Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qazaxıstanın paytaxtı Astanada TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik toplantısı keçirilib.
XQ xəbər verir ki, tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də TRACECA-nın Azərbaycan üzrə milli katibi Fariz Əliyev təmsil edib.
Nazir müavini Cavid Qurbanov çıxışında Azərbaycanın TRACECA-da aktiv iştirakını və təşkilatla əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirib. Həmçinin nəqliyyat-logistika sektorunun inkişafı, tranzit prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
İclas çərçivəsində Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb. Sənəd iştirakçı dövlətlərin daşıyıcıları üçün digər üzv ölkələrin ərazilərindən tranzit keçidlər zamanı tələb olunan tranzit icazələrinin sayının azaldılmasına xidmət edəcək. Belə ki, bir tranzit daşınması üzrə bir neçə ölkə üçün ayrıca icazənin alınmasına ehtiyac aradan qaldırılacaq və prosedurlar optimallaşdırılacaq.
TRACECA üzrə əməkdaşlığın genişləndirilməsi və tranzit prosedurlarının sadələşdirilməsi regionda nəqliyyat əlaqələrinin inkişafına, beynəlxalq logistika zəncirlərinin dayanıqlığının artırılmasına və Avropa – Asiya marşrutlarının rəqabət qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.
Toplantı çərçivəsində Nazirliyin Nəqliyyat siyasəti şöbəsinin baş məsləhətçisi Vüqar Orucov təşkilatın fəaliyyətinə verdiyi töhfəyə görə TRACECA döş nişanı ilə təltif edilib.



