Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Goranboy rayonunda son illər bəzi “torpaqsevər” vətəndaşların maraqlı bir məntiqi formalaşmışdı: harda boş torpaq gördünsə, ətrafına bir hasar çək, bir-iki dirək basdır, vəssalam-oldu sənin. Sənəd? Çıxarış? Qanun? “Qağa, əsas hasardı da…”
Elə bil bəziləri düşünürdü ki, torpaq sahəsinin hüquqi statusunu müəyyən edən dövlət reyestri yox, məhz paslı profil boru və tor setkasıdır.
Amma görünür, “Şəhərsalma və Memarlıq ili” çərçivəsində aparılan işlər bu romantik “özəlləşdirmə üsulu”na müəyyən korrektələr edib.
Belə ki, Goranboy rayonunun Aşağı Ağcakənd bələdiyyəsinə məxsus qanunsuz zəbt olunmuş torpaq sahələrində hasarların sökülməsi işləri davam etdirilir. Müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində indiyədək 30 hektar torpaq sahəsi hasarlardan azad olunub.
Məlum olub ki, bəzi şəxslər dövlət və bələdiyyə torpaqlarına elə ürəklə hasar çəkiblər ki, adam baxanda istər-istəməz fikirləşir: yəqin yaxın vaxtlarda “əl vurma, öldürər!” lövhəsi də vuracaqdılar.
Ərazidə aparılan söküntü işləri zamanı maraqlı mənzərələr də yaranıb. İllərlə “mənimdi” deyə “özəlləşdirilən” bəzi torpaqların əslində heç kimə aid olmadığı, sadəcə “birinci hasarlayanındı” prinsipi ilə zəbt edildiyi üzə çıxıb.
Sakinlər isə görülən işləri müsbət qiymətləndirirlər. Onların sözlərinə görə, qanunsuz zəbt hallarının qarşısının alınması həm torpaq münasibətlərində şəffaflığın təmin olunmasına, həm də ümumi abadlıq işlərinə müsbət təsir göstərir.
Bir sözlə, artıq Goranboyda torpaq sahibi olmaq üçün “ə, tez elə setkala” formulası yetərli hesab edilmir. Qanun da var, qayda da.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri






