərinin prosesləri geosiyasi və siyasi kontekstlərdə ümumiləşdirməsi bugünkü reallıqlar prizmasında olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyev demişdir: “Fikrimcə, bunlar son hadisələrin mühüm təzahürüdür və onlar, həmçinin göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur”.
Nəhayət, Qafqazda davamlı sülh məsələsində Azərbaycanın liderlik və dövləti iradəsi: “Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir”.
İkinci fakt 2026-cı il martın 12-də “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda Prezident tərəfindən səsləndirilmişdir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

