Özbəkistanın "Hunarmand" Assosiasiyası Buxara şəhər hakimiyyəti ilə birgə qədim Buxara şəhərində III Beynəlxalq Qızılı Saplarla Tikmə və Zərgərlik Festivalı keçirir.
Festivala Özbəkistandan və dünyanın 40-a yaxın ölkəsindən gələn 300-dən artıq qonaq qatılıb.
Festivalın açılışı Buxaranın mərkəzindəki qədim Nadir Divanbəyi mədrəsəsinin qarşısında baş tutub.
"Hunarmand" Assosiasiyasının sədri Rəsulcon Mirzəəhmədov açılışda iştirakçıları salamlayıb, qonaqları və festival iştirakçılarını təbrik edərək bildirib ki, tədbirlərdə xalçaçılıq, dulusçuluq, tikmə, ağac oyma, metal üzərində döymə və zərgərlik kimi xalq sənəti ustaları, bu sahənin mütəxəssisləri iştirak edir.
O deyib ki, tədbirlər Buxara şəhərinin tarixi və mədəni abidələrində- Ərk qalası, Ləbi Hovuz, Poyi Kalon, Nadir Divanbəyi mədrəsəsi və digər məkanlarda keçirilir, bu tədbirlər şəhərin zəngin mədəni irsini və nadir tarixi mühitini beynəlxalq ictimaiyyətə nümayiş etdirir.
Festival çərçivəsində zərgərlik məmulatlarının, eləcə də digər milli əl sənətlərinin sərgisi və ticarət yarmarkaları, xalq rəqsləri və folklor qruplarının, kukla teatrlarının çıxışları, konsert proqramları, ustad dərsləri və "Buxara Moda Günləri 2026" çərçivəsində dəb nümayişi keçirilir.
Festival çərçivəsində Özbəkistanın xalq sənətkarı, zərgər Baxşillo Cumayevin “Qızıl Sapların Musiqisi” yaradıcılıq sərgisi də baş tutub.
Açılış mərasimində deyilib ki, Baxşillo Cumayev, Məhfuza Səlimova, Fasixiddin Dadamuhamedov, Əlişir Xaydarov və Tohir Muxamedov kimi bu sahənin məşhur sənətkarları milli sənətkarlıq ənənələrinin qorunması, inkişaf etdirilməsi və nəsildən-nəslə ötürülməsi istiqamətində mühüm xidmətlər göstərirlər.
Festivalın sonunda Ərk qalasının qarşısındakı meydanda təntənəli mükafatlandırma mərasimi və qala-konsert keçiriləcək, qaliblərə xüsusi diplomlar və pul mükafatları veriləcək.
Festival çərçivəsində keçirilən beynəlxalq konfransa Azərbaycan nümayəndələri də qatılıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Buxara

