O yerdə ki, keçmişlə bu gün qovuşur, yaddaşla yenilik bir-birini tamamlayır, deməli, danışmağa, söz salmağa imkan var, mövzu var. Bu baxımdan, Ağstafada son illərdə həyata keçirilən genişmiqyaslı işlər rayonun necə dinamik inkişaf yolunda olduğunu aydın şəkildə göstərir.
Həmsöhbətimiz Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov dedi:
– Ağstafa rayonu qədim tarixə malikdir. İpək yolu üzərində yerləşməsi bu ərazini əsrlər boyu ticarət, mədəniyyət və ünsiyyət mərkəzinə çevirib. Digər tərəfdən, qonşuluqda yerləşən Qazax və Tovuz rayonları ilə birlikdə Azərbaycanın qərb bölgəsinin sosial-iqtisadi həyatında mühüm rol oynayır. Yəni bölgənin özü həssas yanaşma tələb edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara, o cümlədən Ağstafaya göstərdiyi hədsiz diqqət və qayğı bu gün bütün sahələrdə özünü büruzə verir. Yollar çəkilib, məktəblər, səhiyyə ocaqları tikilib, idman qurğuları salınıb...
Hələ qədirbilməz erməni qəsbkarları bizim füsunkar Qarabağımızı viran qoymasaydılar, indi bu yerlərdə bir dənə də olsun problemimiz qalmazdı.
Son illərdə görülən işlər, belə demək mümkündürsə, Ağstafanın yeni simasını formalaşdırır. Küçələr abadlaşdırılır, həyətlər yenilənir, insanlara daha rahat və estetik mühit yaradılır. “Abad həyət” layihəsi
çərçivəsində qurulan məkanlar, yeni salınan idman zonaları sağlam və aktiv həyat tərzinin təşviqinə xidmət edir. Nəticədə sosial infrastruktur sahəsində konkret rəqəmlərlə ifadə olunan işlər görülüb.
“Abad həyət” layihəsi ilk olaraq E.Poladov küçəsində yerləşən 16 mənzilli, 4 mərtəbəli yaşayış binasından başlayaraq genişləndirilib.
O zaman sakinlərin bəziləri elə bilirdi ki, bu layihə geniş vüsət almayacaq, yarımçıq qalacaq. Lakin çox keçmədi ki, Ş.Qurbanov küçəsi 23 və 24 nömrəli beşmərtəbəli binalar, Hüseyn Arif küçəsində 33 mənzilli bina, Heydər Əliyev prospektində yerləşən ikimərtəbəli yaşayış binaları və digər yerlər də bu layihəyə daxil edildi.
Nəticədə təkcə binalar deyil, həyətlərdə söhbətgahlar, müasir işıqlandırma sistemləri, uşaq əyləncə zonaları yaradıldı, yaşıllaşdırma işləri aparıldı.
Çox keçmədi ki, başqa bir yeni layihə – “Sağlam məhəllə” layihəsi hamının marağına səbəb oldu və ilk dəfə 2023-cü il noyabrın 8-də Hüseyn Arif küçəsində bu adda idman zonası istifadəyə verildi. Burada
minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat sahələri, eləcə də müxtəlif yaş qrupları üçün fitnes avadanlıqları quraşdırıldı. Bu barədə söhbət düşərkən rayon icra hakimiyyəti başçısının müavini İlqar Hacıyev dedi:
- Rayonda gənclərin idmana cəlb edilməsi həmişə prioritet məsələlərdən olub. Elə görüş, yığıncaq, toplantı yoxdur ki, Seymur müəllim bu vacib problemə toxunmasın, yerlərdə yeniyetmə gənclərin sağlam həyat tərzinə qoşulmaları üçün qaldırılan faydalı təşəbbüsləri müdafiə etməsin.
Şəhər infrastrukturunda aparılan işlər, köklü dəyişikliklər də son vaxtlar geniş vüsət alıb. Heydər Əliyev prospekti ilə yanaşı, Azər Yusifli, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, A.Mustafayev, Nizami, İ.Həsənov, O.Omarov, Aşıq Ələsgər, M.Mustafayev, M.Yaqubov, Şəhriyar, Füzuli, E.Poladov, M.Əhmədov, N.Səbiyev, T.Qurbanov, F.Abbasov, N.Əfəndiyev, V.Əfəndiyev, Ş.Qurbanov, M.Maqomayev, Ə.Nəbiyev küçələrində işıqlandırma və abadlıq işləri görülüb. Eyvaz Qələmçəli küçəsində fəvvarə inşa olunub, M.Ə.Rəsulzadə, 20 Yanvar və R.Alıcanov küçələrində təmir işləri davam edir.
