Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Şavkat Mirziyoyev Qazaxıstana işgüzar səfəri zamanı Kasım-Jomart Tokayev ilə birlikdə Türküstan şəhərində Özbəkistan şirkəti tərəfindən tikilən yeni məscid kompleksini ziyarət edib.
Dövlət başçılarına məlumat verilib ki, kompleksin ümumi ərazisi 7 hektardan artıqdır. Məscid eyni anda 5 mindən çox insanın ibadət etməsi üçün nəzərdə tutulub. Kompleksə dörd 70 metrlik minarə, geniş ibadət zalı və üçmərtəbəli əsas bina daxildir.
Məscid İslam və Şərq memarlığının ənənələri əsasında inşa olunub. Tikilidə milli ornamentlər, klassik Şərq günbəzləri, hündür minarələr və müasir memarlıq üslubu harmonik şəkildə birləşdirilib. Daxili interyer isə İslam xəttatlığı və müxtəlif dekorativ sənət nümunələri ilə zənginləşdirilib.
Kompleksin ətrafındakı 4,2 hektarlıq ərazidə geniş abadlıq işləri aparılıb. Burada yaşıllıq sahələri, gəzinti yolları, istirahət məkanları, fəvvarələr, dekorativ elementlər və müasir işıqlandırma sistemi yaradılıb.
Bildirilib ki, Özbəkistanın Qazaxıstan xalqına və Türküstan sakinlərinə hədiyyəsi olan bu məscid iki qardaş ölkə arasında dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın rəmzi hesab olunur.
Səfər çərçivəsində “Quran” ayələri səsləndirilib, regionda sülh, sabitlik və xalqlar arasında rifah üçün dualar oxunub.

