Qarabağın yüksəlişinə xidmət edən zəngin təcrübə

post-img

Viləşçayın sahilində, Peştəsər dağ silsiləsinin ətəyində yerləşən axar-baxarlı Kürəkçi kəndi hər zaman özünün tanınmış ziyalıları ilə fəxr edib. Onlardan biri də bu günlərdə 65 yaşı tamam olan Məzahir Əliyevdir.

Kənd məktəbində bir neçə il oxuduqdan sonra orta təhsilini Yardımlı şəhərindəki 1 nömrəli məktəbdə davam etdirənMəzahir Əliyev 1978-ci ildə əlaçı məzun kimi Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olub. Ali təhsilini uğurla başa vuraraq təyinatla Bakıdakı “Azon” zavoduna göndərilib və mühəndis kimi əmək fəaliyyətinə başlayıb. Bacarıqlı mütəxəssis kimi tanınıb və çox keçmədən sex rəisi vəzifəsinə yüksəlib.

Məzahir Əliyev sonrakı illərdə özünün təsis etdiyi “Viləş” MMC-nin baş direktoru olub. Eyni zamanda, BDU-nun hüquq fakültəsində 2-ci ali təhsil alıb. 1995–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə müxtəlif vəzifələrdə çalışıb. Bir ara Maliyyə-İqtisad Kollecində və ADPU-da hüququn əsasları fənnindən dərs deyib.

Gənclik illərindən media qurumları ilə də sıx əlaqə saxlayan, bu sahəyə böyük maraq göstərən Məzahir Əliyev sonrakı dövrdə “Poliqlot” Nəşriyyat-Tərcümə Mərkəzinin icraçı direktoru olub. Mətbuatda ictimai-siyasi mövzularda maraqlı yazılarla çıxış edib. Biz də onu 2004-cü ildən – AZƏRTAC-da hüquqşünas kimi işə başladığı vaxtdan tanıyırıq. Redaksiyamızla İnformasiya Agentliyi o illərdə eyni binada yerləşirdi. Demək olar ki, hər gün görüşürdük. Sadəliyi, səmimiyyəti və özünəxas səliqə-sahmanı ilə redaksiyamızda da hörmət-izzət qazanmışdı. Vəzifəsinin öhdəsindən bacarıqla gələ bilən Məzahir Əliyev, həmçinin agentliyin dünyanın aparıcı media strukturları ilə yaratdığı rəsmi qlobal tərəfdaşlıq münasibətlərinin hüquqi aspektlərinin həllində də fəallıq göstərib. 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Artıq 3 ildir ki, Məzahir Əliyev Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində Regionların İnkişafı və Ərazilərin İdarəolunması Departamentinin müdir müavinidir. Bu xidmət Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılıb və adları çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların, fərdi yaşayış evlərinin tikintisinin təşkili, yaşayış komplekslərinin idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Vaxtaşırı tikintilərin gedişatı ilə bağlı podratçı şirkətlərlə müzakirələr aparılır, hesabatlar dinlənilir və işlərin daha sürətli həyata keçirilməsi üçün tədbirlər görülür. Məzahir Əliyevin təmsil olunduğu departament də işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması, ora qayıdan köçlərin rahatlığının tam təmin olunması, Qarabağda həyatın tam bərpası üzrə məqsədyönlü addımlar atır. Bir qayda olaraq, işinə ciddi yanaşan yubilyar hüquqşünas da üzərinə düşən vəzifləri layiqincə icra etməsi ilə seçilənlərdəndir.

İşi ilə əlaqədar ilk dəfə Qarabağa gedəndə Məzahir müəllim 1994-cü ildə orada igidliklə həlak olmuş həmkəndlisi Cəfər kişinin oğlu Rafiq Əliyevin sərrast bir atıcı kimi vuruşduğu və şəhadətə ucaldığı yerləri başdan-başa gəzdi. Bir daha fəxr etdi ki, işğalda olan torpaqlarımız uğrunda canını qurban verənlərdən biri də sıravi Rafiq olub və onun oxuduğu kənd məktəbi hazırda qəhrəman eloğlusunun adını daşıyır. Şəhid Rafiqin və mərhum əzizlərinin uyuduqları kənd qəbiristanlığında namazgah inşa etdirməsi isə Məzahir Əliyevin doğma el-obaya bağlılığını göstərir.

Başqa bir misal: Heydər Əliyev Fondunun ən yüksək səviyyədə bərpa etdirdiyi Ağdam Cümə Məscidi həm yerli sakinlərin, həm də qonaqların ziyarətinə həvəslə gəldikləri müqəddəs məkandır. Amma heç kəs bilmir ki, ibadət salonundakı 60 ədəd həsir xalçanı muzeyə ürəyinin hökmü ilə Məzahir Əliyev gətirib bağışlayıb. Bu fakt da onun dini-mənəvi dəyərlərə necə rəğbət bəslədiyinə daha bir misaldır.

Gözəl ailə başçısı olan Məzahir Əliyevin 2 oğlu var. Hər ikisi, demək olar ki, onun layiqli ardıcıllarıdır. Aydın polis sistemində işləyir, cinayət-axtarış bölməsində xidmət edir, Əli isə “bp-Azərbaycan”ın mühafizə xidmətində çalışır. Layiqli atanın övladları olmaları ilə qürur duyurlar.

Əli ƏLİYEV
XQ

Sosial həyat