Qanadlanan bozqır ruhu

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Qazax şairi Bəxt Bədəlxanın “Qanşengel” kitabına Azərbaycandan bir baxış

Qazax poeziyası çağdaş dönəmdə həm milli duyğuların, həm də böyük Türküstan yaddaşının poetik daşıyıcısı kimi çıxış edir. Bu baxımdan qazax şairi Bəxt Bədəlxanın “Qanşengel” kitabı mənim üçün bir şeir toplusu olmaqdan üstündür; o, bozqır ruhunun, Tanrı dağlarının, Turan yaddaşının və çağdaş insan ağrısının poetik manifestidir. 

Kitabın adının özü – “Qanşengel” – simvolik yüklüdür. Qanlı caynaq, yaxud “qartalın şeşpərtək caynağı” assosiasiyası doğuran bu metafor, əslində, şairin poetik təbiətini açır: o, sözü sığallamaq üçün yazmır, ruhu oyatmaq üçün yazır. Kitabın üz qabığında qanad açmış qartal təsviri də təsadüfi sayılmamalıdır. Burada qartal həm azadlığın, həm də türk mifoloji şüurunun qədim arxetipidir.

Bəxt Bədəlxanın poetik dünyasında ilk diqqət çəkən məqam – onun “mən”inin şəxsi olmaqdan çıxıb, milli və kosmik xarakter daşımasıdır. O, “Mən – Qaradalam”– deyərkən bir coğrafiyadan ötə – bütöv türk ruhunun ağrısını danışır:

Mən – bu Qaradalam:

namusam,

nazam,

naləyəm…

Bəli, burada şair “Qaradala” obrazını ulus ruhunun metafizik simvolu kimi təqdim edir. “Namus”, “naz”, “nalə” ardıcıllığı türk poetik düşüncəsində həm qüruru, həm incəliyi, həm də iç ağrısını eyni poetik nəfəsdə birləşdirir.

Belə bir poetik “mən” Məhtimqulunun, Mağcan Cumabayın, Bəxtiyar Vahabzadənin, Məmməd İsmayılın ruh qardaşıdır. Buradakı “dala” anlayışı sadəcə çöl kimi gəlmədi mənə – məncə, o, yaddaşdır, əxlaq və milli var olmanın kodudur.

Bəxt Bədəlxanın “Mən – bu Qaradalam…”  deməsi əslində, “Mən bu ulu bozqırın özüyəm”, “Mən türk böyük çöl ruhuyam” kimi anlaşılır. Şeirin davamında, Alatau, Tekes, Qulja, Üysintağ, Tenqri dağ sistemi  ilə bağlı işarələr görünür. Bu poetik məkan göstərir ki, “Qaradala” Çin sərhədinə yaxın, qədim Üysün türk mədəniyyət arealına bağlı, İli vadisi və Tanrı dağları çevrəsindəki geniş bozqır dünyasının adıdır.

Başqa sözlə, Qaradala – xəritədə bir bölgə ola bilər, amma poeziyada, yaddaşdır, türk ruhudur, bozqır metafizikasıdır, azadlıq arxetipidir.

Azərbaycan poeziyasında buna müəyyən qədər, “Muğan”, “Mil düzü”,

“Borçalı ruhu”, “Cıdır düzü” kimi simvolik yanaşmalar yaxın sayıla bilər; ancaq “Qaradala”nın qazax şüurunda daha geniş “bozqır sivilizasiyası” anlamı vardır. – Qaradala – ulu Tanrı dağları ilə ulu bozqır arasında nəfəs alan qədim türk ruhunun açıq göyüzü yaddaşıdır.

Kitab boyu tez-tez rast gəlinən “Aspantau”, “Qaradala”, “Alatau”, “Tenqri”, “Aruaq” kimi obrazlar şairin poetikasını türk mifoloji sisteminə sıx surətdə bağlayır. O, çağdaş insanın faciəsini belə qədim ruh qatları üzərindən təqdim edir. Bu baxımdan, Bəxt Bədəlxanın poeziyası çağdaşlıqsonrası (postmodern) ironiyadan çox uzaqdır; o, daha çox “sakral çağdaşlıq (modernizm)” təsiri bağışlayır.

