“Yolu olan kəndin sabahı da işıqlı olar”

post-img

Ölkəmizdə yol infrastrukturunun müasir tələblərə uyğun qurulması və regionlarda nəqliyyat əlçatanlığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikanın bütün bölgələrində olduğu kimi, Şəmkir rayonunda da avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Xüsusilə son 4–5 ildə Şəmkir rayonunda görülən bütün abadlıq-quruculuq və infrastruktur layihələrinin planlaşdırılması zamanı vətəndaşların rəy və təkliflərinin öyrənilməsi əsas prinsiplərdən biri kimi götürülür. Rayon rəhbərliyi tərəfindən keçirilən səyyar qəbullar, kənd görüşləri və sakinlərlə aparılan mütəmadi müzakirələr nəticəsində insanların gündəlik həyatında mühüm əhəmiyyət kəsb edən məsələlər müəyyənləşdirilir, layihələr məhz bu ehtiyaclara uyğun şəkildə icra olunur.

Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyul 2025-ci il tarixli Sərəncamına əsasən Şəmkir rayonunun Dəllər Cəyir–Dəllər Daşbulaq və Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yolunun tikintisidir.

20 mindən artıq əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun Qədimqala–Miskinli–Keçili–Xuluf hissəsində hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti norma və qaydalarına uyğun şəkildə asfaltlanma işləri həyata keçirilir.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev görülən işlərlə yerində tanış olub, tikintinin gedişi ilə maraqlanıb. Layihəni icra edən nümayəndələr bildiriblər ki, yolboyu torpaq işləri və kipləşdirmə prosesi tamamlanıb, yol yatağı hazır olan hissələrdə yol əsasının qurulması aparılıb. Hazırda isə yol əsası tam hazır olan hissələrdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir.

Rayon rəhbəri ərazidə yaşayan sakinlərlə də görüşərək onların rəy və təkliflərini dinləyib. Sakinlər yolun uzun illərdir onları narahat edən əsas problemlərdən biri olduğunu bildirərək həyata keçirilən layihəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Rəşad Tağıyev sakinlərlə söhbəti zamanı qeyd edib ki, rayon ərazisində həyata keçirilən bütün layihələrin mərkəzində vətəndaş məmnunluğu dayanır. Bildirib ki, insanların gündəlik həyatını asanlaşdıran, onların rahat gediş-gəlişinə xidmət edən layihələr bundan sonra da sakinlərin istəyinə və ehtiyaclarına uyğun şəkildə davam etdiriləcək.

Qeyd olunub ki, Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yolunun istifadəyə verilməsi kəndlərarası nəqliyyat əlaqələrini daha da yaxşılaşdıracaq, yük və sərnişin daşınmasını asanlaşdıracaq, eyni zamanda kənd təsərrüfatının inkişafına və bölgədə iqtisadi fəallığın artmasına mühüm töhfə verəcək.

Layihənin iyun–iyul aylarında tam yekunlaşdırılması nəzərdə tutulur.
    
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri











Sosial həyat