Girne Amerikan Universiteti ilə memorandum imzalanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

 

Azərbaycan Turizm və Menecment Universitetində Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universitetinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Girne Amerikan Universitetini rektoru professor Dr. Serdar Yurtsever, rektor müşaviri Dr. Celal Sakka, Baş katib Aylin Ayhan, Beynəlxalq tələbə və akademiklər şöbəsinin rəhbəri Dr. Almula Umay Karamanlıoğlu təmsil ediblər.

ATMU-dan isə görüşdə rektor İlham Mədətov, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Emin Quliyev, Beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi İranə Axundova və Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva iştirak ediblər.

Universitetin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı tərəflər iki universitet arasında akademik əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi və turizm təhsili sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

ATMU-nun rektoru İlham Mədətov qonaqları səmimi salamlayaraq universitetdə görməkdən məmnunluğunu ifadə edib. O bildirib ki, beynəlxalq tərəfdaşlıqlar ali təhsil müəssisələrinin inkişafına mühüm töhfə verir və bu cür əməkdaşlıqlar tələbələrin daha geniş imkanlar əldə etməsinə şərait yaradır.Rektor çıxışında beynəlxalq əməkdaşlığın ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynadığını vurğulayaraq, Girne Amerikan Universiteti ilə əlaqələrin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib. O, gələcəkdə ortaq layihələrin və akademik təşəbbüslərin uğurla həyata keçiriləcəyinə inandığını deyib.

Girne Amerikan Universitetinin rektoru isə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, ATMU ilə qarşılıqlı əməkdaşlığın gələcəkdə uğurlu nəticələr verəcəyini bildirib.

Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb

Z.BƏŞİRQIZI
XQ







Təhsil