Beynəlxalq zəlzələ mühəndisliyi yarışında Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin uğuru xüsusi mükafatla qiymətləndirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri zəlzələ mühəndisliyi sahəsində beynəlxalq uğura imza atıblar. Universitetin 6 tələbəsindən ibarət SSIM komandası beynəlxalq 9-cu “Zəlzələyə davamlı bina layihələndirilməsi" müsabiqəsində “Türk Reasürans” xüsusi mükafatına layiq görülüb.

Universitetdən XQ-yə bildirilib ki, zəlzələyə davamlı konstruksiyaların layihələndirilməsi sahəsində dünyanın nüfuzlu platformalarından biri hesab olunan bu yarışma gənc mühəndislərin nəzəri biliklərini real mühəndislik sınaqları ilə yoxlamaq baxımından böyük əhəmiyyət daşıyır. Yarış çərçivəsində komandaların hazırladıqları konstruksiya modelləri real zəlzələ şəraitini imitasiya edən güclü seysmik testlərdən keçirilir.

AzMİU-nun komandası təqdim etdiyi model maketlə üç böyük zəlzələ sınağından uğurla keçərək həm texniki dayanıqlığını, həm də layihənin mühəndislik baxımından yüksək səviyyədə hazırlandığını nümayiş etdirib.

Komandanın yarışa hazırlanması Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru, Mexanika kafedrasının professoru Azər Qasımzadənin, İnşaat fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Emin Nəmətlinin dəstəyi ilə həyata keçirilib. Komandaya elmi rəhbərliyi isə Mexanika kafedrasının dosenti Reyhan Əkbərli edib.

Tələbələr üçün bu yarışmada iştirak yalnız beynəlxalq müsabiqə təcrübəsi deyil, həm də gələcək peşəkar fəaliyyətləri baxımından mühüm inkişaf mərhələsi olub. Yarışma çərçivəsində iştirakçılar zəlzələ təhlükəsi şəraitində dayanıqlı konstruksiyaların layihələndirilməsi, mühəndislik analizləri, risk qiymətləndirilməsi və innovativ struktur həlləri üzrə praktiki bacarıqlarını nümayiş etdirmək imkanı qazanıblar.

Təhsil