Buxarada keçirilən beynəlxalq konfransa Azərbaycan nümayəndələri də qatılıb

post-img

Qədim Buxara şəhərində keçirilən III Beynəlxalq Qızılı Saplarla Tikmə və Zərgərlik Festivalı çərçivəsində "Ənənəvi tikmə və zərgərlik sənətinin inkişaf perspektivləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda Özbəkistandan başqa dünyanın on ölkəsindən gələn alimlər, bu sahənin mütəxəssisləri iştirak edib.

Ölkəmizi bu tədbirdə Azərbaycan Prezidenti yanında Antiinsihar və istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində İstehlak Mallarının Ekspertizası Mərkəzi direktorunun müavini, Zərgərlər Assosiasiyası İdarə heyəti sədrinin müavini Rövşən Əmircanov, Milli İncəsənət Muzeyinin şöbə müdirləri Sevda Şadlinskaya və Xəyalə İslamova təmsil ediblər.

Tədbirdə Buxara vilayətinin hakimi Batır Zaripov iştirakçıları salamlayıb, artıq üçüncü dəfə keçirilən festival və konfransın əhəmiyyətindən danışıb.

Özbəkistanın "Hunarmand" Assosiasiyasının sədri Rasulcon Mirzəəhmədov deyib ki, Özbəkistanda sənətkarlıq sektorunun inkişafı üçün həyata keçirilən islahatlar nəticəsində "Hunarmand" sisteminin 26 mindən çox üzvü və onların 119 mindən çox şagirdi var. Ölkə üzrə 982 zərgər və 1565 şagird, eləcə də 150 zərgər və 538 şagird bu sektorun inkişafına layiqli töhfələr verir.

Konfransda tikmə, döymə və zərgərlik sənətinin inkişafı ilə bağlı otuza yaxın məruzə dinlənilib.

Tədbirdə Rövşən Əmircanovun “Azərbaycan zərgərlik sənəti: tarixi inkişafı və bədii xüsusiyyətləri”, Sevda Şadlinskayanın “Ənənələr, ekspertiza və əməkdaşlıq: Azərbaycan zərgərlik sənətinin inkişafı”, Xəyalə İslamovanın “Azərbaycan zərgərlik sənəti: tarixi inkişaf və bədii özünəməxsusluq” mövzularındakı məruzələri maraqla qarşılanıb.

Sonra konfrans iştirakçıları Buxaranın qədim tarixi abidələrinə baxıblar.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Buxara









Mədəniyyət