Fermerlərin yaz qayğıları

post-img

Ölkəmizə allı-güllü yaz gəlib. Ağaclar çoxdan gül açıb, dağların yamacları, meşələr öz yaşıl libasını geyinib, dağ çaylarının suyu xeyli artıb. Sahələrə isə şum, becərmə traktorları çıxarılıb. Bəli, bu bərəkətli yaz günlərində əkin-biçin adamları hər yerdə iş başındadır. Hara baxırsan, hara boylanırsan, orada qaynar yaz-tarla işlərinin getdiyi görünür.

Yazın gəlişi ilə kənd yerlərində sanki həyatın axarı, ritmi də sürətlənib. Aprel ayındakı kəskin yağıntılı havalar əhaliyə əlavə qayğı və problemlər yaşatsa da, sel və daşqınların törətdiyi fəsadlarla bağlı çətinliklər arxada qalıb. Deyirlər ki, hər zərərdə bir xeyir var. Qobustanlı bir qocaman taxılçılıq fermerinin sözləri yadıma düşdü. O, builki yağışların rayonun dəmyə torpaqlarındakı buğda və arpa sahələrinə dirilik suyu bəxş etdiyini söylədi.

Bu günlərdə ölkəmizin şimal bölgələri Quba və Qusarın meyvə bağlarında da işlərin qızğın çağıdır. Ağacların yaz budanması, onların diblərinin bellənməsi xeyli vaxtdır ki, başa çatıb. İndi meyvə bağlarında zərərvericilərə qarşı dərmanlama işləri gedir. Hər iki rayonda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təcrübəli mütəxəssisləri fermerlərdən faydalı məsləhət və tövsiyələrini əsirgəmirlər.

Milin, Muğanın yonca sahələrində birinci ot çalını artıq başa çatıb. Sahələrdən indi yeni biçilmiş yaşıl otun tanış ətri gəlir. Şirvanın nar bağlarında, Lənkəran və Astaranın çay plantasiyalarında, Qazaxın, Tovuzun üzüm bağlarında son günlər fermerlərin işləri başlarından aşır. Cəlilabad faraş çiyələyi çoxdan işi şəhərlərin bazarlarında müştərilərə gəl-gəl deyir. Bu il ölkəmizdə kartof da boldur.

Məlumdur ki, doğma Qarabağımız düşmənin işğalı altında olan illərdə heyvandarlar ilin bu günlərinə yaylaq yerləri ilə bağlı kəskin problemlərlə üzləşərdilər. İndi, xoşbəxtlikdən, bu sahədə vəziyyət tamamilə dəyişib. Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) saytında qeyd olunur ki, bu günlərdə qoyunçuluq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyat prosesi davam edir.

Bu isə o deməkdir ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər qoyun-quzu sürülərini tezliklə Laçın və Kəlbəcər yaylaqlarına apara biləcəklər. Orada isə mal-qara üçün hətta yayın qızmar günlərində belə yem boldur.

Bundan başqa, 2026-cı il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə köçürülməsinə icazə verilib. Bu halda, əlbəttə, təravətli dağ balının istehsalı artacaq. Yeri gəlmişkən, bu, şəkərsiz, qatqısız, yəni min bir dərdin dərmanı bal olacaq.

Bir müddət əvvəl Laçın rayonunda növbəti Aqrar Biznes Festivalı keçirilib. Artıq 92 bölgədə bu formatda festivallar təşkil olunub. Bu, çox müsbət haldır. Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov hesab edir ki, KTN rəhbərliyinin bu təşəbbüsü aqrar sahənin inkişafına, regionlarda iqtisadi fəallığın artırılmasına və yerli istehsalçıların dəstəklənməsinə əhəmiyyətli töhfə verir.

Bir sözlə, ilin bu yaz günlərində bağ və tarlalarda iş çoxdur. Kənd sakinləri başa düşürlər ki, gərək torpaqda izin olsun ki, süfrədə də üzün olsun. Ümid edirik ki, aqrar sektorda əvvəlki illərdə olduğu kimi, bu il də ruzili-bərəkətli olacaq!

XQ

İqtisadiyyat