Bakıda türkoloji araşdırmalar məclisi

post-img

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” Beynəlxalq elmi konfransı işə başlayıb. Ali məktəbin TÜRKSOY, Yunis Əmrə İnstitutu, Daşkənd Beynəlxalq Universiteti ilə birgə təşkil etdiyi ikigünlük elmi məclisdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Koreya, Rusiya, Ukrayna, Moldova, Estoniya, Əfqanıstan və digər ölkələrdən nüfuzlu tədqiqatçıları iştirak edirlər. Onlayn qoşulmalar müzakirələrin çevrəsini xeyli genişləndirir.

Konfransın açılış mərasimində dövlət qurumlarında çalışan alimləri, ölkənin elm və təhsil ictimaiyyəti nümayəndələrini, Azərbaycanın və xarici ölkələrin tanınmış türkoloqlarını salamlayan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirdi ki, Bakı Türkoloji Qurultayı 1 əsrdən sonra yalnız dilçilik hadisəsi deyil, Türk dünyasının elmi və mədəni birliyinin formalaşmasında xüsusi rol oynamış tarixi platforma kimi dəyərləndirilir. 100 il əvvəl Bakıda əsası qoyulan ortaq dil, ortaq əlifba, ortaq terminologiya və ortaq gələcək ideyaları bu gün də öz aktuallığını qoruyur və artırır.

Rektor xatırlatdı ki, 1926-cı il martın 2-də qurultay iştirakçıları milli dil, ədəbiyyat və tarix kadrları hazırlığı aparılan Ali Pedaqoji İnstitutun qonağı olublar. O zaman institutun direktoru olmuş Cəlil Məhəmmədzadə, ayrı-ayrı vaxtlarda ali məktəbə rəhbərlik etmiş Şərif Manatov, Pənah Qasımov və Hüseyn Musayev, burada müəllim işləmiş Bəkir Çobanzadə, Nikolay Aşmarin, Vasili Vladimiroviç Bartold, Aleksandr Nikolayeviç Samoyloviç, Hənəfi Zeynallı, Abdulla Tağızadə qurultayın təşkilində, aparılmış müzakirələrdə və önəmli qərarların qəbul edilməsində fəal iştirak ediblər.

Professor Cəfər Cəfərov daha sonra söylədi ki, bu gün yeni türkoloji layihələr, rəqəmsal lüğətlər, milli korpuslar və ortaq terminoloji platformalar ümumtürk elmi-mədəni birliyinin möhkəmlənməsinə xidmət edir. Pedaqoji Universitet tarixi missiyasını davam etdirərək, “rəqəmsal türkologiya” dövründə ortaq elmi terminologiyanın, süni intellekt əsaslı dil texnologiyalarının və türk dövlətləri arasında təhsil inteqrasiyasının inkişafına töhfələr verməyi davam etdirir. Pedaqoji Universitet 100 il əvvəl olduğu kimi, indi də türkologiyanın pedaqoji mərkəzi kimi tanınır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli I Türkoloji Qurultayın türk xalqlarının elmi-mədəni fikir tarixində epoxal mərhələ təşkil etdiyini vurğuladı O qeyd etdi ki, 1926-cı ildə Bakıda keçirilən bu mötəbər elmi toplantı ortaq dil, əlifba, milli-mədəni dəyərlərin qorunması və türkologiya elminin sistemli inkişafı baxımından xüsusi əhəmiyyət daşıyıb. Qurultayın 131 iştirakçısının 126 nəfəri sonradan repressiya qurbanı olsa da, onların möhtəşəm irsi və açdıqları yol tarixi miqyasına görə türkologiyanın əsas istiqamətlərini müəyyənləşdirib.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova universitetin Türk dünyasının ali təhsil və elm müəssisələri ilə əməkdaşlığının genişləndirilməsindən, ortaq türkoloji layihələrin önəmindən, Bakı Türkoloji Qurultayının yaratdığı əsasların birgə araşdırmalara ciddi məzmun və aydın yön verməsindən geniş söhbət açdı. O belə beynəlxalq elmi platformaların akademik əlaqələrin inkişafına mühüm töhfə verdiyini söylədi.

Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova I Türkoloji Qurultayın elmi irsinin gənc nəslə çatdırılması, ana dilinə sevginin gücləndirilməsi və milli-mənəvi dəyərlərin təbliğinin önəmini diqqətə çatdırdı, ali məktəbdə bu yöndə aparılan ardıcıl və sistemli fəaliyyət barədə məlumat verdi.

Mərasimdə çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovv, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, AMEA Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat İnformatika İnstitutunun direktoru Elçin İsgəndərzadə, Qafqaz Universitetinin professoru Səlcuq Ural, Özbəkistan Asiya Beynəlxalq Universitetinin prorektoru Əzəmət Əkbərov, Azərbaycan Dillər Universitetinin professoru Adil Babayev Bakı türkoloji məclisinin tarixi önəmindən, bu zəngin irsin çağdaş araşdırmalar üçün də ümumi əsas olmasından, ümumtürk birliyinin yüksəlişində türkologiyanın oynadığı elmi-məfkurəvi roldan söz açdılar, konfransın işinə uğur arzuladılar.

İkigünlük beynəlxalq türkoloji məclis bölmə iclasları ilə davam etdi. Konfrans iştirakçıları müzakirələri bu gün ADPU Şamaxı filialında davam etdirirlər.

Tahir AYDINOĞLU
XQ



Sosial həyat