Ölkəmizin neft hasilatı proqnozları yenilənib

post-img

Azərbaycanın neft hasilatının 2026-cı ildə günə orta hesabla 0,57 milyon barel təşkil edəcəyi gözlənilir. Bu barədə məlumat Beynəlxalq Enerji Agentliyinin (BEA) neft bazarı üzrə may hesabatında yer alıb. Xatırladaq ki, qurumun əvvəlki hesabatında bu göstərici günə 0,58 milyon barel səviyyəsində proqnozlaşdırılırdı.

BEA-nın məlumatına görə, cari ilin birinci rübündə Azərbaycanda neft hasilatı günə, təxminən, 0,57 milyon barel təşkil edib. Bu göstəricinin növbəti rüblərdə də eyni səviyyədə qalacağı gözlənilir.

Yeri gəlmişkən, Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar-mart aylarında kondensat da daxil olmaqla ümumi neft hasilatının həcmi 6,6 milyon tona çatıb. Hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Hesabat dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,7 milyon ton təşkil edib.

Nazirliyin məlumatında bildirilib ki, cari ilin ilk 3 ayında 5,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına düşüb. Bütövlükdə isə, bu ilin birinci rübündə ölkəmizdə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (450 min barel), kondensat hasilatı 13 min ton (105 min barel) təşkil edib.

Bu arada, ABŞ-ın Enerji İnformasiyası Administrasiyası (EİA) da ölkəmizddə 2026-2027-ci illər üzrə neft hasilatına dair proqnozlarını təqdim edib. Qurumun qısamüddətli enerji proqnozuna əsasən, növbəti 2 ildə Azərbaycanda neft və digər maye karbohidrogenlərin orta gündəlik hasilatının 0,54 milyon barel təşkil edəcəyi gözlənilir.

Proqnoza görə, bu göstərici 2025-ci il üçün qiymətləndirilən günə 0,57 milyon barel səviyyəsi ilə müqayisədə azalacaq. Rüblər üzrə bölgüyə gəldikdə isə, EIA Azərbaycanda maye karbohidrogen hasilatını 2025-ci ilin birinci və ikinci rüblərində sutkada 0,57 milyon barel səviyyəsində qiymətləndirmişdi. Daha sonra göstəricinin üçüncü və dördüncü rüblərdə sutkada 0,56 milyon barelə enəcəyi proqnozlaşdırılmışdı.

EIA-nın qiymətləndirməsinə əsasən, 2026-cı ildə hasilat birinci rübdə orta hesabla günə 0,55 milyon barel təşkil etsə də, ikinci rübdə günə 0,54 milyon barelə, üçüncü və dördüncü rüblərdə isə günə 0,53 milyon barelə qədər azalacaq.

Oxşar dinamikanın 2027-ci ildə də davam edəcəyi proqnozlaşdırılır. Belə ki, hasilatın birinci rübdə sutkada 0,55 milyon barel, ikinci rübdə günə 0,54 milyon barel, ilin ikinci yarısında isə günə 0,53 milyon barel səviyyəsində olacağı gözlənilir. Bu da illik orta göstəricinin günə 0,54 milyon barel təşkil edəcəyi deməkdir.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında isə bildirilir ki, 2025-ci ildə Azərbaycanda orta gündəlik xam neft hasilatı 461 min barel olub. Bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır. Hesbata əsasən, bu ilin aprel ayında ölkəmizdə orta gündəlik xam neft hasilatı 460 min barel təşkil edib. Martda isə göstərici 456 min barel olub. Məlumata əsasən, ilin birinci rübündə qeyd olunan göstərici 454 min barel təşkil edib.

Qeyd edək ki, “OPEC plyus ” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel səviyyəsində müəyyənləşdirilib.

XQ

İqtisadiyyat