Şairin ana obrazına münasibəti özəlliklə diqqətəlayiqdir. “Ananın janarı” şeirində ana sadəcə qadın və ya ailə simvolu kimi çıxış etmir – o, necə deyərlər, kainatın mənəvi mərkəzidir:

Ananın gözlərində

Gün də var, Ay da…

Bu misrada ana obrazı kosmik miqyas qazanır; ana artıq təkcə ailə olmaqdan çıxıb, belə demək mümkünsə, kainatın mənəvi mərkəzi kimi təqdim olunur. Bu misralar həm də türk düşüncəsində “Ana–Torpaq–Vətən” üçlüyünün poetik davamıdır. Burada ulu Nizami duyğusu, çöl estetikası, çöl nəfəsi qovuşur.

Kitabda diqqət çəkən başqa bir önəmli xətt – sözə qutsal münasibətdir. “Söz Dariğası” poemasında şair sözü az qala metafizik bir qüvvə kimi tanıdır. Burada Abay ruhu açıq duyulur. Mətnin Abayın “Söz düzəldi…” çağırışı ilə başlaması təsadüfi deyil. Şair üçün söz ünsiyyət vasitəsi olmaqdan çox ulusun ruhunu ayaqda saxlayan son qaladır.

Bəxt Bədəlxanın poetik dili son dərəcə energetikdir. O, misraları “yazmır”, sanki “atır”… Əgər belədirsə, “güllələr açılmasın güllər açılsın” yaxud atılsın… Şeirlərdə nəfəs genişdir; bozqırın küləyi, at kişnərtisi, qartal kölgəsi, dağ səssizliyi duyulur. Onun ritmi klassik sillabik şeir sistemi yaxud heca ritmli (heca vəznli, heca əsaslı poetikaya malik…) türk poeziyasından qidalansa da, ifadə sistemi tam çağdaşdır.

Kitabda bir tərəfdən Məhəmbət ruhu, digər tərəfdən Mükağali nostaljisi görünür. Şair Mükağaliyə ithaf etdiyi şeirdə əslində öz poetik taleyini də danışır. Bax, bu, ustada sayğı ilə birgə – poetik soy yaddaşına bağlılıqdır.

“Qanşengel”in mühüm özəlliklərindən biri də, burada vətənçiliyin pafos səviyyəsinə düşməməsidir. Şair vətəni şüarla sevmir, can yanğısı ilə yaşayır. Onun vətən sevgisi siyasilikdən üstündür, ontolojidir. Vətən – onun üçün ruhun doğulduğu məkandır.

Kitabın ön sözünü yazan böyük qazax şairi Oljas Süleymenov də Bəxt Bədəlxanın poeziyasında “uca ruh”, “incə qatlar” və “fəlsəfi dərinlik” gördüyünü xüsusi vurğulayır. Bu qiymətləndirmə təsadüfidirmi? – Əsla, yox. Çünki Bəxt Bədəlxan artıq bir qazax şairi olmaqla yanaşı, ümumtürk poetik məkanında diqqət çəkən imzaya çevrilməkdədir.

Azərbaycan oxucusu üçün “Qanşengel” həm yaxın, həm də yeni gələcəkdir. Yaxındır – çünki onun ruhunda bizim dağlarımızın, sazımızın, Dədə Qorqud nəfəsinin doğmalığı var. Yenidir – çünki Bəxt Bədəlxan çağdaş türk poeziyasına fərqli bir metafizik dinamika gətirir.

Türk poeziyası hələ də nəfəs alır... “Qıy vuran qartallar” hələ də göy üzündədir... – Qazax bavurumun kitabını oxuyarkən belə düşündüm. Düşündüm ki, bəlkə, doğrudan, sözün də caynağı var... Və həmin caynağın bir adı – “Qanşengel”dir. 

Əkbər QOŞALI,
Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı





Mədəniyyət