Ağ Evin istifadə etdiyi "Faradey çantaları" nədir?

post-img

Mayın 14-də ABŞ prezidenti Donald Tramp rəsmi səfərlə Çində olub. “New York Post” qəzetinin məlumatına görə, səfər zamanı ABŞ nümayəndə heyəti şəxsi telefonlardan istifadə etməyib. Məqsəd mümkün haker hücumlarından və rəqəmsal izlənmədən qorunmaq olub.

Bildirilir ki, Ağ Ev əməkdaşlarının şəxsi cihazları prezidentin istifadə etdiyi Air Force One təyyarəsində xüsusi “Faradey çantaları”nda saxlanılıb. Bu çantalar GPS, Wi-Fi, Bluetooth və RFID daxil olmaqla bütün siqnalları bloklayır və cihazları tam “radio səssizliyi” rejiminə keçirir.

Faraday çantası elektromaqnit siqnallarını bloklayan xüsusi qoruyucu vasitədir. Onun işləmə prinsipi XIX əsr fiziki Maykl Faradeyin hazırladığı “Faradaey qəfəsi” texnologiyasına əsaslanır. Keçirici materialdan hazırlanan bu qoruyucu örtük radio siqnallarını içəri və çölə buraxmır. Beləliklə, telefon zəng qəbul etmir, internet bağlantısı kəsilir, GPS izləmə dayanır və cihazın yeri müəyyən edilə bilmir. Məhz buna görə Faradey çantaları son illərdə kibertəhlükəsizlik sahəsində ən çox danışılan vasitələrdən birinə çevrilib.

Müasir diplomatiya artıq təkcə siyasi deyil, həm də texnoloji təhlükəsizlik məsələsidir. Smartfonlar insanların danışıqları, kontaktları, geolokasiyası və şəxsi məlumatları barədə böyük həcmdə informasiya saxlayır. Xarici səfərlər zamanı isə bu cihazlar potensial kəşfiyyat hədəfinə çevrilə bilər. Kibertəhlükəsizlik mütəxəssislərinin fikrincə, telefon mikrofonu uzaqdan aktivləşdirilə, geolokasiya vasitəsilə şəxsin hərəkət marşrutu izlənilə, Wi-Fi və Bluetooth üzərindən məlumat sızdırıla bilər. Hətta bəzi hallarda söndürülmüş telefonların belə izləmə riski daşıdığı bildirilir. Bu səbəbdən yüksək səviyyəli dövlət nümayəndə heyətləri xarici səfərlərdə xüsusi təhlükəsizlik protokollarından istifadə edir.

№Faradey çantaları"ndan yalnız dövlət qurumları istifadə etmir. Kəşfiyyat və əks-kəşfiyyat strukturları müsadirə edilən telefonların uzaqdan silinməsinin qarşısını almaq üçün bu çantalardan geniş istifadə edir. Telefon şəbəkədən ayrıldıqda cihazdakı məlumatları məsafədən məhv etmək mümkün olmur. Hərbçilər müharibə zonalarında geolokasiya izlənməsindən qorunmaq üçün cihazlarını xüsusi qoruyucu kisələrdə saxlayırlar. Araşdırmaçı jurnalistlər və hüquq müdafiəçiləri həssas görüşlər zamanı dinləmə və izləmə riskini azaltmaq üçün bu texnologiyaya müraciət edirlər.

Son illərdə “keyless” sistemli avtomobillərin oğurlanması hallarının artması da "Faradey çantaları"na marağı artırıb. Oğrular avtomobil açarının siqnalını uzaqdan gücləndirərək maşını aça bilirlər. Faradey çantası isə açarın siqnalını bloklayaraq bu riskin qarşısını alır.

Ekspertlər hesab edirlər ki, gələcəkdə rəqəmsal təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacib olacaq. Bir vaxtlar yalnız xüsusi xidmət orqanlarının istifadə etdiyi Faraday texnologiyası artıq adi istifadəçilərin gündəlik həyatına daxil olur. Bu gün smartfon insanın “rəqəmsal kölgəsi” sayılır. O, harada olduğumuzu, kimlə danışdığımızı, nə aldığımızı və hansı məlumatlarla maraqlandığımızı qeydə alır. Buna görə bəzi insanlar "Faradey çantası"nı, sadəcə, texnoloji aksessuar deyil, şəxsi məxfiliyin müdafiə vasitəsi kimi görür.

ABŞ nümayəndə heyətinin səfər zamanı belə çantalardan istifadə etməsi isə göstərir ki, rəqəmsal casusluq artıq nəzəri təhlükə deyil, dövlət səviyyəsində nəzərə alınan real riskdir.

S.ELAY

XQ

Dünya