Mayın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə dəyərləri” mövzusunda açıq dərs keçirildi.
Mühazirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak etdilər.
Açıq dərsin keçirilməsində əsas məqsəd milli ailə dəyərlərinin təşviqi və ailə institutunun qorunmasında gənclərin rolunun artırılmasıdır.
Tədbir zamanı ali təhsil müəssisəsinin İslamşünaslıq ixtisasının I kurs tələbəsi Rizvan İbrahimli “Ailə: milli-mənəvi kimliyin formalaşdığı ilk məktəb”, Dinşünaslıq ixtisasının III kurs tələbəsi Natavan Həbibova “Ana: dəyərlərin ilk müəllimi və cəmiyyətin görünməyən memarı”, İslamşünaslıq ixtisasının II kurs tələbəsi Fatimə İsrafilova “Ata modeli: məsuliyyət, liderlik və mənəvi nümunə”, Dinşünaslıq ixtisasının III kurs tələbəsi Seyidəli Rzazadə isə “Ekranlar arasında itən ünsiyyət: rəqəmsal dövrdə ailə necə qorunur?” mövzularında təqdimatlarla fikirlərini bölüşdülər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğuladı ki, müasir dövrdə ailə böhranlarının və boşanma hallarının artmasını sadəcə maddi sıxıntılar, fərdlərarası ünsiyyət problemləri və ya rəqəmsallaşma ilə məhdudlaşdırmaq düzgün olmazdı. Problemin kökündə Azərbaycan cəmiyyətinin tarixi mühitinə və mental xüsusiyyətlərinə yad olan zərərli meyillərin daxili mühitimizə sirayət etməsi dayanır. Biz bu qeyri-üzvi təsirləri qəbul etməklə ənənəvi ailə strukturumuzun deqradasiyasına yol açmışıq.
Azərbaycan İlahiyyat İnstitununun rektoru Aqil Şirinov bildirdi ki, müasir dünyada ailə dəyərlərinə qarşı müxtəlif təhdidlər mövcuddur və ənənəvi ailə modeli getdikcə funksionallığını itirir. Bunun əvəzində yeni yanaşmalar ön plana çıxır. 2 ildir həyata keçirilən bu layihə çərçivəsində ailə dəyərləri psixoloji, sosioloji və teoloji aspektlərdən təhlil olunur.
Dosent Müşfiq Ötgün qeyd etdi ki, cari ilin statistik göstəricilərinə əsasən, Azərbaycanda nikahların sayında ən aşağı dinamika qeydə alınıb. Bu tendensiya insan kapitalının zəifləməsinə və əhalinin təbii artım sürətinin azalmasına rəvac verir. Bir çoxları bu gedişatı yalnız iqtisadi amillərlə əlaqələndirməyə meyllidir. Şübhəsiz ki, maddi rifahın və iqtisadi şərtlərin bu prosesdə müəyyən təsiri danılmazdır. Lakin ailə institutu, ilk növbədə, mənəvi dəyərlər üzərində bərqərar olan məsələdir. Təsadüfi deyil ki, iqtisadi cəhətdən az inkişaf etmiş bir çox ölkələrdə ailə modelinin daha sabit qaldığı və doğum faizinin yüksək olduğu müşahidə edilir. Əksinə, dünyanın ən inkişaf etmiş dövlətlərində isə doğum səviyyəsi kəskin şəkildə aşağı düşür və ailədaxili böhranlar getdikcə dərinləşir.
Qeyd olunan fundamental fikirlər fərqli aspektlərdən dəyərləndirildikdən sonra öz uğurlu təqdimatları ilə seçilən tələbələr təşəkkürnamə ilə təltif edildilər.
Fidan ƏLİYEVA
XQ