Ağstafa şəhəri həm də çoxmənzilli yaşayış binaları ilə seçilir. Rayon icra hakimiyyəti bu binaların estetik görünüşünə, daxilində lazımi kommunikasiya xətlərinin nizamlı olmasına daim diqqət yetirir. S.Vurğun küçəsi 98, R.Alıcanov 7, R.Rüstəmzadə 1, 2 və 5 nömrəli binalar, A.Mustafayev küçəsində və Soyuqbulaq qəsəbəsində yerləşən 2 mərtəbəli binalar əsaslı təmir olunub. Heydər Əliyev prospekti 36 və 34, M.Ə.Rəsulzadə 80 və 96, Ağamalıoğlu 19 və 21 ünvanlarında cari təmir işləri görülüb. Hazırda Hüseyn Arif küçəsində 40 və 48 mənzilli binalarda, həmçinin M.Allahverdiyev küçəsində qəzalı 20 ailəlik binanın və R.Əsədov küçəsində 32 mənzilli yeni yaşayış binasının tikintisi davam edir. Kommunal sahədə də mühüm nailiyyətlər əldə olunub. 2020-ci ildə 110/35/10 kV-luq “Ağstafa” elektrik yarımstansiyasının istifadəyə verilməsi elektrik təchizatında yaranan bir çox problemləri həll etmişdir. Hazırda rayon üzrə 19 min 484 əhali və 1411 qeyri-əhali abonenti ol-maqla, ümumilikdə, 20 min 895 abonent elektrik enerjisi ilə təmin olunur. Lakin bu sahədə işə ara verilmir. Bu gün də elektrik xətləri yenilənir, kəndlərdə izolyasiyalı naqillər çəkilir. İnternet infrastrukturunun inkişafı da sürətlənib. 2024-cü ildən 5 provayder tərə-findən şəbəkə quruculuğuna başlanılıb və hazırda şəhər və 26 kənd yüksək sürətli internetlə təmin olunur. Su təchizatı sahəsində Köhnəqışlaq, Tatlı və Yaradullu kəndlərində mərkəzləş-dirilmiş sistemlər qurulub. Qaz təsərrüfatında isə sayğaclar küçələrə çıxarılıb, tənzimləyici qurğular quraşdırılıb, payız-qış mövsümünə hazırlıq gücləndirilib.
Son vaxtlar Ağstafa daha gəlimli-gedimli olub. Bu, bir tərəfdən rayonun getdikcə daha da gözəlləşməsi, abadlaşdırılması ilə bağlıdırsa, digər tərəfdən qonaqların bu sərhəd bölgəsinə səyahət etmələri üçün şəraitin yaradılması ilə əlaqədardır. 2023-cü ilin martında Bakı–Ağstafa–Bakı marşrutu üzrə sürətli qatar xəttinin istifadəyə veril-məsi rayonu ölkənin nəqliyyat sisteminə daha sıx inteqrasiya edib. Ağstafa dəmir-yol vağzalında aparılan abadlıq işləri isə bu prosesi tamamlayıb.
Təsadüfi deyil ki, rayonda mədəni hə-yat da nəzərəçarpacaq dərəcədə canlanıb. Ötən ilin dekabrında ağstafalı sənətkarlar Hüseyn Arif və Həmid Abbasın büstləri bərpa olunaraq yenidən açılıb. Yenigün kənd qəbiristanlığında Hüseyn Arifin məzarı abadlaşdırılıb.
Yeri gəlmişkən, qeyd edək ki, Ağstafa son vaxtlar parklar rayonuna çevrilib. Parkların yenidən qurulması, burada insanların mənalı istirahəti üçün hərtərəfli şəraitin yaradılması, rəngarəng fəvvarələrin quraşdırılması, ot örtüyünün salınması, hər bir kolun, bitkinin, ağacın, necə deyərlər, nazının çəkilməsi bu məkanlara üz tutanların sayını hər gün artırır. Özü də belə parklar tədricən kəndlərdə də salınır və ya yenidən qurulur. Bu məsələdə diqqətçəkən məqam isə əhalinin özünün həmin işlərdə yaxından iştirak etməsidir. Hər şənbə günləri keçirilən iməciliklərin bir ənənəyə çevrilməsi rayonun tezliklə başdan-ayağa yaşıllıqlar rayonu olmasına imkan yaradacaq.
Bütün bunlar – sosial həyatın canlandırılması istiqamətində atılan addımlar öz bəhrəsini verir. Vətəndaş qəbulları, əhali ilə birbaşa ünsiyyət, problemlərin operativ həlli idarəetmədə şəffaflığın və məsuliyyətin göstəricisidir. Gənclərlə keçirilən görüşlər, onların nailiyyətlərinin qiymətlən-dirilməsi isə gələcəyə qoyulan ən dəyərli sərmayədir. Ağsaqqallarla çay süfrəsi arxasında təşkil olunan görüşlər isə bir ənənə şəklini alıb. Bu tədbirlər rayonun inkişaf perspektivləri üçün bir məktəbə çevrilib, faydası göz önündədir.
