Ermənistanın balans siyasəti və Azərbaycanın logistik strategiyası
Cənubi Qafqazda formalaşan yeni geosiyasi dinamika region dövlətlərinin xarici siyasət kurslarını dəyişdirib. Bu dəyişikliyin əsas göstəricisi Ermənistanın bir tərəfdən Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması, digər tərəfdən isə Rusiya ilə tarixi-strateji bağlılıqlarını qorumağa çalışmasıdır. Bu ikili xətt Ermənistanı regionun ən həssas geosiyasi keçid zonalarından birinə çevirərək, rəsmi İrəvanı daimi balans axtarışına məcbur edir. Paralel olaraq, Azərbaycan da Rusiya və Qərb arasında praqmatik, lakin getdikcə həssas xarakter alan tarazlıq siyasətini davam etdirir.
Moskvanın bu proseslərə münasibəti Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqinin açıqlamalarında əks olunub. Kaluqin TASS-a müsahibəsində vurğulayıb ki, Ermənistanın “Avropa yolu” kimi təqdim edilən inteqrasiya kursu, sadəcə, xarici siyasət dəyişikliyi deyil, həm də Cənubi Qafqazda qüvvələr balansına birbaşa təsir göstərən strateji transformasiyadır. Kreml hesab edir ki, Brüsselin daxili proseslərə müdaxiləsi, müşahidə missiyaları və anti-Rusiya ictimai rəyinin formalaşdırılması məqsədli strategiyadır. Bununla belə, Moskva iddia edir ki, Qərb Ermənistana təhlükəsizlik və enerji (xüsusilə Metsamor AES) sahəsində real alternativ təqdim edə bilmir, vəd olunan investisiya paketləri isə hələ də praktiki nəticə verməyib.
Bu gərginlik fonunda Vladimir Putinin Ermənistanın “Ukrayna, Moldova və ya Gürcüstan ssenarisinə” yaxınlaşa biləcəyi barədə eyhamları Rusiyanın bu inteqrasiyanı ciddi strateji risk kimi gördüyünü ortaya qoyur. Bir növ xəbərdarlıq mahiyyəti daşıyır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yaxşı başa düşür. Hökumət başçısının “heç nəyi qəfil etməyəcəyik” və “Aİİ-dən (Avrasiya İqtisadi İttifaqı) çıxış planlı olacaq” kimi mesajları xüsusi maraq doğurur. Əslində, Ermənistan radikal dönüşdən ziyada, idarə olunan transformasiya xətti seçib. Paşinyan nə Rusiyadan qopmağa tələsir, nə də Qərblə əlaqələri dayandırır. Onun çıxışlarında Gürcüstan və Moldova kimi ölkələri dost dövlətlər kimi təqdim etməsi Ermənistanın ideoloji bloklaşmadan qaçaraq praqmatik diplomatiya yürütdüyünü nümayiş etdirir. Eyni zamanda, Paşinyanın “Aİİ-dən çıxışa hazırda ehtiyac yoxdur” mesajı İrəvanın iqtisadi reallıqları nəzərə aldığını və Rusiyadan enerji-iqtisadi asılılığın hələ də ciddi faktor olaraq qaldığını təsdiqləyir.
Moskvanın son dövrlər sərgilədiyi və beynəlxalq analitiklər tərəfindən bəzən “şərti şantaj” elementləri kimi xarakterizə edilən ritorikası İrəvanın suveren qərarvermə müstəqilliyini ciddi sual altına qoyur. Bəs təhlükə nədir? Ermənistanın siyasi və ekspert dairələrində artıq belə bir qənaət kök salıb ki, xarici siyasət kursunun deklarativ səviyyədə sərbəst müəyyənləşdirilməsi real praktikada aşılması çətin olan infrastruktur, logistika və hərbi-siyasi maneələrlə üzləşir. Xüsusilə enerji təchizatı zənciri, mühüm nəqliyyat qovşaqları və bazar imkanları üzərindəki nəzarət Moskvanın əlində güclü təzyiq rıçaqlarıdır.
Münasibətlərin daha soyuq, hətta sanksiya və ya iqtisadi məhdudiyyətlərlə müşayiət olunan təzyiqyönlü mərhələyə keçmə ehtimalı var. Bunun açıq şəkildə vurğulanması beynəlxalq münasibətlər leksikonunda “şərti asılılıq modeli” kimi izah edilir. Bu model çərçivəsində Ermənistanın daxili və xarici inkişaf layihələri, beynəlxalq maliyyə institutları ilə əlaqələri yalnız Rusiyanın regional strateji maraqları ilə ziddiyyət təşkil etmədiyi təqdirdə, normal inkişaf edə bilər. Əks halda, Moskva tərəfindən gömrük baryerlərindən tutmuş enerji qiymətlərinin artırılmasına qədər geniş spektrdə təzyiq mexanizminin işə düşməsi reallığı gündəmdədir.