Bəli, bu gün Ağstafa yalnız inkişaf etmir, sistemli şəkildə yenilənir. Bu yenilənmə həm rəqəmlərdə, həm infrastruktura qoyulan investisiyalarda, həm də insanların gündəlik həyatında hiss olunur. Unutmaq olmaz ki, Ağstafanın bu gü-nünü səciyyələndirən əsas cəhətlərdən biri də şəhidlərin xatirəsinə göstərilən yüksək ehtiramdır. Rayonda “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı yalnız söz deyil, həyat prinsipidir. Ağstafanın müxtəlif guşələrində ucaldılan abidələr, verilən küçə adları, təşkil olunan tədbirlər xalqın öz qəhrəmanlarına sədaqətinin ifadəsidir.
Bu illər ərzində rayonda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində az iş görülməyib. 2021-ci ildə şəhərin Heydər Əliyev prospektində Şəhidlər Memorial Abidə Kompleksi inşa olunub. Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin məzun olduğu Böyük Kəsik kənd tam orta məktəbinin qarşısında büstü ucaldılıb, şəhərdə onun adını daşıyan küçənin girişində barelyefi yerləşdirilib. “Düşmənə dərs keçən müəllim” kimi tanınan şəhid Elvin İmaməliyevin xatirəsinə Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin həyətində abidə kompleksi tikilib. Dağ Kəsəmən kəndində “Xarıbülbül” abidə kompleksi yaradılıb. Təbii ki, bu abidələr milli yaddaşın canlı ifadəsidir.
Şəhid ailələri ilə bağlı sosial tədbirlər də diqqət mərkəzində saxlanılıb. Onların Şuşa, Xankəndi və Ağdam kimi azad edilmiş ərazilərə səfərləri təşkil olunub. 19 oktyabr 2022-ci ildə isə Ağstafa, Qazax rayonu, Tovuz rayonu, Şəmkir rayonu və Gədəbəy rayonu rayonlarını təmsil edən yüzlərlə iştirakçının qatıldığı möhtəşəm Zəfər Forumu haqqında bu gün də danışılır.
Rayonda elə şəhid ailəsi yoxdur ki, diqqətdən kənarda qalsın. Şəhid övladlarının, valideynlərinin, qardaş-bacılarının xeyir-şər məclislərində rayon rəhbərliyi nəinki iştirak edir, həm də bu tədbirlərin təşkilatçısı olur ki, bu da əhali tərəfindən razılıqla qarşılanır.
Rayon icra hakimiyyəti vətəndaşlarla birbaşa təmas mexanizmini də gücləndirib. Hər həftə inzibati binada və müxtəlif yaşayış məntəqələrində qəbul keçirilir, vətən-daşların problemləri yerində dinlənilir və operativ həll olunur. Şəhid ailələri, qazilər, ziyalılar, ağsaqqallar mütəmadi ziyarət edilir. Bayram günlərində şəhid və qazi övladları üçün xüsusi tədbirlər təşkil olunur. 2023-cü il 28 noyabr tarixli sərəncamla yaradılan Qarabağ Universiteti və digər ali məktəblərə qəbul olunan gənclərlə görüşlərin keçirilməsi artıq ənənəyə çevrilib.
…Ağstafanın gələcəyi də bu tempdə davam etsə, yaxın illərdə daha fərqli bir sima qazanacaq. Rayon təkcə abad küçələri ilə yox, həm də daha güclü iqtisadi imkanları ilə seçiləcək. Kəndlərdə yaşayan insanlar üçün iş yerlərinin artması əsas məsələlərdən biri olacaq. Gənclər artıq başqa şəhərlərə üz tutmaq əvəzinə, doğma rayonda qalmağa daha çox üstünlük verəcəklər. Təhsil və texnologiya sahəsində yeniliklər artdıqca, Ağstafa daha müasir bir məkana çevriləcək. Turizm imkanları genişlənsə, bura gələn qonaqların sayı da xeyli artacaq. Sərhəd rayonu olması isə ticarət və logistika baxımından əlavə üstünlüklər yaradacaq. İnsanların gündəlik həyatı bir az da rahatlaşacaq, xırda problemlər tədricən aradan qalxacaq. Köhnə ilə yeninin balansı qorunsa, Ağstafa öz ruhunu itirməyəcək. Ümumilikdə isə belə getsə, rayon sakit, amma özünə güvənən bir inkişaf yolunda olacaq.
Hamlet QASIMOV
XQ-nin Gəncəbasar müxbiri