Bu vəziyyət Ermənistanın istənilən müstəqil addımını potensial geosiyasi və iqtisadi böhran riski ilə üz-üzə qoyur. Belə bir mühitdə ölkənin suveren inkişaf perspektivləri qlobal güclərin rəqabət meydanında daha da həssaslaşır və rəsmi İrəvanın “çoxvektorlu siyasət” cəhdləri hər keçən gün daha böyük bədəllər ödəmək təhlükəsi yaradır. Şübhəsiz ki, Ermənistan hazırda tam seçim mərhələsində deyil, daha çox idarə olunan balans siyasəti yürüdür. Bu isə ölkəni həm geosiyasi risklərin, həm də yeni imkanların kəsişməsində saxlayır. Eyni zamanda, Cənubi Qafqazda ümumi tendensiya göstərir ki, Ermənistan getdikcə daha çox Rusiya və Qərb arasında rəqabətin, paralel olaraq isə çoxqütblü beynəlxalq sistemin təsir məkanına çevrilir
***
N.Kaluqinin Azərbaycanla bağlı açıqlamaları da maraq doğurur. O, Bakı ilə iqtisadi əlaqələrin, yüksək səviyyəli səfərlərin və beynəlxalq forumlarda fəal iştirakın əhəmiyyətini vurğulayaraq “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizini strateji layihə kimi qiymətləndirib. Bu layihə Azərbaycanın Avrasiyanın əsas logistik qovşaqlarından birinə çevrilməsində mühüm rol oynayır və Rusiya üçün Bakı ilə əməkdaşlığı qlobal ticarət marşrutları üzərindən möhkəmləndirən strateji mexanizm kimi çıxış edir.
Kaluqinin mesajları, eyni zamanda, göstərir ki, Rusiya Ermənistan istiqamətində yaranan geosiyasi boşluqları Azərbaycanla genişlənən praqmatik iqtisadi və nəqliyyat layihələri vasitəsilə kompensasiya etməyə çalışır. Son illər Rusiya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr müəyyən sabitliyi qorusa da, mədəni-humanitar sahədə əvvəlki dinamika zəifləyib. Məhz bu fonda Moskva humanitar bağları yenidən aktivləşdirməyə çalışır. Həm də “yumşaq güc” alətləri vasitəsilə mədəni təsir imkanlarında maraqlıdır. Bu ritorikada diqqətçəkən əsas məqam təhsil və mədəniyyət layihələrinin tamamilə “saf niyyətli dostluq addımı” kimi təqdim edilməsidir. Sankt-Peterburq Dövlət Universitetinin filialının açılması və ya səfirliklər nəzdində məktəblərin yaradılması kimi təşəbbüslər zahirən akademik əməkdaşlıq kimi görünsə də, mahiyyət etibarilə postsovet məkanında rusdilli təhsil modelini və Kremlin ideoloji nüfuzunu qorumağa xidmət edir.
Əslində, Cənubi Qafqazda formalaşan ziddiyyətli geosiyasi dinamika, xüsusilə Ermənistanın Qərblə sürətli yaxınlaşması Moskvanı Bakı ilə humanitar bağları möhkəmləndirməyə sövq edir. Bu çərçivədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin fəaliyyətinin bərpası, qarşılıqlı abidələrin ucaldılması və gənclər forumları kimi layihələr dövlətlərarası münasibətlərdə süni müsbət fon yaratmaq məqsədi daşıyır. Lakin Kremlin bu “pozitiv” gündəliyi çox vaxt daha kəskin geosiyasi təzyiq mexanizmlərini ört-basdır edən diplomatik pərdə rolunu oynayır. Rusiya üçün humanitar təsir rəqabət şəraitində strateji əhəmiyyət kəsb edir və “ortaq tarixi miras” narrativi vasitəsilə region ölkələrini öz orbitində saxlamağa hesablanıb.
Azərbaycan isə bu təşəbbüslərə daha həssas yanaşaraq, xarici siyasətdəki çoxvektorlu balansını qorumağa üstünlük verir. Bakı Rusiyanın bu mədəni ekspansiyasını praqmatik çərçivədə saxlayaraq, milli maraqları və Türkiyə-Qərb balansı fonunda humanitar layihələri idarə olunan səviyyədə qəbul edir. Gələcək nəsillər arasında sosial bağların qorunması adı altında təqdim olunan bu diplomatiya, əslində, böyük güclərin regiondakı nüfuz savaşına xidmət edən özünəməxsus bir “yumşaq” mübarizə cəhdidir.
Beləliklə, istənilən halda Cənubi Qafqaz tədricən Rusiya mərkəzli təhlükəsizlik modelindən çıxaraq, regional və qlobal maraqların üst-üstə düşdüyü çoxqütblü geosiyasi məkana çevrilir. Bu isə regionda sabitlik, enerji təhlükəsizliyi və sülh quruculuğu proseslərinə ciddi təsir göstərir.
P.ƏFƏNDİYEV
XQ


